Pandemiya səbəbindən Azərbaycanda qalan Səudiyyə Ərəbistanı vətəndaşları üçün hər cür şərait yaradılıb
Bakı, 13 aprel, AZƏRTAC
Səudiyyə Ərəbistanından olan jurnalist yeni növ koronavirusun yayılmasının qarşısının alınması üçün görülən qabaqlayıcı tədbirlər çərçivəsində aviareyslərin dayandırılmasından sonra Krallığın Azərbaycanı tərk edə bilməyən 163 vətəndaşının vəziyyəti ilə tanış olub.
Səudiyyə Ərəbistanının Azərbaycandakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, həmin vətəndaşlar Bakıdakı “Fairmont” otelində rahat otaqlarda yerləşdiriliblər. Səfirlik Səudiyyə Ərəbistanı vətəndaşlarından əlavə, 5 bəhreynli qonağı da öz hesabına oteldə yerləşdirib. Qeyd olunub ki, onlar yollar açılanadək burada qalacaqlar. Həmin vətəndaşların işlərinə nəzarət etmək üçün oteldə səfirliyin 24 saat işləyən müvəqqəti bürosu təşkil olunub.
Jurnalistlə söhbətində səudiyyəli turist İbrahim əl-Hərbi bildirib ki, Azərbaycana səfər etməkdən xüsusi bir zövq alıb. O, Azərbaycanda gördüyü qonaqpərvərlik və xalqın mehribanlığından razılığını ifadə edib. Onun sözlərinə görə, aviareyslərin dayandırılması səbəbindən Krallığa dönə bilməsələr də, səfirlik tərəfindən burada onlar üçün yaxşı şərait yaradılıb.
Digər turist Həsən Tuhəri qeyd edib ki, o, həyat yoldaşı və iki azyaşlı qızı ilə birgə Azərbaycana gəlib. Onlar Azərbaycanın gözəlliklərinə, tarixi və təbiətinə heyran qalıblar. Qeyd edib ki, onlar Krallıqdakı yaxınları və doğmaları ilə tez-tez əlaqə saxlayır, bu qardaş ölkədə özlərini qəriblikdə hiss etmirlər.
Oteldəki digər səudiyyəlilər də ikinci vətən hesab etdikləri Azərbaycanda olmaqlarından razılıqlarını bildiriblər. Onlar qlobal pandemiyanın başa çatmasından sonra Azərbaycanın dilbər guşələri ilə daha yaxından tanış olmaq istəklərini dilə gətiriblər.