PAKİSTANDA “HEYDƏR ƏLİYEV: AZƏRBAYCANIN MİLLİ RƏHBƏRİ” KİTABININ TƏQDİMAT MƏRASİMİ KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Pakistandakı səfirliyi mayın 10-da İslamabadın “Marriott” mehmanxanasında ümummilli lider Heydər Əliyevin 85 illik yubileyi münasibətilə konfrans keçirmişdir.
Səfirlikdən verilən məlumatda bildirilir ki, Pakistanın dövlət rəsmilərinin, siyasi partiya rəhbərlərinin, elm və mədəniyyət xadimlərinin, diplomatların, jurnalistlərin iştirak etdikləri tədbirdə Azərbaycanın bu ölkədəki səfiri Eynulla Mədətli müasir Azərbaycan dövlətçiliyinin qurulmasında, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasında ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən danışmış, dünya miqyaslı strateji layihələrin işlənib hazırlanması və həyata keçirilməsində ulu öndərin gördüyü işlərdən bəhs etmişdir.
“Heydər Əliyev - İslam dünyasının görkəmli liderlərindən biri kimi” mövzusunda çıxış edən “Pakistan Observer” qəzetinin baş redaktoru Zahid Malik dahi şəxsiyyət Heydər Əliyevin müsəlman dünyası arasında əlaqələrin inkişafında rolundan danışmış, məhz ulu öndərin yeritdiyi uzaqgörən siyasətin nəticəsində Azərbaycanın dünyada tanındığını bildirmiş, Azərbaycan Prezidenti İlham Əliyevin dahi şəxsiyyət Heydər Əliyevin siyasi xəttini davam etdirməsi nəticəsində 2005-ci ildə “Azərbaycan ən yaxşı idarə olunan müsəlman ölkəsi” mükafatına layiq görüldüyünü diqqətə çatdırmışdır.
Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşlərini yada salan Z.Malik Bakıda Heydər Əliyev Fondunda sərgilənən eksponatlar barədə heyrətlə danışmışdır.
“Heydər Əliyev - bir millət, iki dövlət konsepsiyası” mövzusunda çıxış edən Türkiyənin Pakistandakı səfiri Engin Soysal Heydər Əliyevin nəinki türk xalqlarının lideri, hətta dünyanın dahi şəxsiyyətlərindən biri olduğunu qeyd etmişdir. Diplomat Azərbaycanın türkdilli dövlətlər və Pakistanla siyasi-iqtisadi əlaqələrinin dərinləşməsində, xalqlarımız arasında dostluq və qardaşlıq münasibətlərinin inkişaf etdirilməsində göstərdiyi əvəzsiz xidmətlərdən danışmışdır. Azərbaycan ilə Türkiyənin “Bir millət, iki dövlət” prinsipi ilə daha da sıx birləşməsinin təməlini qoyan ulu öndərin türk xalqı və dövləti tərəfindən daim yad edildiyini, bu gün Türkiyənin hər yerində Heydər Əliyevin 85 illik yubileyinin təntənə ilə qeyd olunduğunu vurğulamış, onun Azərbaycan tarixindəki rolunu Mustafa Kamal Atatürkün Türkiyədə fəaliyyəti qədər çox dəyərli olduğunu bildirmişdir.
Heydər Əliyevi keçmiş SSRİ-nin nüfuzlu liderlərindən biri kimi xarakterizə edən Rusiyanın Pakistandakı səfiri Sergey Peskov bu dahi şəxsiyyəti digərlərindən fərqləndirən və səciyyələndirən cəhətlərdən bəhs etmiş, onu bacarıqlı, qabiliyyətli, savadlı, dünya görüşlü, insanpərvər bir dövlət xadimi kimi təqdim etmişdir. Heydər Əliyevi bir dövlət xadimi kimi səciyyələndirən və bir çoxlarında olmayan cəhətlərdən birinin məhz vaxtında və anında lazımı qərarları qəbul etməsi olduğunu bildirən S.Peskov buna misal olaraq, Çernobl faciəsi zamanı insanların həyatının xilas edilməsi, tikintisi yarımçıq qalmış Baykal-Amur magistralı layihəsinin həyata keçirilməsi və digərlərini göstərmişdir. Vaxtilə Bakıda yaşadığını xatırlayan səfir ulu öndər Heydər Əliyevlə bağlı xatirələrini konfrans iştirakçıları ilə bölüşmüşdür.
Pakistan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Xalid Mahmud ölkələrimizin əlaqələrindən danışmış, iki dost və qardaş dövlət arasında münasibətlərin bugünkü həsəd aparılacaq bir səviyyəyə çatmasında Heydər Əliyevin böyük rolu olduğunu bildirmişdir.
Pakistan Senatının xarici əlaqələr komitəsinin sədri, senator Müşahid Hüseyn Seyid bugünkü dünyanın özəl dayaqlarının - istər siyasi, istərsə də iqtisadi və mədəni dayaqlarının məhz Heydər Əliyev dühasında olan şəxslərin mövcudluğuna söykəndiyini, onların həyat və fəaliyyətlərindən, əldə etdikləri dövlətçilik təcrübələri və bacarıqlarından bir çox dövlət rəhbərləri və siyasi xadimlərin indi də faydalandığını qeyd etmişdir. Natiq Heydər Əliyevin Azərbaycanda qoyduğu dövlətçilik təməlinin bütün region xalqları və dövlətləri üçün əhəmiyyətli olduğunu vurğulamışdır.
X X X
Həmin gün “Marriott” mehmanxanasında Azərbaycan səfirliyinin hazırladığı və nəfis şəkildə urdu dilində çap olunan “Heydər Əliyev: Azərbaycanın milli rəhbəri” kitabının təqdimat mərasimi keçirilmişdir.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun ön söz yazdığı və eyni zamanda ingilis dilində əhatəli xülasə və fotoşəkillərlə tamamlanmış bu kitab tədbir iştirakçılarına təqdim edilmişdir.
Sonda ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film nümayiş etdirilmişdir.
######
