DÜNYA
Parlament Məclisinə Qazaxıstan Xalqları Assambleyasından irəli sürülmüş deputatlar seçilmişlər
Astana, 17 yanvar (AZƏRTAC). Yanvarın 16-da Astanadakı “Sülh və həmrəylik” sarayında ölkədəki etnik azlıqları birləşdirən Qazaxıstan Xalqları Assambleyasının (QXA) 18-ci növbədənkənar sessiyası keçirilmişdir.
Sessiyada Konstitusiyaya uyğun olaraq, ölkə parlamenti Məclisinə QXA-dan irəli sürülmüş 9 deputat seçilmişdir. Beləliklə, ölkədə yaşayan etnik azlıqların nümayəndələri də parlamentdə təmsil olunmaq hüququ qazanmışlar.
Astana Şəhəri Seçki Komissiyasının sədri Marat Aubakarov sessiyada bildirmişdir ki, QXA-dan irəli sürülmüş namizədlər - Jumatay Aliev - 307, Murat Axmadiev - 303, Eqor Kappel -308, Roman Kim - 308, Axmed Muradov - 308, Nadejda Nesterenko - 299, Zuxra Sayapova - 300, Yuri Timaşenko - 305, Rozakul Xalmuradov isə 306 səs qazanaraq Qazaxıstan parlamenti Məclisinə deputat seçilmişlər. Onun sözlərinə görə, Komissiyada 390 seçici qeydə alınmış, onların 335-i səs vermişdir.
Qazaxıstan Prezidenti, QXA-nın sədri Nursultan Nazarbayevin sözlərinə görə, Assambleyadan Məclisə artıq ikinci dəfədir ki, deputatlar seçilir. Bu isə ölkəmizdə milli azlıqlara və demokratik dəyərlərə hörmətlə yanaşılmasından xəbər verir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Astana