DÜNYA
Özbəkistanin cənubunda Tunc dövrünə aid möhürlər tapılmışdır
Daşkənd, 25 aprel (AZƏRTAC). Özbəkistanın Surxandərya vilayətinin Şerabad vadisində özbək alimləri alman həmkarları ilə birgə arxeoloji qazıntı apararkən Tunc dövrünə aid olan qiymətli tapıntı aşkar etmişlər. Bunların arasında möhürlər xüsusi yer tutur.
Alimlər tapılan əşyaları tədqiq edərkən belə qənaətə gəlmişlər ki, Hindistan, Mesopotamiya və Tilla Bulak sivilizasiyaları arasında mədəni əlaqələr mövcud olmuşdur. Alimlər, həmçinin bu qənaətə gəlmişlər ki, Özbəkistanın cənubunda qədim şəhərlər bizim eradan əvvəl XVII-XVI əsrlərdə deyil, ondan da 300 il əvvəl yaradılmışdır.
Möhürlərlə əlaqədar professor Ş.Şaydullaev demişdir ki, tapıntılar arasında elm aləmi üçün böyük maraq kəsb edən 4 möhür xüsusilə diqqəti cəlb edir. Bu möhürlər hazırlanma texnikası və forması ilə bu vaxta qədər tapılmış möhürlərdən çox fərqlənir. Möhürlərdən biri ağ daşdan hazırlanmışdır, iri həcmi və rəsmlərinin zənginliyi ilə nəzəri cəlb edir. Digər möhür taxtadan hazırlanmışdır və yaxşı mühafizə olunmuşdur. Mərmərdən hazırlanmış qartal şəkilli möhürü qədim zamanlarda həmayil kimi boyundan asırmışlar. Möhürün arxasında insan, ağac və it fiqurları təsvir edilmişdir. Altıbucaqlı ulduz formasında olan dördüncü möhür isə maraqlı tapıntıdır və qədim dövrlərə aiddir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd