CƏMİYYƏT
Özbəkistanda beynəlxalq debat çempionatının sonuncu mərhələsi keçirilib
Bakı, 11 oktyabr, AZƏRTAC
İslam Əməkdaşlıq Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzinin (İƏGF-ARM) və Özbəkistan Gənclərlə İş üzrə Agentliyinin imzaladığı memoranduma əsasən, hər iki qurumun təşkilatçılığı və Özbəkistan Gənclər İttifaqı, Özbəkistan Gənc İş Adamlarına Dəstək Mərkəzi və Daşkənd Vetsminster Beynəlxalq Universiteti tərəfdaşlığı ilə Daşkənd şəhərində İƏGF-ARM-nin beynəlxalq debat çempionatının növbəti mərhələsi keçirilib.
İƏGF-ARM-dan AZƏRTAC-a bildiriblər ki, bu, Mərkəzin bu il həyata keçirdiyi beynəlxalq debat çempionatı proqramı üzrə son tədbiridir.
Daşkənddə fəaliyyət göstərən Sinqapur Menecment İnkişafı İnstitutu, Vetsminster Beynəlxalq Universiteti, Dostluq Universiteti, Vebster Universiteti, Dövlət Hüquq Universiteti, ümumilikdə səkkiz ali məktəbi təmsil edən, xüsusi istedadı və aktivliyi ilə seçilən komandalar ingilis dilində keçirilən bu debat çempionatında iştirak ediblər.
Tədbirdə əsasən “Süni intellektin inkişafının bəşəriyyətə təsiri”, “Bitkoin və başqa kriptovalyutaların təşviqi”, “İşsizliyin yaranmasına aparan müasir texnologiyalar” və “Texnoloji inkişafın insan həyatına müsbət təsiri” mövzuları ətrafında debatlar aparılıb.
Daşkənd Dövlət Hüquq Universiteti debat çempionatının qalib komandası seçilərək mükafatlarla təltif olunub, o cümlədən bu yaxınlarda keçirilməsi nəzərdə tutulan beynəlxalq debat çempionatında iştirak etmək hüququ əldə edib. Çempionatın “ən yaxşı” spikeri xüsusi hədiyyə ilə təltif olunub.
Tədbirin sonunda İƏGF-ARM-nin əməkdaşı Aydan Bağırlı qurumun Baş direktoru vəzifələrini icra edən Vüsal Qurbanov adından qalib və xüsusi fəallıq göstərən gənc iştirakçılara ünvanlanan təbrik məktubunu oxuyub.
İƏT məkanında gənclərin intellektual səviyyəsinin və liderlik bacarıqlarının artırılması məqsədi daşıyan bu beynəlxalq layihə ilk olaraq ölkələr üzrə milli mərhələdə keçirilir. Sonra hər ölkədən qalib olmuş komandaların iştirakı ilə beynəlxalq yarış baş tutur. İƏGF-ARM-nin təşəbbüsü ilə bu layihə milli səviyyədə ilk dəfə bu ilin fevralında Azərbaycanda keçirilib. Azərbaycanda qazanılmış təcrübə əsasında növbəti aylarda bu yarışların digər ölkələrdə də İƏGF ARM tərəfindən təşkili qərara alınıb.
Qeyd olunub ki, bu il ərzində debat çempionatları Azərbaycan, Tatarıstan (Rusiya), Qırğızıstan və Qazaxıstanda olub.