PAKİSTAN ORDUSU CƏNUBİ VƏZİRİSTANDA TALİBLƏRİN ŞİDDƏTLİ MÜQAVİMƏTİ İLƏ QARŞILAŞMIŞDIR
Bakı, 19 oktyabr (AZƏRTAC). Böyük Britaniyanın “Sky News” televiziya kanalının məlumatına görə, oktyabrın 18-də Pakistanın nizami ordu hissələri Cənubi Vəziristana aparan bütün yolları nəzarətə götürmüşdür. Müdafiə Nazirliyinin nümayəndəsi bildirmişdir ki, əməliyyatın birinci hissəsinin əsas vəzifələrindən biri Şimali Vəziristan və Əfqanıstandan yerli taliblərə kömək göstərilməsinin qarşısını almaqdır.
Buna baxmayaraq hökumət qüvvələri genişmiqyaslı hücumun ikinci günü talib dəstələrinin və “Əl-Qaidə” silahlılarının şiddətli müqaviməti ilə rastlaşmışdır. Baş qərargahın bildirdiyinə görə, əsas döyüşlər Şarvanq rayonunda məsudçu taliblərlə aparılır. Məsudçuların mənsub olduğu qəbilə Cənubi Vəziristanda ən böyük və nüfuzlu sayılır. Hazırda Pakistan hərbi hava qüvvələri silahlıların mövqelərini güclü bombardman edirlər. Lakin, quru qoşunları hissələri sıx meşələri olan mürəkkəb dağlıq ərazidə çox çətinliklə irəliləyə bilirlər. Döyüşlərdə indiyədək 20 talib öldürülmüş, ordu isə 5 hərbi qulluqçusunu itirmişdir.
Pakistanın hərbi dairələrindən alınan məlumata görə, hücum dekabrın ortalarınadək -bu ərazilərə qar yağanadək davam edəcəkdir. Hazırda taliblərin 5 möhkəmlənmiş istehkamı ələ keçirilmiş, Spinkair-Raqcay yaşayış məntəqəsi nəzarətə götürülmüşdür. Yerli taliblərin hazırki lideri Hakimulla Məsudun vətəni olan Kotkai qəsəbəsinə gedən yolda blok-post yaradılmışdır.
Oktyabrın 17-də başlanan hərbi əməliyyatda 30 min əsgər və zabit iştirak edir. Onlara yerli məsudçu taliblər, “Əl-Qaidə” silahlı dəstələri, habelə yenidən bərpa olunmuş özbək radikal qruplaşmalarından ibarət təxminən 15 minlik yaxşı silahlanmış hərbi birləşmələr müqavimət göstərir.