MƏDƏNİYYƏT
Parisdə azərbaycanlı rəssamların “Dayanıqlı baxış: daha yaşıl gələcək naminə incəsənət” adlı sərgisi açılıb VİDEO
Paris, 29 noyabr, AZƏRTAC
Azərbaycanın Fransadakı səfirliyinin Mədəniyyət Mərkəzində “Dayanıqlı baxış: daha yaşıl gələcək naminə incəsənət” adlı sərgi açılıb.
AZƏRTAC xəbər verir ki, sərginin açılış mərasimində çıxış edən səfir Leyla Abdullayeva Prezident İlham Əliyevin Sərəncamı ilə 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan olunmasının əhəmiyyətindən danışıb. Bildirib ki, bu Sərəncam Azərbaycanın ekoloji problemlərin həllinə sadiqliyini əks etdirir və iqlim dəyişikliyinin aradan qaldırılması üzrə qlobal səylərdə ölkəmizin böyük rol oynadığını vurğulayır. Həmçinin iqlim dəyişikliyi ilə daha fəal mübarizə aparmaq məqsədi daşıyır.
Leyla Abdullayeva diqqətə çatdırıb ki, səfirliyin təşkil etdiyi bu sərginin məqsədi ekoloji problemlər haqqında məlumatlılığı artırmaq və Azərbaycanın davamlı gələcəyə sadiqliyini vurğulamaqdır. Təqdim olunan əsərlər Azərbaycanın zəngin mədəni irsindən və müxtəlif təbiət mənzərələrindən ilhamlanaraq yaradılıb. Bu əsərlər vasitəsilə ətraf mühitin mühafizəsini təbliğ edən və Azərbaycanın təbiət mənzərələrinin gözəlliyini tərənnüm edən mesajlar verilir.
Tədbirdə çıxış edən rəssamlar Xanlar Əsədullayev və Çinarə Bakşiyev-Qafarova bildiriblər ki, Parisdə dünyanın diqqətini iqlim dəyişikliyi, təbiətin qorunması və yaşıl dünyanın vacibliyinə yönəltmək üçün bir araya gəlmək böyük əhəmiyyət daşıyır. Sərgidə nümayiş olunan əsərlər Azərbaycan təbiətinə və mənzərələrinə həsr olunub. Bu sənət əsərləri insanın təbiətlə harmoniya içində yaşamasının mümkünlüyünü və vacibliyini vurğulayır. İqlim dəyişikliyi bütün dünyaya təsir edən bir çağırışdır.
Qeyd olunub ki, COP29 kimi beynəlxalq tədbir də bu mübarizədə qlobal həmrəyliyin zəruriliyini xatırladır. Beynəlxalq tədbirlər vasitəsilə Azərbaycan incəsənəti dünya miqyasında təqdim edilməklə yanaşı, təbiətin qorunması ilə bağlı ümumbəşəri çağırışlara da səs verilir. Təbiəti qorumaq və ona sevgi ilə yanaşmaq hər birimizin missiyasıdır.
Tədbirdə qonaqlar rəssamların yaradıcılıq prosesini kəşf etmək və əsərlərində əksini tapan ekoloji mövzuları araşdırmaq üçün onlarla ünsiyyət qurmaq imkanı əldə ediblər. Bu interaktiv təcrübə zəngin müzakirələrə, eləcə də incəsənət və ətraf mühit haqqında məlumatlılığın daha yüksək qiymətləndirilməsinə kömək edib.
Sərgidə Xalq rəssamı Sakit Məmmədovun, eləcə də Xanlar Əsədullayev, Aqşi Kazımova, Nihad Ağazadə, Çinarə Bakşiyeva-Qafarova, Mahir Qafarov, Aynur Məmmədova və Məryəm Abdullanın əsərləri nümayiş olunub.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris