Pakistanda şaxtalı və qarlı hava nəticəsində azı 35 nəfər ölüb


Bakı, 5 mart, AZƏRTAC
Həftə sonu Pakistanın ucqar ərazilərində şaxtalı hava və gözlənilməz qar yağması nəticəsində ən azı 35 nəfər ölüb, onlarla insan xəstəxanalara çatdırılıb.
AZƏRTAC BBC telekanalına istinadla xəbər verir ki, Pakistanın təbii fəlakətlərin idarə edilməsi orqanlarının bildirdiyinə görə, ölənlər arasında 22 uşaq da var, onların çoxu torpaq sürüşməsi zamanı uçan evlərdə həlak olub. Ekstremal hava şəraiti Pakistanın şimal və qərb bölgələrini vurub, yollar bağlanıb və yüzlərlə evə ziyan dəyib.
Mart ayında Pakistana qar yağması meteoroloqları təəccübləndirib. Ölkənin Meteorologiya Departamentinin keçmiş direktoru Müştaq Əli Şah qeyri-adi hava şəraitini iqlim dəyişikliyi ilə əlaqələndirib.
Meteoroloqların sözlərinə görə, son günlər qərbdən gələn soyuq hava kütləsi Əfqanıstan, Pakistan və Hindistanın şimal-qərbinə həddindən artıq soyuq, güclü qar və leysan yağışı gətirir.
Pakistanın Meteorologiya Departamenti həftəlik proqnozunda bildirib ki, bu həftənin qalan günlərində ölkənin əksər bölgələrində “əsasən soyuq və quru hava” gözlənilir, baxmayaraq ki, Bəlucistan və Kəşmirin bəzi bölgələrində “təpələrə qar yağacağı” ehtimal olunur.