REGİONLAR
Piyindən, ətindən, südündən dərman vasitəsi kimi istifadə edilir – Keçi təsərrüfatından reportaj FOTO VİDEO
İsmayıllı, 1 dekabr, Rəşad Türkoğlu, AZƏRTAC
İsmayıllının rayon mərkəzindən xeyli aralıda yerləşən Kürd Eldarbəyli kəndinin sakinləri əsasən xırdabuynuzlu heyvan təsərrüfatı ilə məşğuldurlar. Heyvandarlığı atalarından miras alan kənd sakinləri əvvəllər üstünlüyü qoyunçuluğa versələr də, son dövrlər keçinin daha mənfəətli olduğunu düşünərək, təsərrüfatda daha böyük yeri bu heyvanlara ayırırlar.
Uzun illərdir dolanışığını heyvandarlıqla təmin edən kənd sakini Mehman Soltanov AZƏRTAC-ın əməkdaşı ilə söhbətində artıq 7-8 ildir keçi təsərrüfatı yaratdığını deyir.
“Məndən ancaq keçi pendiri istəyirlər”
Əvvəllər qoyunçuluqla məşğul olduğuna diqqət çəkən fermer həm kəndin relyef quruluşuna, həm də keçinin məhsuldarlığına görə bu təsərrüfatın daha qənaətbəxş olduğu fikrindədir. Onun sözlərinə görə, qazancında qoyunla müqayisədə fərq olmasa da, keçinin ətinə, südünə, həm də pendirinə tələbat daha böyükdür.
Mehman Soltanov: “Keçilər dağlıq ərazidə daha yaxşı yetişdiyinə görə ətindən də, südündən də qazanc götürmək olur. Bu heyvanlarda aprelin sonunda sağıma başlanılır, sentyabra qədər davam edir. Hər keçidən 1 litrdən çox süd sağırıq. 5-6 litr süddən isə 1 kiloqram pendir alınır. Qoyun saxladığım vaxtlar da olub. Ancaq qoyun pendirinə elə də üstünlük vermirlər. Məndən ancaq keçi pendiri istəyirlər. Onu da deyim ki, qoyunun sağım müddəti azdır. Qırxılandan sonra uzağı 1 ay süd verir. Ən çox yarım litr süd sağırıq. Ancaq keçi 1 litrə yaxın süd verir”.
Tələbat böyük olduğuna görə keçi pendiri satmaq daha çox qazanclıdır. Mövsümü olanda 8 manata olan keçi pendiri 12 manata qədər bahalaşır.
Bu heyvanlar bruselyoz xəstəliyinə tez yoluxur
Müsahibimiz onu da vurğulayır ki, keçinin iç piyindən, ətindən, südündən dərman vasitəsi kimi istifadə edənlər də az deyil. Lakin bu heyvanları xəstəlikdən qorumaq çətindir. Belə ki, keçilər brüsselyoz xəstəliyinə tez yoluxan heyvanlardandır.
“Brüsselyozdan qorumaq üçün həkimə müraciət edirik. Həkim heyvana iynə vurur, göz dərmanı tökür. Həmin dərman da bir neçə xəstəlikdən qoruyur. Həmçinin qanın analizini də edirik. Bu heyvanla həm özümüz qidalanır, həm də satırıq. Ona görə də vaxtında profilaktik tədbirlər görürük”, - deyə Mehman Soltanov bildirir.
“Təzyiqi olan insanların keçi ətinə tələbatı böyükdür”
Onun sözlərinə görə, qoyun keçiyə baxanda daha bahadır. 200-300 manata başa gələn qoyunun quzusu da bazara 150-200 manata çıxarılır. Ancaq ildə iki dəfə bala vermə potensialı olan, aylarla südü sağılan keçinin ümumi qazancı ilə arada demək olar ki, fərq olmur: “Yaşadığımız yer dərə-təpə, kol-kosluq sahədir. Keçi burada daha yaxşı qidalanır. Qoyun çox hərəkət edən heyvan deyil, gərək, düzən yerdə otlaya. Amma keçi dağlıq ərazilərdə daha yaxşı qidalanır. Həmçinin, keçi əti qoyun ətindən bir-iki manat ucuzdur və alıcısı da çox olur. Xüsusən də təzyiqi olan insanların keçi ətinə tələbatı böyükdür”.
Keçilər isti havalara nə qədər dözümlü olsalar da, soyuq qış aylarına bir o qədər də tab gətirə bilmir.
Təsərrüfat sahibi bu heyvanların təmiz qidalandığını vurğulayır. Bildirir ki, ağacların budaqlarındakı yarpaqları, eləcə də qoxu gəlməyən otu yeyən keçilər heç vaxt çirkli gölməçədən su içməz. İnəklər, qoyunlar, eləcə də camışlarla müqayisədə keçilərin daha çox otladığı yerlər meşələr, dağlar, qayalıq ərazilərdir. Xüsusilə payız ayları keçilər üçün daha əlverişlidir. Belə ki, ağaclarda olan yarpaqlar və meyvələr yerə töküldüyündən keçilər onları asanlıqla yeyə bilir.
Keçi biznesini böyütmək istəyən Mehman Soltanov təsərrüfatını sadəcə yerli cins heyvanlarla məhdudlaşdırmaq fikrində deyil. Artıq türk və ərəb keçilərinin təkələrini alan fermer yaxın gələcəkdə təsərrüfatını tamamilə südvermə qabiliyyəti yüksək olan bu cins heyvanlara çevirəcək.