Pensiyaçılar üçün hüquqi maarifləndirmə və mədəni istirahət tədbiri təşkil edilib
Bakı, 9 iyun, AZƏRTAC
Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən ahıl şəxslər üçün hüquqi maarifləndirmə və mədəni-istirahət proqramı təşkil olunub.
Bu barədə AZƏRTAC-a fonddan məlumat verilib.
Bildirilib ki, tədbir Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) tərəfindən elan edilmiş “İnsan Hüquqları Aylığı” çərçivəsində ahıl şəxslərin hüquqları ilə bağlı maarifləndirilməsi, onların sosial rifahının dəstəklənməsi və ictimai həyatda fəal iştiraklarının artırılması məqsədilə keçirilib.
Görüş zamanı iştirakçılara sosial müdafiə, pensiya təminatı, sosial xidmətlər, vətəndaş hüquqları və digər aktual məsələlər barədə ətraflı məlumat verilib, onların sualları cavablandırılıb.
Daha sonra pensiyaçıların asudə vaxtının səmərəli təşkili məqsədilə "Park Cinema" kinoteatrlar şəbəkəsində Hacı Zeynalabdin Tağıyev haqqında bədii filmin nümayişi təşkil olunub. Filmi DSMF-nin müxtəlif kateqoriyalardan olan 80-dən çox benefisiarı, o cümlədən ahıl şəxslər üçün sosial xidmət müəssisəsinin 30-a yaxın sakini izləyib.
Gələcəkdə də bu istiqamətdə tədbirlərin təşkilinin davam etdirilməsi nəzərdə tutulur.