REGİONLAR
Polis Akademiyasının əməkdaşları Qazaxda şagirdlərlə görüşüblər






Qazax, 21 oktyabr, Elcan Məmmədov, AZƏRTAC
Daxili İşlər Nazirliyinin (DİN) Polis Akademiyasının əməkdaşları Qazaxda məktəblilər və onların valideynləri, pedaqoq və ictimaiyyət nümayəndələri ilə görüşüblər.
Tədbirdə Qazax Rayon İcra hakimiyyətinin başçısı Rəcəb Babaşov, rayon Polis Şöbəsinin rəisi polis polkovniki Sənan Əsədov, Tovuz-Qazax regional Təhsil İdarəsinin rəisi Arslan Məmmədov da iştirak ediblər.
DİN-in Gəncə Regional bölməsinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, tədbir Vətən uğrunda canından keçən şəhidlərin əziz xatirələrinin yad edilməsi və Dövlət Himninin səslənməsi ilə başlayıb.
Rayon icra hakimiyyətinin başçısı il ərzində rayon məktəblərinin məzunlarının topladıqları yüksək imtahan nəticələri barədə məlumat verib.
Sonra çıxış edən DİN-in Polis Akademiyasının nümayəndəsi, polis polkovnik-leytenantı Eldəniz Kazımov bildirib ki, bu tədbirlərin keçirilməsi yeniyetmə və gənclərin təhsilə həvəsləndirilməsi, sağlam həyat tərzinin təbliği, eləcə də onlarda vətənpərvərlik hissinin daha da yüksəldilməsi məqsədini daşıyır. Akademiyaya qəbul, təhsil proqramı və digər zəruri məlumatlar verildikdən sonra şagird və müəllimləri maraqlandıran suallar cavablandırılıb.
Rayon Polis Şöbəsinin rəisi çıxışında bildirib ki, Polis Akademiyası indi böyük tərəqqi və təkmilləşmə dövrünü yaşayır. Burada yüksək elmi hazırlıq keçən, mükəmməl hüquqi təhsil alan müdavimlər həm də gələcək fəaliyyətdə polis andına layiqli xidmət göstərmək amalını ən mühüm xüsusiyyət kimi əxz edirlər. Onların hər biri öz fərdi fəaliyyəti ilə polis nüfuzunun daha da artmasına çalışacaqlar.