CƏMİYYƏT
Polis orqanları oğruların başqa əməllərini də üzə çıxarmışlar
Bakı, 19 yanvar (AZƏRTAC). Ramin Vəliquliyev oğurluq etdiyinə görə yanvarın 17-də Xəzər Rayon Polis İdarəsi 2-ci bölməsinin əməkdaşları tərəfindən saxlanılmışdır.
Aparılmış əməliyyat tədbirləri nəticəsində onun paytaxt sakinləri Yavər Əliyev və İlqar Hacıyev ilə birgə vətəndaşlar İqbal Rufullayevə, Faiq Ağayevə, Məhsəti Ağalarovaya, Namiq Hacıyevə və Şahin Mirzəyevə məxsus mağazalardan oğurluq etməsi də müəyyənləşmişdir. Y.Əliyev və İ.Hacıyev yaxalanmışlar.
Baş Cinayət-Axtarış İdarəsi və Abşeron Rayon Polis Şöbəsinin əməkdaşları isə Füzuli Hüseynovun evindən 1 noutbuk oğurlamış Şərur rayon sakini, əvvəllər məhkum olunmuş Valeh Seyidov və Gürcüstan vətəndaşı Əzəmət Xəyalovu məsuliyyətə cəlb etmişlər.
Daha bir cinayətin üstünü Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi və Nərimanov Rayon Polis İdarəsinin 17-ci bölməsinin əməkdaşları açmışlar.
Yanvarın 17-də oğurluq etdiyinə görə tutulmuş Gürcüstan vətəndaşı Vaxtanq Bukukişvilinin ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun ötən il noyabrın 25-də Fuad Orucovun mənzilindən 1300 manat pul və qızıl əşyaları oğurlaması da müəyyən edilmişdir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, faktlarla bağlı cinayət işi açılmışdır, araşdırmalar davam etdirilir.