CƏMİYYƏT
Pakistan vətəndaşlarına tətbiq edilən çoxdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün tutulan rüsum dərəcəsi müəyyənləşib

Bakı, 21 oktyabr, AZƏRTAC
Pakistan İslam Respublikasının vətəndaşlarına tətbiq edilən çoxdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün tutulan rüsum dərəcəsi müəyyən edilib.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-0a bildiriblər ki, Baş nazir Əli Əsədov bu barədə Qərar imzalayıb.
Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” Qanununun 17.6-1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 20 dekabr tarixli 489 nömrəli Qərarı ilə “Azərbaycan Respublikasına səfər edən əcnəbilərə çoxdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün tutulan dövlət rüsumunun dərəcəsinin həmin əcnəbilərin vətəndaşı olduğu ölkələrdə Azərbaycan Respublikasının vətəndaşlarına münasibətdə tutulan rüsum səviyyəsində müəyyən olunduğu ölkələrin Siyahısı” təsdiq edilib.
Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında mövcud yaxın dostluq və strateji tərəfdaşlıq əlaqələrini, iki ölkənin siyasi baxımdan həssas məsələlərdə bir-birinə göstərdiyi dəstəyi, eləcə də iqtisadi-ticarət sahəsində əməkdaşlığın dərinləşdirilməsi üçün atılan addımları və bu mənada xüsusi əhəmiyyət kəsb edən qarşılıqlı səfərlərin əhəmiyyətini nəzərə alaraq, yuxarıda qeyd edilən Siyahıya Pakistan İslam Respublikasının əlavə edilməsi məqsədəuyğun hesab olunub.
Bu Qərar Pakistan İslam Respublikası vətəndaşlarına münasibətdə tətbiq edilən çoxdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün tutulan dövlət rüsumunun dərəcəsinin qarşılıqlı olaraq Pakistan tərəfindən Azərbaycan Respublikası vətəndaşlarına münasibətdə tətbiq edilən çoxdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün tutulan rüsum dərəcəsinin səviyyəsində müəyyən edilməsini tənzimləyir.