ELM VƏ TƏHSİL
Pedaqoji kadrların ixtisasartırma təlimləri davam edir

Bakı, 21 oktyabr, AZƏRTAC
Təhsil İnstitutunun Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzi tərəfindən təşkil olunan “Pedaqoji kadrların ixtisasartırma təlimini həyata keçirən kadrların təkmilləşdirilməsi” proqramı çərçivəsində təlimçi hazırlığı təlimləri davam edir.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, budəfəki təlimlər "Sinfin idarə edilməsi" mövzusuna həsr olunub. Təlimlərdə iştirakçılar sinfin səmərəli idarə olunmasını təmin etmək və şagird nailiyyətlərini yüksəltmək üçün bir sıra praktik üsullardan istifadə qaydaları ilə tanış olublar.
Eyni zamanda, iştirakçılar qayda və prosedurların tərtibi, sinfin idarə olunmasına müəllim-şagird, müəllim-valideyn münasibətlərinin təsiri, səmərəli sinif idarəçiliyi üçün dərsin gündəlik planlaşdırılmasında nələrə diqqət yetirmək lazım olduğu ilə bağlı biliklər əldə ediblər və təlim ərzində qazandıqları bilikləri praktikada nümayiş etdiriblər.