İDMAN
Peşəkar boksçu Fariz Məmmədov Ukrayna idmançıları ilə birgə Qəbələdə təlim-məşq toplanışında iştirak etmişdir
Qəbələ, 22 oktyabr (AZƏRTAC). Uzun illərdir ki, peşəkar boksla məşğul olan Fariz Məmmədov daha bir mötəbər yarışa hazırlaşır. Peşəkar boksun WBO və TWBA versiyaları üzrə 2004-cü ildə keçirilən qitələrarası çempionatın qalibi olan, 2012-ci ildə WBCA versiyası üzrə beynəlxalq turnirin qızıl medalını qazanan Fariz Məmmədov indi də Avropa çempionluğu uğrunda mübarizəyə hazırlaşır. “Qəbələ” İdman Klubunun boks bölməsinin rəhbəri olan Fariz Məmmədov AZƏRTAC-a bildirmişdir ki, o peşəkar boksun İBF və WBO versiyaları üzrə bu ilin dekabrında keçiriləcək 12 raundluq döyüşdə Almaniyanın dünya şöhrətli boksçusu Matiate Peltzlə qarşılaşacaq. Matiate Peltz İBO və WBCA versiyaları üzrə dünya çempionu, WBO versiyası üzrə Avropa çempionudur. O, beynəlxalq yarışlarda indiyədək keçirdiyi 20 döyüşün hamısını qələbə ilə başa vurmuşdur.
Fariz Məmmədovla Matiate Peltzin arasında görüşün “Qəbələ” İdman Klubunun təşkilatçılığı ilə Bakıda keçirilməsi və “Eurosport” telekanalı tərəfindən iki saat ərzində bütün dünyaya canlı yayımlanması gözlənilir. Hazırda bununla bağlı danışıqlar aparılır. Rəqibinin çox güclü və tanınmış idmançı olduğunu deyən Fariz Məmmədov buna baxmayaraq rinqdə onunla döyüşə qələbə üçün çıxacağını, Avropa çempionu olmaq üçün və yarışın pul mükafatını qazanmaq üçün çalışacağını bildirmişdir. O, bu məqsədlə oktyabrın 9-dan 22-dək Qəbələdə Ukraynanın peşəkar boksçuları - İBF versiyası üzrə qitələrarası çempionatın 3 qat qalibi, WBO versiyası üzrə 4 qat Avropa çempionu, keçirdiyi 35 döyüşdən 33-nü qələbə ilə başa vuran Sergey Fedçenko və bir sıra beynəlxalq yarışların mükafatçısı, keçirdiyi 20 yarışdan 14-ündə rəqibini nakauta salan Qolovko Valentinlə birgə təlim-məşq toplanışında iştirak etdiyini bildirmişdir.
Qəbələ Olimpiya İdman Kompleksində gündə iki dəfə məşq etdiklərini qeyd edən Fariz Məmmədov əsasən ümumi fiziki hazırlığa üstünlük verdiklərini, yəni yarışda dözümlü olmaq üçün 3 min metr hündürlüyü olan dağa kross qaçdıqlarını, üzgüçülük, trenajor, sürətli qaçış və fitneslə məşğul olduqlarını bildirmişdir. O, ukraynalı idmançıların da dekabrda Almaniya və Ukraynada keçiriləcək mötəbər yarışlara ciddi hazırlaşdığını və bu baxımdan Qəbələdə keçirilən birgə təlim-məşq toplanışının onların hamısına faydalı olduğunu bildirmişdir. Fariz Məmmədov, eləcə də ukraynalı boksçular Sergey Fedçenko və Qolovko Valentin “Qəbələ” İdman Klubu tərəfindən təlim-məşq üçün onlara hər cür şərait yaradıldığını, hazırda özlərini çox yaxşı hiss etdiklərini və hazırlıqları oktyabrın 24-dən Ukraynada davam etdirəcəklərini bildirmişlər. Bu məqsədlə onlar oktyabrın 23-də Ukraynaya yola düşəcəklər və orada 4 həftə ərzində təlim-məşq edəcəklər.