Peşə bayramını qeyd edən travmatoloq: Həyatlarını xilas edə bilmədiyimiz cavan xəstələr bizə ağır təsir edir, yaddaşımızdan silinmirlər VİDEO

Bakı, 20 may, Günel Türksoy, AZƏRTAC
Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun baş həkimi, baş direktorun müalicə işləri üzrə müavini Nizami Məmmədov mayın 20-si travmatoloqların peşə bayramı - Ümumdünya Travmatologiya Günü ilə əlaqədar AZƏRTAC-a müsahibə verib. O, institutun Azərbaycan səhiyyəsindəki rolu, burada aparılan elmi araşdırmalar və cərrahi əməliyyatlar, gündəlik müraciətlər, Vətən müharibəsində həkimlərin fəaliyyəti və digər məsələlərlə bağlı sualları cavablandırıb. Müsahibəni təqdim edirik.
- Əvvəlcə peşə bayramınız münasibətilə sizi təbrik edirik. İlk sualım belədir ki, Azərbaycan səhiyyəsində Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun rolunu necə qiymətləndirirsiniz?
- Təşəkkür edirəm ki, travmatoloq və ortopedlərlə maraqlanırsınız. AZƏRTAC olaraq bizə verdiyiniz dəyər üçün çox sağ olun. Travmatoloqların Azərbaycan səhiyyəsində rolu böyükdür. Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun da bu sahədə rolu əvəzolunmazdır. Bu institut travmatoloqların gələcək inkişafında, onların formalaşmasında böyük əhəmiyyət kəsb edir. Bilirsiniz ki, baş vermiş avtoqəzalarda, sınıqlarda, çıxıqlarda, müharibə dövründəki travmalarda bizim fəaliyyətimiz daha çox yada düşür. Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu 1946-cı ildən fəaliyyət göstərir. Əvvəllər bura daha çox müharibədən sonra əlillərin sağlamlıq vəziyyətinin bərpası üçün nəzərdə tutulmuş bir yer olub. Sonradan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu kimi fəaliyyət göstərib. Zamanla institutun strukturunda restrukturizasiyalar və daha da dar sahələr üzrə ixtisaslaşmalar həyata keçirilib. Yaradılmış bir sıra şöbələr sonradan dövrün və elmin tələblərinə uyğun olaraq daha dar sahələrdə ixtisaslaşmış bir neçə şöbə şəklində formalaşıb. Hazırda institutda 9 klinik şöbə fəaliyyət göstərir. İnstitut, həmçinin elmi baza olaraq həm elmi araşdırmaların aparılması, həm də Azərbaycan Tibb Universitetinin tələbələrinin rezidentura təhsili sahələrində aktiv iştirak edir. Burada ən son müalicə üsulları tətbiq olunur. Respublikanın hər yerindən: ucqar rayonlardan, kəndlərdən ağır travmalı, xüsusi spesifik travmatoloji və ortopedik müalicə tələb olunan xəstələr instituta müraciət edirlər. Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda Azərbaycan travmatologiyasının əsasını qoyan insanlar çalışır. Eyni zamanda, burada yetişdikdən sonra respublikanın rayonlarında fəaliyyət göstərən çoxsaylı həkimlər var. İnstitutda ənənəvi və müasir müalicə üsulları tətbiq edilir. Burada xüsusi avadanlıqların, müasir texnologiyanın tələb olunduğu məsələn, artroplastika, endoskopik əməliyyatlar, eləcə də, bir sıra sümük patologiyalarının yaratdığı xəstəliklərin və sınıqların müalicəsi də həyata keçirilir.
- Son illər institutda hansı yeniliklər olub?
- Azərbaycanda ilk olaraq Artroplastika şöbəsi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda tibb elmləri doktoru İlqar Qasımovun rəhbərliyi ilə yaradılıb. Digər özəl və dövlət xəstəxanalarında mövcud olan vahid Travmatologiya şöbəsi burada Artroplastika və oynaqların artroskopik cərrahiyyə, Travmatologiya, Əl cərrahiyyə və yaralar, Uşaq ortopediya və travmatologiya və Böyüklərin ortopediya şöbələri kimi fəaliyyət göstərir. Bunlar əsas şöbələrdir. Eyni zamanda, institutda Əməliyyatxana və reanimasiya, Klinik laboratoriya, Radiologiya, Kardiologiya, Terapiya, Təcili tibbi yardım, Poliklinika kimi yardımçı şöbələr var. Bundan başqa, müasir səhiyyənin və sığorta sisteminin tələb etdiyi Xəstə xidmətləri şöbəsi də fəaliyyətdədir. Sümük bankı və tədqiqatların həyata keçirilməsi üçün əvvəllər mövcud olmuş laboratoriya hazırda yoxdur. Bu, keçid dövründə yaranan çoxsaylı sosial problemlərlə əlaqədar olsa da, gələcəkdə biz bu laboratoriyaların və təcrübənin aparılması üçün lazım olan sahənin yaradılmasını planlaşdırırıq. 2017-ci ildə Səhiyyə Nazirliyinin dəstəyi ilə böyük əməliyyatxana və Reanimasiya şöbəsi təmir edilərək istifadəyə verilib. Hazırda institutda 8 əməliyyatxana fəaliyyət göstərir. Burada gün ərzində 30-40 xəstənin cərrahi əməliyyatı həyata keçirilir. Demək olar ki, institut ən müasir texniki avadanlıqlarla təchiz edilib. Burada 3 müasir rentgen müayinə aparatı, ən son kompüter tomoqrafiya cihazı, əməliyyatların həyata keçirilməsi üçün 3 skopiya cihazı da var. Laboratoriya müasir biokimya və ifa üsulu ilə analizlərin aparılması üçün aparatlarla təmin olunub Bu il Səhiyyə Nazirliyi tərəfindən institutun 2-ci binasının əsaslı təmir edilməsi, həmçinin 1.5 tesla MRT və əlavə olaraq 1 skopiya cihazları, eləcə də bütün fizioterapiya avadanlıqları ilə təmin edilməsi nəzərdə tutulur.
- İnstitutda həm də elmi araşdırmalar aparılır. Bilmək istərdik ki, son illər institutda hansı yeni elmi-cərrahi metodlar tədqiq edilib?
- İnstitutumuzda elmi araşdırmalar hər zaman aparılıb. Artroplastika şöbəsində endoprotez əməliyyatlardan sonra anadangəlmə çıxıqlarla və diz oynağının xüsusi patologiyası hallarında endoprotezləşmə zamanı yaranan problemlərin həlli ilə bağlı araşdırmalar həyata keçirilir. Bilirsiniz ki, ölkəmizdə anadangəlmə çıxıqlarla doğulan xəstələrin sayı çoxluq təşkil edir. Çıxıqlarla əlaqədar müraciət edən xəstələrdə nəticələrin analizi ilə bağlı müasir avadanlıqların tətbiqi ilə aparılan endoprotezləşmə əməliyyatından sonra oynaq hərəkət, həcminin klinik funksional göstəricilərlə bağlı elmi araşdırma aparılıb. Eyni zamanda, Travmatologiya, Ortopediya, Uşaq ortopediya və travma, Əl cərrahiyyə və yaralar şöbələrində müxtəlif bu tipli klinik işlər həyata keçirilir. Alimlərimiz davamlı olaraq xarici ölkələrdə elmi konfrans və konqreslərdə çıxış edirlər. Onların apardıqları elmi araşdırmalar xarici və yerli elmi jurnallarda dərc olunur. Beləliklə, alimlərimiz Azərbaycan travmatologiya və ortopediya elminə öz töhfələrini verirlər. Azərbaycanda elmi araşdırmaların aparılması və gənc həkimlərin bu işlərə cəlb edilməsi istiqamətində böyük işlər görülür. Buraya alimlərin və klinik fəaliyyət göstərən həkimlərin bir qrupda cəmlənməsi, institutdakı həkimlərin elmi işlərə aktiv qoşulması, eyni zamanda, institutdan kənarda işləyən savadlı həkimlərimizin elmi fəaliyyət sahəsində də fəal çalışması aiddir.
- Travmatologiya və ortopediyada hansı əməliyyatlar daha ağır hesab olunur?
- Stasionar müalicə tələb edən xəstələrimiz orta və ağır xəstə qruplarına aiddirlər. Təbii ki, əməliyyatlar həcminə görə kiçik, orta və böyük kimi qiymətləndirilə bilər. Bizim institutda aparılan bütün əməliyyatlar demək olar ki, orta və böyük həcmlidir. Bunlara çanaq və bud sınıqları, oynaq qığırdaqlarının aşınması, skolioz əməliyyatları, onurğada olan deformasiyalar daxildir. Gündəlik ən çox əl travmalarına rast gəlinir. Yüngül travma alanlara təcili yardım göstərilir və onlar ambulator nəzarətə buraxılırlar. Ağır travmalı xəstələr üçün isə stasionar müalicə təyin olunur, müalicə həkimi, şöbə müdiri və bir sıra digər elmi işçilərlə müzakirə edilərək cərrahi əməliyyatlar həyata keçirilir.
- Bəs, xəstələr ən çox hansı travmalarla bağlı instituta müraciət edirlər?
- İnstituta ambulator müraciət edənlər çoxdur. Təbii ki, bu xəstələr özləri yeriyə bilən, fiziki aktiv insanlardır. Amma hər hansı bir oynağında və ya bədənin digər hissəsində patologiyası var. Buna qığırdaq, vətər, sümük zədələnmələri daxildir. Gün ərzində bizə 200-ə yaxın kəskin travması olan xəstə müraciət edir. Bununla yanaşı, təcili müraciət edən və təcili tibbi yardım maşını ilə gətirilən xəstələrə də xidmət göstəririk.
- Travmatologiyada “qızıl saat” anlayışının mahiyyəti barədə məlumat verməyinizi istərdik...
- Tutaq ki, xəstə hər hansı bir travmadan sonra xəstəxanaya müraciət edir. Bu zaman müəyyən vaxtda onun həyatı xilas oluna bilər. Bu anlayış da bununla bağlıdır. Yaxud bir xəstə amputasiya edilmiş vəziyyətdə təcili xəstəxanaya çatdırılır. Onun yarasının, damar və sinirlərinin bərpası təmin olunmalıdır. Bu işlər geciksə, arzuolunmaz nəticələr baş verə bilər. Ona görə müəyyən vaxt ərzində xəstənin xəstəxanaya çatdırılması çox vacibdir.
- Yeri gəlmişkən, bəzən digər nəqliyyat vasitələrini idarə edən sürücülərin biganəliyi və ya hansısa səbəblərdən təcili tibbi yardım maşınlarının yollarda rahat hərəkət edə bilməməsinin şahidi oluruq. Bu baxımdan nə demək istərdiniz ki, xəstələrin həyatını vaxtında xilas edə biləsiniz...
- Əslində, travma alan xəstəyə ilk yardım onun yanındakı şəxsdən başlayır. Bunlara travmalı şəxsə ilkin tibbi yardımın göstərilməsi, təcili tibbi yardım maşınının çağırılması, həyati göstəricilərin yoxlanılması, lazım gələrsə, avtomobildə sıxılmış şəxsin düzgün şəkildə xilas edilməsi və digər tədbirlər aiddir. Təbii ki, təcili tibbi yardım maşınlarına sürücülər tərəfindən hər zaman yol verilməlidir. Təcili tibbi yardım maşınının içərisində həyatla mübarizə aparan xəstə, ona kömək edən həkim və tibb personalın olduğu unudulmamalıdır. Onlar insan həyatını xilas etmək üçün tələsirlər. Ona görə də sürücülərdən bu məsələdə daha diqqətli davranmalarını xahiş edirəm. Ağır travmalı xəstənin xəstəxanaya vaxtında çatdırılması onun həyatının xilası üçün olduqca vacibdir.
- İnstitutun iş yükü barədə nə deyə bilərsiniz?
- İnstitutun bütün şöbələri təcili tibbi yardım üçün müraciət edən xəstələrin müalicəsinin aparılması, ilkin və sonrakı mərhələ müalicəsinin həyata keçirilməsi, ixtisaslaşmış tibbi yardımın göstərilməsi üçün günün bütün saatlarında hazırdır. Bu, iş yükümüzə o qədər də təsir etmir. Ambulator müraciətlərin sayı isə həddindən artıq çoxdur. Bu, iş yükümüzü iki-üç dəfə artırır. Məsələn, gün ərzində 400-450 nəfərə rentgen müayinəsi göstərilir. Rentgen üçün xüsusi personalımız olsa da, bu göstərici gündəlik limiti aşır. Buna baxmayaraq, instituta müraciət edən hər kəsə xidmət göstəririk, bunun üçün bütün heyətimizi işə cəlb edirik.
- Müraciət edən xəstələrə vaxtında xidmət göstərilməsi də vacib şərtlərdəndir. Bu işin öhdəsindən necə gəlirsiniz?
- Stasionar şəraitdə müalicə edilən xəstələrimizə xidmətlə bağlı hər hansı gecikmələr baş vermir. Bir xəstənin əməliyyatının gec aparılması mümkün deyil. Bunun üçün xəstənin hər hansı problemi olmalıdır ki, o, əməliyyata alınmasın. Şöbələrə daxil olan xəstələrin 99 faizini əməliyyat edirik. Bir-iki hal ola bilər ki, əməliyyatın icra edilməsi mümkün olmasın, yaxud cərrahi əməliyyatın aparılması məqsədəuyğun hesab edilməsin. İnstitutun kifayət qədər: 513 nəfər personalı var. Onlardan 75-i həkimdir. Onların da 50 faizi aktiv cərrahi əməliyyatla məşğuldurlar. Onu da qeyd edim ki, Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna I və II Qarabağ müharibələrində, Aprel döyüşlərində yaralanan qazilərimiz müraciət edirlər. Onların davamlı müayinə prosesi burada aparılır, son mərhələ müalicə metodları tətbiq olunur. Biz qazilərimizə xidmət etməkdən qürur duyuruq. Şəhid ailələrinə və qazilərimizə göstərilən tibbi xidmətlərə xüsusilə nəzarət edirik. Onların müraciətləri dərhal həllini tapır. Bu bizim borcumuzdur!
- Hazırda institutda neçə xəstə stasionar şəraitdə müalicə alır?
- 100 nəfər xəstə hazırda stasionar şəraitdə müalicə alır. Xəstələr gəlir, cərrahi əməliyyat olunur, vəziyyətləri normallaşandan sonra evə buraxılırlar. Bəzən xəstələrin 3-4 həftə burada müalicə edilməsi lazım gəlir. Ağır komada olan, yəni, çoxprofilli həkim tələb edən xəstələr bizim xəstələrimiz hesab olunmurlar. İl ərzində təxminən 6 minə yaxın ağır cərrahiyyə əməliyyatını icra edirik. Bu da ay ərzində təxminən 500 xəstənin əməliyyat olunması deməkdir. Bu göstəricinin yüksək olması tibbi sığortanın tətbiqi ilə bağlıdır. Vətəndaşlar üçün tibbi sığorta tətbiq edilməmişdən əvvəl bu göstərici iki dəfə aşağı idi. Qeyd edim ki, bizə əcnəbilər də müraciət edirlər. Məsələn, az öncə bir ingilisi əməliyyat etdik. O dedi ki, həmin əməliyyat Böyük Britaniyada çox baha olduğu üçün bizə müraciət edib. Ümumilikdə gündə 3-4 əcnəbi əməliyyat üçün instituta gəlir. Ən çox Gürcüstan, Rusiya, Türkiyə vətəndaşları tərəfindən bizə müraciət olunur. Əcnəbilərin icbari tibbi sığortası olmadığı üçün onlara pullu tibbi xidmət göstərilir ki, bu da elektron ödəniş hesabına həyata keçirilir.
- Pasiyentləriniz arasında başqa xəstəxanalarda əməliyyat edilən və narazı qaldığı üçün instituta müraciət edənlər olur?
- Praktikada belə hallara çox rast gəlirik. Ümumiyyətlə, xəstəxanadan xəstəxanaya vəziyyət dəyişir. Başqa yerdə əməliyyat olunub fəsadlaşma halında bizə müraciət edən xəstələrin sayı çoxdur. Bu müraciətlər bir neçə səbəbdən baş verir. Özəl tibb müəssisələrində əməliyyat xərclərinin çoxluğu, fəsad yarandıqda bir neçə dəfə əməliyyat olunduğuna görə həkimə inamın itməsi, vətəndaşın sığorta sistemindən yararlanmaq istəyi və ən önəmlisi - xüsusi peşəkarlığı ilə seçilən həkim komandasının institutda olması bu işə zəmin yaradır.
- Bəs, institutda əməliyyat olunub, fəsadlaşma riski yaşayan xəstələr var?
- İl ərzində əməliyyat etdiyimiz xəstələrin vəziyyəti ilə bağlı bir faizə yaxın fəsadlaşma riski mövcuddur. Belə bir risk dünyanın hər yerində var. Bu cür hallarda xəstələrin müalicəsini yenidən həyata keçiririk. Ümumiyyətlə, fəsad olduqda bunu geniş müzakirəyə çıxarmaq, ixtisaslı həkimlərin iştirakı ilə xəstələrin sonrakı müalicəsini planlaşdırmağın ən effektli müalicə üsulu olduğunu düşünürük. Xəstələrin sağalması fərqli anlayışdır. Yəni, xəstəni evə buraxmaq hələ o demək deyil ki, o sağlamdır. Belə bir statistik analizin aparılması üçün hər zaman elmi tədqiqatlar aparılır. Bu işə nəzarətin yalnız institut deyil, digər qurumlar tərəfindən həyata keçirilməsi də doğru olardı. Məsələn, Norveç artroplastika qeydiyyatı dünyada tanınmış bir sistemdir. Bu sistemdə cərrahi əməliyyat keçirmiş xəstələrin məlumatlarının toplanması sonrakı dövrlərdə analizlərin statistik təhlilini asanlaşdıran və fəsadların qarşısını alan yolların işlənib hazırlanmasına kömək edir. Əvvəllər İnstitutun Tədris metodik şöbəsində bu işlərlə bağlı geniş araşdırma aparılırdı. İndi isə bunların həyata keçirilməsi üçün ciddi proqram təminatına ehtiyac yaranır. Belə qeydiyyat sistemlərinin qurulması isə günün tələbidir. Çünki yaşadığımız əsr texnologiya dövrüdür.
- Xəstələrin institutdan məmnunluq səviyyəsi necədir?
- Əvvəllər institutda Keyfiyyətə nəzarət şöbəsi var idi. Onların işi xəstə məmnuniyyətinin qeydə alınması ilə bağlı idi. Amma bu, özünü doğrultmadı. Hesab edirəm ki, bu məsələ ilə bağlı başqa üsullardan istifadə olunmalıdır. Bilirsiniz, müraciət edən xəstələrin sayı çoxdur, biz onların məmnun qalmasına çalışırıq. Amma xəstələrin hamısını məmnun etmək mümkün deyil. Bəzən yer çatışmazlığı, iş yükünün çox olması, yaxud institutla əlaqəli olmayan digər bir səbəbdən keyfiyyət haqqında yanlış informasiya formalaşır. Bu hal digər sahələrdə olduğu kimi, bizim sahədə də mövcuddur. Hər yerdə bu problemlərlə qarşılaşa bilərsiniz. Fikrimcə, düzgün müalicə və sağlamlığa qovuşma xəstə üçün ən böyük məmnunluq hesab edilməlidir.
- Vətən müharibəsi zamanı institutun həkimləri, o cümlədən də siz ön cəbhədə xidmət etmisiniz...
- Vətən müharibəsində həkimlərimizin əksəriyyəti ön cəbhədə idi, sentyabrın 27-dən yaralılara ilkin tibbi yardım göstərirdik. İnstitutda yaşlı professorlar və qocaman həkimlər qalmışdılar. Sentyabrın 27-si səhər mən də Ağdamda idim. Biz Quzanlıda xəstəxanada idik. Bir gün orada qaldıqdan sonra məni Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına apardılar. Orada çoxlu yaralı var idi. Ağır yaralılar həmin xəstəxanaya gətirilirdilər. Ön cəbhədə yaralılara yardımlar fərqli yanaşma tələb edirdi. Son mərhələdə onlar instituta göndərilirdilər. İnstitut demək olar ki, yaralılarla dolu idi. Burada onlara hər cür xidmət göstərilirdi, böyük əməliyyatlar icra edilirdi. Müharibə dövründə daha çox qapalı cərrahi əməliyyatlar icra olunurdu. Digər həkimlər də yardımçı həkimlər kimi fəaliyyət göstərirdilər. Həmin günlər yaddaşımda silinməz izlər buraxıb. Sentyabrın 27-si günorta saatlarında Ağdamın Baharlı deyilən ərazisində yaralanmış 19 yaşlı gəncin təcili tibbi yardım maşını ilə xəstəxanaya gətirilməsi, bizdən kömək istəməsi, əməliyyat otağına aparsaq da, həyatını xilas edə bilməməyimiz gözümün qarşısından getmir. Mən Aprel döyüşlərində yaralananlara da xidmət etmişəm. Qarın boşluğunu və döş qəfəsini dəlib keçən qəlpə yaraları, eləcə də ağır beyin travmaları alan şəxsləri həyata qaytarmaq çox çətin işdir. Müharibədə bu cür yaralananlar cərrahların yaddaşında ağır iz buraxırlar. Təbii ki, travmaları çox görürük. Amma həyatlarını xilas edə bilmədiyimiz cavan xəstələr bizə ağır təsir edir, yaddaşımızdan silinmirlər. Qazilərimiz müharibədə çox ağır travmalar alıblar. Hazırda instituta müraciət edən qazilərimiz var. Qazilər, əsasən, uzatmalarla bağlı müraciət edirlər. Məsələn, 23-24 santimetr ətrafı uzadılmış qazilərimiz var.
- İnstitutun əlillik dərəcəsinin təyin olunmasındakı rolu barədə nə deyə bilərsiniz?
- Əlillik dərəcəsi almaq istəyən xəstə əvvəlcə yaşadığı rayon mərkəzi xəstəxanasına müraciət edir. Əgər sahə travmatoloquna diaqnozun təsdiqi üçün kömək lazımdırsa, xəstəni instituta göndərir. Xəstə Poliklinika şöbəsinə müraciət edir, qeydiyyata alınır. Xəstə əlilliyin təyin olunması və ya hər hansı bir arayışın alınması ilə bağlı müraciət edibsə, müvafiq olaraq seqment üzrə və ya yaşa görə həkimə yönləndirilir. Məsələn, vətəndaş müraciət edir ki, ayağı sınıb və əlillik dərəcəsi almalıdır. Bu zaman həkimlər xəstənin üzərində klinik radioloji müayinələr aparırlar. Lazım gəldikdə digər müayinə üsullarından istifadə olunur. Yekunda xəstəyə arayış təqdim edilir. Əgər xəstə əvvəllər müəyyən xəstəliklərdən əziyyət çəkibsə, ondan müvafiq sənəd tələb olunur. Məsələn, siz uşaq yaşlarından etibarən revmatizm xəstəliklərindən əziyyət çəkirsinizsə, bunun sənədi, yəni, epikrizi tələb edilir. Çünki ortoped-travmatoloq bütün xəstəliklərin diaqnozunu qoya bilməz. Yalnız həkimin rəyi və ya epikriz varsa, məlumatları sənədlərə əlavə edirik. Sonda sənədlər möhürlənərək xəstəyə təqdim olunur. Gündə təxminən 100 xəstə bu məsələ ilə bağlı instituta müraciət edir. Onların əksəriyyəti regionlardan gələnlər olur.