SİYASƏT
Özbəkistanda mətbuat və kütləvi informasiya vasitələri işçiləri günündə Azərbaycan jurnalistləri təltif olunub VİDEO
Bakı, 23 iyun, AZƏRTAC
“Fairmont Baku” otelində Özbəkistanda iyunun 27-də qeyd olunan Mətbuat və Kütləvi İnformasiya Vasitələri İşçiləri Günü ilə əlaqədar Özbəkistan-Azərbaycan münasibətlərinin inkişafına töhfə verən Azərbaycan KİV-lərinin təmsilçilərinin təltifolunma mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbiri Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov açıb. O qeyd edib ki, mərasim əlamətdar dövrdə - təkcə Azərbaycan xalqının deyil, bütün Türk dünyasının görkəmli şəxsiyyəti, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinin geniş qeyd edildiyi ildə keçirilir. Səfir Özbəkistanda Mətbuat və Kütləvi İnformasiya Vasitələri İşçiləri Gününün yaranması tarixindən danışıb, Özbəkistan mətbuatının hazırkı vəziyyəti barədə məlumat verib.
Diplomatik missiyanın başçısı KİV-ləri dəstəkləmək sahəsində Azərbaycanın uğurlarını vurğulayaraq deyib: “Biz bu istiqamətdə həyata keçirilən mühüm islahatları, o cümlədən KİV-ləri inkişaf etdirmək və onlara hər cür dəstəyin göstərilməsi üçün nəzərdə tutulan “Media haqqında” Qanunun qəbulunu və Medianın İnkişafı Agentliyinin yaradılmasını alqışlayırıq”.
Bahrom Aşrafxanov Azərbaycan jurnalistlərinin fəaliyyətini yüksək qiymətləndirib. “Azərbaycan jurnalistlərinin öz həyatları bahasına vəzifələrini yerinə yetirmələri halları tarixin yaddaşındadır. Bu planda öz işləri naminə, ədalət naminə, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü naminə canlarını qurban verən Çingiz Mustafayevin, Məhərrəm İbrahimovun, Sirac Abışovun və digər KİV işçilərinin nurlu xatirəsini yad etmək istərdim”, - deyə o əlavə edib.
Özbəkistanlı diplomat bildirib ki, qardaş Özbəkistan və Azərbaycan arasında münasibətlərin inkişafında KİV-lər mühüm rol oynayır: “Özbəkistan, Azərbaycan və bütövlükdə beynəlxalq ictimaiyyət ölkələrimiz arasında əlaqələrin necə sürətlə inkişaf etməsini, Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana ötənilki üç səfərinin necə keçməsini, eləcə də cari ilin mart ayında Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Bakıya səfərinin necə yüksək səviyyədə keçməsini siz jurnalistlər sayəsində öyrənib. Ümid edirəm ki, Özbəkistan və Azərbaycan arasında qarşıdakı yüksək və ali səviyyələrdə bütün təmaslar da geniş əhatəli işıqlandırılacaq”.
B.Aşrafxanov cari il aprelin 30-da Özbəkistan Konstitusiyasının yenilənməsi ilə bağlı keçirilən ümumxalq referendumunu işıqlandıran Azərbaycan jurnalistlərinin əməyini ayrıca qeyd edib: “Əminəm ki, iyulun 9-da Özbəkistanda keçiriləcək prezident seçkilərinin işıqlandırılması da eyni fəallıqla keçəcək. Bu siyasi tədbir həm bizim üçün, həm də bütün Türk dünyası üçün müstəsna əhəmiyyət kəsb edir, çünki seçkilərin nəticələri Özbəkistan dövlətinin daxili və xarici siyasətini müəyyən edəcək, respublikamızla Azərbaycanın xüsusi yer tutduğu xarici dövlətlər arasında əlaqələrin inkişafının zəmanətinə çevriləcək”.
Sonra Özbəkistan və Azərbaycan arasında qardaşlıq əlaqələrinin inkişafına töhfə verən KİV-lərə və jurnalistlərə təşəkkürnamə, xatirə hədiyyələrinin təqdimetmə mərasimi olub.
Özbəkistan-Azərbaycan münasibətlərinin inkişafına verdiyi töhfəyə, iki ölkə arasında yüksək və ali səviyyələrdə təmaslarla bağlı bütün mühüm xəbərlərin operativ işıqlandırılmasına görə Azərbaycan Dövlət İnformasiya Agentliyinə - AZƏRTAC-a təşəkkürnamə təqdim edilib.