Peşə fəaliyyətinə buraxılan 90 nəfər vəkilliyə namizəd qanunvericilikdə nəzərdə tutulmuş qaydada and içib
Bakı, 2 may, AZƏRTAC
Ölkəmizdə məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi və müasirləşdirilməsi sahəsində görülən işlər çərçivəsində vəkillik institutunun inkişaf etdirilməsi istiqamətində aparılan tədbirlər davam etdirilir.
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 fevral tarixli “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamı ilə Vəkillər Kollegiyasına ixtisas imtahanlarının müntəzəm keçirilməsini təşkil etməklə, Kollegiyaya yeni üzvlərin, xüsusən gənc hüquqşünasların qəbul edilməsi üçün şəraitin yaradılması tövsiyə olunub. Bu məqsədlə hazırda vəkilliyə qəbul üzrə namizədlərin sənəd qəbulu, habelə bu il yanvarın 28-də keçirilmiş yazılı test imtahanlarını uğurla keçmiş namizədlərlə şifahi müsahibələr aparılmaqdadır.
AZƏRTAC xəbər verir ki, mayın 2-də ilk dəfə olaraq, Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvləri, yerli və beynəlxalq təşkilatların və KİV nümayəndələrinin iştirakı ilə keçirilən iclasda ixtisas imtahanlarını və icbari təlimi uğurla başa vurmuş 90 nəfər vəkilliyə namizədin təntənəli andiçmə mərasimi keçirilib. Tədbir BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının dəstəyi ilə təşkil olunub.
Vəkillər Kollegiyasının sədri Anar Bağırov tədbirdə çıxış edərək vəkillik institutunun inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən və gələcək planlardan, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 fevral tarixli Sərəncamının bu baxımdan xüsusi əhəmiyyətindən, ölkədə fəaliyyət göstərən vəkillərin sayının savadlı və peşəkar hüquqşünaslar hesabına artırılmasının önəmindən danışıb. A.Bağırov vəkilliyə qəbulla bağlı keçirilən ixtisas imtahanlarından uğurla keçmiş və icbari təlimi tamamlamış namizədləri bu münasibətlə təbrik edib, onlara gələcək peşə fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb.
Sonra peşə fəaliyyətinə buraxılan 90 nəfər vəkilliyə namizəd qanunvericilikdə nəzərdə tutulmuş qaydada vəkil andı içib. Onlara Vəkillər Kollegiyası üzvünün vəsiqələri təqdim edilib.
İclasda, həmçinin Vəkillər Kollegiyasının sədri Anar Bağırova və Bakı şəhəri 5 saylı hüquq məsləhətxanasının müdiri, vəkil Eleonora Rəcəbovaya Rusiya Vəkillər Gildiyasının rəsmisi tərəfindən bu qurumun mükafatı olan “Rusiyanın fəxri vəkili” döş nişanları təqdim olunub.
İclas işini təşkilati və cari məsələlərin müzakirəsi ilə davam etdirib.