PEKİNDƏ 28 MAY – RESPUBLİKA GÜNÜ QEYD OLUNMUŞDUR
AZƏRTAC xəbər verir ki, Azərbaycan Xalq Cümhuriyyətinin 90 illiyi münasibətilə ölkəmizin Çin Xalq Respublikasındakı (ÇXR) səfirliyi tərəfindən Pekinin “Swissotel” mehmanxanasında təntənəli ziyafət təşkil edilmişdir.
Azərbaycanın ÇXR-dəki səfiri Yaşar Əliyev dövlətimizin xarici siyasətinin dünyanın bütün ölkələri ilə dostluq və əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsinə yönəldiyini qeyd etmiş, ölkəmizin dünyada təhlükəsizliyinin təmin olunmasına böyük töhfə verdiyini diqqətə çatdırmışdır.
Azərbaycan ilə Çinin ikitərəfli əlaqələrinə toxunan səfir, Azərbaycanın Çini özünə dost hesab etdiyini bildirmiş, ölkəmizin Çin ilə müxtəlif sahələrdə əməkdaşlığının genişləndirilməsinə böyük əhəmiyyət verdiyini vurğulamışdır.
Tədbirdə qonaqlara səfirliyin nəzdində fəaliyyət göstərən “Şuşa” Mədəniyyət Mərkəzi tərəfindən hazırlanmış Azərbaycan tarixini və mədəniyyətini əks etdirən filmin diskləri, kitablar, jurnallar və şəkillər, o cümlədən “Azərbaycan nağılları” adlı kitablar paylanmışdır.
Ziyafətdə Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq İdarəsinin rəis müavini Çen Fensyan, Çin-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Ley İnçen və cəmiyyətin sədr müavini Can Qotsyan, ÇXR Xarici İşlər, İqtisadiyyat, Mədəniyyət, Təhsil nazirliklərinin məsul işçiləri, Çinin aparıcı şirkətlərinin rəhbərləri, Çində akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, yerli və xarici kütləvi informasiya vasitələrinin əməkdaşları, Pekində təhsil alan azərbaycanlı tələbələr və iş adamları iştirak etmişlər.
######
![]() |
![]() |

