İQTİSADİYYAT
Özbəkistandan Türkiyəyə gedən növbəti konteyner blok qatarı Bakı Limanına çatıb
Bakı, 18 fevral, AZƏRTAC
Özbəkistanın Buxara şəhərindən Türkiyənin Mersin şəhərinə istiqamət götürən 62 konteynerdən ibarət növbəti blok qatarı Bakı Limanına çatıb.
“ADY Konteyner” MMC-dən AZƏRTAC-a bildirilib ki, blok qatar 40 futluq konteynerlərdən ibarətdir. Konteynerlərdə Türkiyəyə kimya sənayesi məhsulları və gübrə daşınır. Qatar Türkmənbaşı limanından Bakı limanına “Mahmud Rəhimov” fider gəmisi vasitəsilə çatdırılıb. Burada konteynerlər aşırılaraq platformalara yüklənəcək, daha sonra isə Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə Türkiyəyə yola salınacaq.
Layihə “Asiya və Sakit okean regionu-Çin-Qırğızıstan-Özbəkistan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə-Avropa nəqliyyat marşrutu” çərçivəsində həyata keçirilir. Marşrut üzrə yükdaşımaların həcmi ötən il 2020-ci ilə nisbətən 101 faiz artıb.