İDMAN
Pirallahı rayonunun idmançıları dünya çempionatlarının qalibi olmuşlar
Bakı, 1 oktyabr (AZƏRTAC). Pirallahı rayonunun idmançılarından beynəlxalq arenada ilk qələbə xəbərləri gəlməyə başlamışdır.
AZƏRTAC xəbər verir ki, Yaponiyanın Miyaqi şəhərində keçirilən koşıki karate üzrə XIX dünya çempionatında Azərbaycanı təmsil edən 7 idmançı arasında ən yüksək nəticəni Pirallahı rayonunun idmançısı, 3-cü dan qara kəmər sahibi, beynəlxalq dərəcəli hakim Nazim Mövsümzadə göstərmişdir. Şəxsi KATA yarışlarında beşqat dünya çempionu kanadalı Pol Cekson, Avstraliyanı təmsil edən Nik Kinq və tatami sahibi Yukio Sakamoto kimi karateçiləri geridə qoyan Nazim Mövsümzadə qızıl medala layiq görülmüşdür.
Azərbaycan karateçiləri komanda hesabında da yüksək nəticə əldə etmişlər. Karateçilərimiz yalnız Yaponiya idmançılarından geri qalaraq II yeri tutmuş və dünya birinciliyinin gümüş medallarına layiq görülmüşlər.
Pirallahıya daha bir xoş xəbər uzaq Tailanddan gəlmişdir. Bu ölkənin paytaxtı Banqkokda keçirilən tayboks üzrə XVIII dünya birinciliyində qızıl medal qazanan 5 Azərbaycan idmançısından biri də Pirallahı rayonunu təmsil edən Mərdan Vəliyev olmuşdur. 67 kiloqram çəki dərəcəsində rəqib tanımayan Avropa çempionu Mərdan Vəliyev ilk dəfə dünya çempionluğunun sevincini yaşamışdır.