POLİS XALQIMIZA, MÜSTƏQİL AZƏRBAYCAN DÖVLƏTİNƏ, ONUN HƏR BİR VƏTƏNDAŞINA XİDMƏT EDİR
“AZƏRBAYCAN POLİSİ GÜNÜ”NƏ HƏSR OLUNMUŞ TƏNTƏNƏLİ MƏRASİM
AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV MƏRASİMDƏ İŞTİRAK ETMİŞDİR
Xəbər verdiyimiz kimi, iyulun 2-də “Respublika” sarayında “Azərbaycan polisi günü”nə həsr olunmuş təntənəli mərasim keçirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev mərasimdə iştirak etmək üçün saraya gəldi. Salona toplaşanlar dövlətimizin başçısını hərarətlə qarşıladılar.
Sarayın salonundan “Azərbaycan polisi xalqına, vətəninə və Prezidentinə daim sadiqdir” sözləri yazılmış transparant asılmışdi.
Azərbaycanın dövlət bayrağı musiqi sədaları altında səhnəyə gətirildi.
Ölkəmizin dövlət himni əzəmətlə səsləndi.
Bildirildi ki, polis gününə həsr olunmuş mərasimdə Daxili İşlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin, Bakı şəhər Baş Polis İdarəsinin, Daxili Qoşunların, respublikamızın şəhər və rayon polis orqanlarının, həmçinin nizami hissələrin əməkdaşları, hərbçilər iştirak edirlər.
Mərasimi Azərbaycanın daxili işlər naziri general-polkovnik Ramil Usubov açaraq, daxili işlər orqanlarının fəaliyyəti və qarşıda duran vəzifələri barədə məruzə etdi.
DAXİLİ İŞLƏR NAZİRİ GENERAL-POLKOVNİK RAMİL USUBOVUN MƏRUZƏSİ
-Möhtərəm cənab Prezident!
Hörmətli qonaqlar!
Hörmətli həmkarlar!
Bu gün daxili işlər orqanlarının bütün şəxsi heyəti böyük sevinc və fərəh içindədir. Çünki dövlətçiliyimizin tarixində misli görünməmiş xidmətləri olan, müstəqil Azərbaycanımızın xilaskarı, xalqımızın bu gününün və gələcəyinin təminatçısı, ümid və güvənc yeri, əzəli və ədəbi milli liderimiz, möhtərəm Prezidentimiz, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, zati-aliləri cənab Heydər Əliyev bu təntənəli peşə bayramımızda iştirak edir. Gəlin onu salamlayaq.
Möhtərəm cənab Prezident!
Cənab Ali Baş Komandan!
Azərbaycanın daxili işlər orqanlarının çoxminli şəxsi heyəti adından, çox gərgin iş rejiminizə baxmayaraq, öz dəyərli fikir və tövsiyələrinizi bizimlə bölüşmək, Azərbaycan Polisinin sevincinə şərik olmaq üçün vaxt tapıb “Polis Günü”nə həsr olunmuş təntənəli mərasimdə iştirak etdiyinizə görə Sizə dərin minnətdarlığımızı bildirirəm! Cənab Prezident, əmin ola bilərsiniz ki, doğma Azərbaycanımızın yaşadığı tarixi sınaq dövründə üzərinizə götürdüyünüz ağır, lakin şərəfli missiyanın bundan sonra da uğurla həyata keçirilməsində, ölkəmizin tərəqqisi və xalqımızın rifahı naminə önəmli fəaliyyətinizdə daxili işlər orqanlarının bütün şəxsi heyəti Sizinlədir və daim Sizinlə olacaqdır.
Hörmətli həmkarlar!
Azərbaycanın dövlət quruculuğunun mühüm tarixi nailiyyətlərindən olan polisin yaranması və keçdiyi şərəfli yol barədə qısa məlumat vermək istəyirəm. Çünki, keçmiş dövrü, baş vermiş prosesləri obyektiv qiymətləndirmədən bu günün, əldə etdiyimiz nailiyyətlərin əhəmiyyətini düzgün dərk etmək, sabahın vəzifələrini müəyyən etmək çətindir, daha doğrusu, mümkün deyildir. Cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmin edilməsi kimi məsuliyyətli bir vəzifəni yerinə yetirən, müstəqil Azərbaycanın mühüm struktur qurumlarından hesab olunan polisin tarixi 1918-ci il iyulun 2-də Azərbaycan Xalq Cümhuriyyəti Daxili İşlər Nazirliyinin tərkibində polis orqanlarının yaradılmasından başlayır.
Azərbaycan Respublikası Prezidentinin 29 may 1998-ci il tarixli Fərmanı ilə iyulun 2-nin polis Günü elan edilməsi isə tarixi varisliyin, ədalətin və reallıqların bərpası olmuşdur. Öz inkişaf yolunu asayişi mühafizə dəstələrinin təşkilindən başlayan və xalqımızın dövlətçilik ənənələrinə sadiq olan Azərbaycan polisi 1918-1920-ci illərdə ilk müstəqil Azərbaycan dövlətinin qurulmasında və müdafiəsində ön sıralarda olmuşdur. 1941-1945-ci illərdə faşizm ilə mübarizədə Azərbaycan milisinin 800 nəfərə yaxın əməkdaşı rəşadətlə vuruşmuş, qəhrəmanlıq, igidlik nümunələri göstərərək orden və medallara layiq görülmüşdür.
Ermənistanın Azərbaycana təcavüzü başlandıqdan sonra Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə daxili işlər orqanlarının və Daxili Qoşunların şəxsi heyəti 931 şəhid vermiş, 633 əməkdaş isə yaralanmışdır. Müstəqillik illərində respublikamızda cinayətlərin qarşısının alınması, asayişin mühafizəsi, cinayətkarların yaxalanması zamanı 44 əməkdaşımız həlak olmuş, 430 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. O cümlədən son ilyarım ərzində cinayətkarlıqla mübarizədə və hüquq qaydalarının təmini zamanı 8 həmkarımız həlak olmuş, 159 əməkdaşımız isə yaralanmışdır. Bütün bunlar şəxsi heyəti ruhdan salmamış, əksinə, cinayətkarlıqla mübarizəyə daha qətiyyətlə səfərbər etmişdir.
Möhtərəm cənab Prezident!
Hörmətli həmkarlar!
Böyük fərəh hissi ilə qeyd etmək istəyirəm ki, son illər cinayətkarlıqla mübarizədə, ictimai təhlükəsizliyin və ictimai qaydanın təminində əldə olunmuş müsbət təmayül, respublika daxili işlər orqanlarının gərgin əməyi və səmərəli fəaliyyəti xalqımız və möhtərəm Prezidentimiz tərəfindən dəfələrlə yüksək qiymətləndirilmişdir.
Dövlətçiliyimizin əsas dayaqlarından olan daxili işlər orqanları ölkədə aparılan quruculuq prosesində də fəal iştirak edərək, dövlətin, hüquqi və fiziki şəxslərin qanuni mənafelərinin və mülkiyyətinin hüquqazidd əməllərdən qorunması, insanların azad, sərbəst yaşaması üçün lazımi şəraitin yaradılması istiqamətində üzərlərinə düşün vəzifələri daim layiqincə yerinə yetirməyə çalışırlar. Cəmiyyətimizin əksər hissəsi kimi, daxili işlər orqanlarının şəxsi heyəti də möhtərəm Prezidentimizin etibarını, gündəlik qayğısını və etimadını daim hiss edir, zati-alilərinin asayişi mühafizə fəaliyyətinə verdiyi yüksək qiyməti böyük qürur və minnətdarlıq hissi ilə, eyni zamanda, məsuliyyətlə qarşılayır.
Azərbaycan Respublikası Prezidentinin 25 may 1996-cı il tarixli sərəncamı ilə Daxili İşlər Nazirliyi sistemində vəzifə və rütbə maaşları 1,2 dəfə, 25 iyul 1997-ci il tarixli Sərəncamı ilə müəyyən kateqoriyalı işçilərin vəzifə maaşları 1,5 dəfə, 30 may 1998-ci il tarixli Sərəncamı ilə Daxili Qoşunların hərbi qulluqçularının vəzifə maaşları 2 dəfə, 17 may 2000-ci il tarixli Sərəncamı ilə daxili işlər orqanları əməkdaşlarının rütbə maaşları 2 dəfə, sıravi və kiçik rəis heyətinin vəzifə maaşları isə 1,5 dəfə artırılmışdır.
Hörmətli həmkarlar!
Üç gün bundan öncə möhtərəm Prezidentimizin Fərmanı ilə daxili işlər orqanlarının cinayətkarlığa qarşı mübarizə fəaliyyətinin beynəlxalq standartlara uyğun təkmilləşdirilməsi, onun maliyyə imkanlarının və maddi-texniki təminatının yaxşılaşdırılması məqsədi ilə Azərbaycan Respublikası daxili işlər orqanlarının maddi-texniki və sosial bazasının möhkəmləndirilməsi Fondu yaradılmışdır. Bu, Zati-aliləri cənab Heydər Əliyevin şəxsi heyətimizin sosial müdafiəsinin gücləndirilməsi sahəsində gördüyü böyük və əvəzsiz işlərin daha bir təzahürüdür.
Hörmətli mərasim iştirakçıları!
Respublikada qanunların aliliyinin bərqərar edilməsi demokratikləşdirmə, güclü dövlətçilik intizamı və dövlət orqanları arasında normal, işgüzar münasibətlərin yaradılması bütün sahələrdə olduğu kimi, hüquq-mühafizə siyasətinin də ardıcıllıqla həyata keçirilməsinə, o cümlədən cinayətkarlıqla mübarizənin uğurla aparılmasına imkan vermişdir. Azərbaycanın daxili işlər orqanlarının bu sahədəki işinin məqsədyönlü təşkili isə 1995-ci ildən başlayaraq cinayətkarlıqla mübarizənin yüksələn xətt üzrə inkişafını təmin etmişdir. Son onilliklərdə cinayətkarlığın səviyyəsinin kulminasiya nöqtəsinə çatdığı 1992-ci illə (22450 cinayət) müqayisədə əhalinin sayının bir milyon nəfərə qədər artmasına, kriminogen duruma bu və ya digər şəkildə təsir göstərən amillərin mövcudluğuna baxmayaraq, həmin ilə nisbətdə 2001-ci ildə cinayətlərin sayı bütövlükdə 34,9 faiz, o cümlədən ağır və xüsusilə ağır cinayətlər 37,6 faiz, qəsdən adamöldürmələr və ölümə cəhdlər 2,2 dəfə, quldurluq və soyğunculuqlar 3,5 dəfə, oğurluqlar 4 dəfə, odlu silahla törədilən cinayətlər 6 dəfə azalmışdır.
Əməliyyat xidməti fəaliyyətinin həyata keçirilməsi üzrə daxili işlər orqanlarının əsas vəzifələrini müyyən etmiş Azərbaycan Respublikası Prezidentinin cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi tədbirləri haqqında 9 avqust 1994-cü il tarixli Fərmanının icrası ilə bağlı görülən işlər bir an belə səngiməmişdir. 1995-ci ildən indiyədək əhalidə qanunsuz saxlanılan 16 mindən çox odlu silah yığılmış, qrup halında ağır cinayətlər törətmiş 27 min 215 nəfər ifşa olunmuşdur. Təkcə 2001-ci ildə və cari ilin ötən dövrü ərzində qrup halında 24 adam oğurluğu və hədə-rorxu ilə tələbetmə cinayətlərini törətmiş 61 nəfər, 26 qətl hadisəsi üzrə 79 nəfər, 145 quldurluq və soyğunçuluq cinayətləri törətmiş 356 şəxs ifşa edilərək məsuliyyətə cəlb olunmuşlar.
Azərbaycan Respublikası Prezidentinin narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında 26 avqust 1996-cı il tarixli Fərmanı, bu sahə üzrə qəbul olunmuş Ümummilli Proqram və Azərbaycan Respublikasının Qanunları ölkədə narkomanlıqla və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə işinin təşkilinə xüsusi təkan vermişdir. 2001-ci ildə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı aşkar olunmuş 2303 cinayət faktı üzrə 2091 nəfər tutularaq cinayət məsuliyyətinə cəlb edilmiş, qanunsuz dövriyyədən 90 kiloqram narkotik vasitə götürülmüş, yaşıl kütlə halında 444 ton 108 kiloqram narkotik tərkibli bitki məhv edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında 22 fevral 1998-ci il tarixli Fərmanı ötən dövrdə daxili işlər orqanları əməkdaşlarının fəaliyyət proqramına çevrilmiş, bu bəşəri prinsiplər Daxili İşlər Nazirliyinin normativ-hüquqi aktlarının əsasını təşkil etmişdir. 2001-ci ildə keçirilmiş daxili işlər oqranları gənc əməkdaşlarının I Ümumrespublika toplantısındakı məruzə və çıxışlardan, qəbul olunmuş qətnamədən irəli gələn vəzifələrin yerinə yetirilməsi müvafiq tədbirlər proqramı əsasında davam etdirilmişdir.
Şəxsi heyətin sıra və döyüş hazırlığı məsələlərinin həllində bədən tərbiyəsi və kütləvi idmanın inkişafına, fiziki hazırlığın gücləndirilməsinə xüsusi diqqət yetirilir. Təsadüfi deyil ki, ötən il Daxili İşlər Nazirliyinin atıcılıq üzrə yığma komandası güc nazirlikləri arasında keçirilən yarışlarda ən yüksək nəticələr əldə edərək birinci yerə çıxmış, eləcə də ayrı-ayrı əməkdaşlarımız və hərbi qulluqçularımız müxtəlif idman növləri üzrə Dünya və Avropa çempionatlarında 5 qızıl, 3 gümüş və 4 bürünc medal qazanmışlar.
Ümumiyyətlə, son illər Azərbaycanda böyük idmanın geniş vüsət alması və beynəlxalq yarışlarda qazanılan uğurlar, gənclərimizə göstərilən diqqət və qayğı məhz Milli Olimpiya Komitəsinin prezidenti, Milli Məclisin üzvü cənab İlham Əliyevin böyük təşkilatçılıq və idarəçilik qabiliyyətinin, hərtərəfli siyasi və intellektual keyfiyyətlərinin, yüksək vətənpərvərliyinin bəhrəsidir. Azərbaycanın prioritet siyasət istiqamətlərindən olan neft strategiyasının, dövlət gənclər siyasətinin həyata keçirilməsində, ölkəmizin sosial-iqtisadi potensialının inkişafında, milli maraqlarımızın beynəlxalq səviyyədə təmin olunmasında və müdafiəsində danılmaz xidmətləri olan, yetkin və təcrübəli siyasətçi, millət vəkili hörmətli İlham Əliyev sözün əsl mənasında, gənclərimizin güvənc yerinə və iftixar rəmzinə çevrilmişdir. Azərbaycan gəncliyi, o cümlədən daxili işlər orqanlarının gənc əməkdaşları haqlı olaraq və fəxrlə cənab İlham Əliyevi özlərinin lideri sayırlar.
Hörmətli qonaqlar və mərasim iştirakçıları!
Azərbaycan Respublikası Prezidentinin xalqımızın milli-mənəvi dəyərlərinə, adət-ənənələrinə mənfi təsir göstərən hallara son qoyulması ilə bağlı 13 avqust 2001-ci il tarixli bəyanatından irəli gələn vəzifələrin həyata keçirilməsi üçün nazirlik tərəfindən müvafiq tədbirlər planı hazırlanaraq yerlərə göndərilmiş, bu işin fəallaşdırılması üzrə əlavə ölçülər götürülmüş, gündəlik nəzarət və tələbkarlıq gücləndirilmişdir.
Görülmüş işlərin nəticələri ümumiləşdirilərək nazirin yanında keçirilən əməliyyat müşavirələrində müzakirə edilmişdir. 2001-ci ildə ictimai mənəviyyat əleyhinə olan 139 fakt aşkar edilmiş, 92 nəfər cinayət məsuliyyətinə, 571 nəfər isə inzibati məsuliyyətə cəlb olunmuşdur. Cari ildə bu tədbirlər daha yüksək intensivliklə davam etdirilir. Azərbaycan Respublikası Prezidentinin əhalinin və iqtisadiyyatın enerjidaşıyıcıları ilə təminatının yaxşılaşdırılması tədbirləri haqqında 29 iyun 2000-ci il tarixli Fərmanında enerjidaşıyıcıları ilə əlaqədar sui-istifadələrin, yanacağın oğurlanması hallarının qarşısının alınması, bu sahədə dövlət nəzarəti və intizamının gücləndirilməsi məqsədi ilə Daxili İşlər Nazirliyi tərəfindən bir sıra təşkilati, əməliyyat və profilaktik xarakterli tədbirlər hazırlanaraq həyata keçirilmişdir.
2000-2001-ci illərdə yanacaq-sürtgü materiallarının talanması, elektrik və rabitə xətlərinin oğurlanması ilə əlaqədar ciddi faktlar aşkar olunmuş və 388 cinayət işi başlanmışdır. Həmin qanuna zidd hallar üzrə 297 təqsirkar şəxs müəyyən edilmişdir. Bundan başqa, bu illərdə elektrik enerjisindən və qazdan qeyri-qanuni istifadə olunmasına görə 10 mindən artıq fiziki şəxs barədə inzibati ölçülər götürülmüşdür.
Hörmətli mərasim iştirakçıları!
Fəaliyyətimiz üçün mühüm əhəmiyyət kəsb edən Azərbaycan Respublikası Prezidentinin 30 iyul 2001-ci il tarixli Fərmanı ilə Daxili İşlər Nazirliyinin Əsasnaməsinin və strukturunun təsdiq edilməsi ilə əlaqədar nazirlikdə, eləcə də onun orqan və hissələrində beynəlxalq norma və standartlara uyğun struktur islahatları aparılır. Respublikada narkotik vasitələrlə mübarizə işinin keyfiyyətinin yüksəldilməsi, habelə pasportların verilməsində vətəndaşlar üçün daha əleverişli şəraitin yaradılması, bu işin bölgələr üzrə və operativ həlli müqsədi ilə daxili imkanlar hesabına nazirliyin narkotiklərlə mübarizə və pasport, qeydiyyat idarələrinin müvafiq regional şöbələri, eləcə də cinayət-prosessual qanunvericiliyində edilmiş yeni dəyişikliklərlə əlaqədar Daxili İşlər Nazirliyi sistemində təhqiqatçılar institutu, habelə diplomatik nümayəndəliklərin mühafizəsi üzrə əlahiddə bölük yaradılmışdır. Ölkə Prezidenti tərəfindən təsdiq olunmuş Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmətkeçmə haqqında qanun qüvvəli Əsasnamənin tələblərinə müvafiq olaraq onlarla normativ-hüquqi aktlar qəbul olunmuş və bu yönümdəki işlər davam etdirilir.
Nazirliyin cinayətkarlığa qarşı mübarizədə beynəlxalq təşkilatlarla və xarici dövlətlərin müvafiq strukturları ilə əməkdaşlıq əlaqələri ilbəil genişlənir. 2001-ci il sentyabrın 11-də Amerika Birləşmiş Ştatlarının Nyu-York və Vaşinqton şəhərlərində törədilmiş faciəli terror aktları ilə əlaqədar beynəlxalq terrorizmin miqyası, terrorçuluğun xüsusi ictimai təhlükəliliyi, Azərbaycanın hərbi-siyasi və coğrafi vəziyyəti, habelə mövcud kriminogen durum nəzərə alınmaqla, Daxili İşlər Nazirliyinin müvafiq əmr və göstərişi, terrorizmə qarşı mübarizənin gücləndirilməsinə dair tədbirlər planı hazırlanaraq yerlərə göndərilmişdir. Bu normativ sənədlərin, eləcə də Milli Təhlükəsizlik Nazirliyi ilə birgə hazırlanmış xüsusi tədbirlər planının icrası daim nəzarətdə saxlanılır.
Ötən il respublikanın Zaqatala-Balakən rayonlarında baş vermiş və geniş ictimai əks-səda doğurmuş ağır cinayətlər nəticəsində əməliyyat şəraitinin gərginləşməsi nəzərə alınaraq, Baş Prokurorluq, Daxili İşlər və Milli Təhlükəsizlik Nazirlikləri təxirəsalınmaz intensiv əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri keçirmiş, hadisələrin mənfi inkişafının qarşısı alınmışdır. Görülmüş qətiyyətli tədbirlər nəticəsində Zaqatala rayonundakı Daxili Qoşunların hərbi hissəsinə, rayonun polis şöbəsinə, Baş Dövlət Yol Polisi İdarəsinin stasionar postuna silahlı basqın etmiş cinayətkar dəstənin 43 üzvü müəyyənləşdirilmiş, onlardan 27 nəfəri tutularaq cinayət məsuliyyətinə cəlb edilmişdir. 16 nəfər barəsində isə axtarış elan olunmuş, bandaya məxsus xeyli döyüş sursatı və silah götürülmüşdür.
Həmin hadisələrin qarşısının alınmasında, cinayətkar dəstənin zərərsizləşdirlməsində, ümumiyyətlə respublikada ictimai təhlükəsizliyin təmini məsələlərinin həllində polislə bərabər Daxili Qoşunların da xüsusi rolu qeyd edilməlidir. İstintaqla müəyyən edilmişdir ki, basqının dəf edilməsi ilə, faktiki surətdə, hadisələrin miqyasının genişlənməsinin, bölgəni dövlət strukturlarının nəzarətindən çıxarmaq çəhdlərinin qarşısı alınmışdır.
Daxili Qoşunların şəxsi heyəti daim qayğı ilə əhatə olunur. Cənab Ali Baş Komandanın tapşırığına əsasən respublika Nazirlər Kabinetinin sərəncamı ilə Daxili Qoşunların infrastrukturunu, maddi-texniki bazasını və şəxsi heyətinin sosial-məişət şəraitini yaxşılaşdırılmaq məqsədi ilə, ötən ilin sonlarında 6,5 milyard manat pul vəsaiti ayrılmışdır. Əsgərlərimizə, hərbi qulluqçularımıza dövlət qayğısı bu gün də davam edir.
Dediklərimə daha bir əyani sübut Biləcəridə yerləşən hərbi hissədə yaradılmış və müasir tələblərə cavab verən gözəl şərait, aparılmış abadlıq işləri, əsgərlərimiz üçün yeni 500 nəfərlik beşmərtəbəli əsgər yataqxanasının, 1500 nəfərə xidmət edən yeməkxananın tikintisinin başa çatdırılması və istifadəyə verilməsidir. Onu da qeyd etmək istəyirəm ki, bu proses Daxili Qoşunların digər hərbi hissələrində də gedir. Əsgər və zabitlərimizin sosial-məişət şəraitini daha da yaxşılaşdırmaq üçün əlavə tədbirlər görülür. Bu da cənab Ali Baş Komandanın bütün orduya olduğu kimi, Daxili Qoşunlara da olan diqqət və qayğısının daha bir əyani təzahürüdür.
Möhtərəm cənab Prezident!
Hörmətli həmkarlar!
Son illər daxili işlər orqanları tərəfindən cinayətlərin açılması, axtarışda olan cinayətkarların tutulması istiqamətində aparılan məqsədyqönlü, intensiv və uğurlu əməliyyat-axtarış tədbirləri sayəsində 2001-ci ildə də müsbət göstəricilərə nail olunmuşdur.
Ötən il respublika üzrə qeydə alınmış 3 min 749 ağır və xüsusilə ağır cinayətdən 3 min 419-u, yaxud 91,2 faizi açılmışdır. Cinayətlərin ayrı-ayrı növlərinin, o cümlədən adamöldürmə, soyğunçuluq, quldurluq, avtonəqliyyat vasitələrinin qaçırılması hadisələrinin açılma göstəriciləri də xeyli yaxşılaşmışdır. Bu müsbət təmayül cari ildə də davam edir.
2001-2002-ci illərdə respublika üzrə axtarışda olan 7 min 504, o cümlədən ağır və xüsusilə ağır cinayətlər törətmiş 1523, həmçinin MDB məkanında gizlənən 744 cinayətkar müəyyən edilərək tutulmuşdur. Dövlət hakimiyyəti əleyhinə cinayətlərin iştirakçılarından 17 nəfəri tutulub istintaqa təhvil verilmişdir. Bu bir daha onu göstərir ki, ölkəmizdə törədilmiş əmələ görə cəzanın labüdlüyü prinsipi mütləq və qaçılmazdır.
İqtitsadiyyatda cinayətkarlığa qarşı mübarizə tədbirləri davam etdirilmiş, 2000-2002-ci illər ərzində daxili işlər orqanları tərəfindən 555, o cümlədən 65 külli və xüsusilə külli miqdarda 127 mənimsəmə, 40 rüşvətxorluq, 26 gəliri gizlətmə cinayətləri aşkar edilmişdir. Bu illərdə iqtisadi fəaliyyət sahəsində baş vermiş hüquqa zidd əməllər nəticəsində dövlətə dəymiş 46,4 milyard manat məbləğində ziyanın 29 milyard manatı, yaxud 62,5 faizi istintaqa qədər ödətdirilmişdir. Saxta pul və qiymətli kağızlar hazırlama və satma cünayəti üzrə isə 76 fakt aşkar olunmuş, dövriyyədən 364,8 min saxta ABŞ dolları çıxıarılmışdır.
Azərbaycan Respublikası Prezidentinin “İstehsal, xidmət, maliyyə-kredit fəaliyyətinə dövlət nəzarətinin qaydaya salınması və əsassız yoxlamaların qadağan edilməsi barədə” 17 iyun 1996-cı il və “Dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi və sahibkarlığın inkişafı sahəsində süni maneələrin aradan qaldırılması haqqında” 7 yanvar 1999-cu il tarixli Fərmanlarının daxili işlər orqanları tərəfindən icrasının təmini məsələləri Daxili İşlər Nazirliyinin Kollegiya iclaslarında və əməliyyat müşavirələrində dəfələrlə müzakirə olunmuşdur. Bu sahədə vəzifələrin müəyyən edilməsi ilə əlaqədar zəruri əmr və göstərişlər verilmiş, habelə xüsusi tədbirlər planı işlənib hazırlanmışdır.
İqtisadi fəaliyyət sahəsinə qanunsuz müdaxilə hallarının, özbaşınalıqların qarşısını almaq məqsədi ilə görülmüş tədbirlər nəticəsində 1996-2001-ci illər ərzində 244 əməkdaşa müxtəlif intizam tənbehləri verilmiş, o cümlədən 80 polis əməkdaşı daxili işlər orqanlarından xaric olunmuş, 14 əməkdaş isə tutduqları vəzifələrdən azad edilmişdir. Son dövrlər belə mənfi hallar kəskin surətdə azalmışdır.
Möhtərəm cənab Prezident!
Bununla yanaşı, Sizin sahibkarlar və xarici iş adamları ilə keçirdiyiniz görüşlərdə daxili işlər orqanlarının ayrı-ayrı əməkdaşlarının da yol verdikləri mənfi hallarla əlaqədar haqlı iradlarınızı qəbul edir və Sizi əmin edirəm ki, hər belə fakta bundan sonra da barışmaz və prinsipial mövqedən yanaşılacaqdır. Onu da məruzə edirəm ki, Sizin tövsiyənizlə 1998-2001-ci illərdə nazirliyin rəhbərliyi tərəfindən yerli və xarici iş adamları ilə bir sıra görüşlər keçirilmiş, onları narahat edən və maraqlandıran məsələlər müzakirə edilərək, ayrı-ayrı problemlərinin həlli təmin olunmuşdur.
Hörmətli mərasim iştirakçıları!
Məlum həqiqətdir ki, hər bir fəaliyyət sahəsində olduğu kimi, daxili işlər orqanlarında da xidmətin səmərəli təşkili və effektliyi kadrların düzgün seçilib yerləşdirilməsindən, təlim-tərbiyəsindən, peşəkar özəyin yaradılmasından və möhkəmləndirilməsindən asılıdır. Bu məqsədlə xarici dövlətlərin, o cümlədən Rusiya, Türkiyə, Misir, ABŞ, Fransa və sair ölkələrin müvafiq qurumları ilə əməkdaşlığa xüsusi diqqət yetirilir. Hər il Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin hüquq institutlarına və Türkiyənin Polis Akademiyasına müvafiq olaraq 10-12, ötən ildən etibarən isə daha çox azərbaycanlı gənc göndərilmişdir.
Cənab Prezident, Sizin təşəbbüsünüz və qayğınız nəticəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasında Gürcüstanda və Rusiya Federasiyasının Dağıstan Respublikasında yaşayan soydaşlarımız, habelə Moldovadan qaqauzlar təhsil alırlar.
Möhtərəm cənab Prezident, Sizi əmin edirik ki, gənclərimizin beynəlxalq standartlara uyğun təhsil alması və dövlət qurumlarında layiqincə təmsil olunmaları sahəsində görülən işlər bundan sonra da davam etdiriləcəkdir.
Zati-aliləri, Sizin Azərbaycana rəhbərlik etdiyiniz 70-80-ci illərdə, həmin dövrə xas olan bütün çətinliklərə və müqavimətlərə baxmayaraq, Azərbaycanın böyük ziyalı nəslini, habelə hərbçilər korpusunu yaratmağa nail olmuşdunuz. İndi Milli Ordumuzun zabitlərinin, ölkəmizin ictimai-siyasi və sosial-iqtisadi strukturlarında fəaliyyət göstərən, hüquq mühafizə, o cümlədən daxili işlər orqanlarında xidmət edən şəxslərin əksəriyyəti vaxtilə Sizin yaratdığınız Cəmşid Naxçıvanski adına məktəbin yetirmələri, böyük səylər hesabına göndərdiyiniz və keçmiş SSRİ-nin müxtəlif ali təhsil ocaqlarında və hərbi məktəblərində biliklərə yiyələnmiş insanlardır. Müasir problemlər prizmasından geriyə baxarkən, bu uzaqgörənlik, gələcək qlobal işlərin bünövrəsinin hələ o zaman qoyulması heyrət, həmçinin qürur hissi doğurur və həmin vaxtları inamla milli dirçəliş dövrünün başlanğıcı adlandırmaq olar.
İndiki dövrdə də Sizin rəhbərliyiniz ilə ölkədə aparılan hüquqi islahatlar, demokratikləşdirmə, habelə idarəetmə mexanizminin və təhsil sisteminin təkmilləşdirilməsi prosesi daxili işlər orqanları üçün ixtisaslı kadrlar hazırlayan nazirliyin təhsil müəssisələrinin də beynəlxalq standartlara uyğunlaşdırılmasını gündəmə gətirmişdir. Daxili İşlər Nazirliyinin təhsil müəssisələrinin fəaliyyətini müasir tələblər baxımından yenidən qurmaq, maddi-texniki bazasının inkişafını və xüsusi kadr hazırlığı işini yüksək səviyyəyə çatdırmaq məqsədi ilə bir sıra zəruri tədbirlər həyata keçirilmiş və bu gün də davam etdirilir. Eyni zamanda, nazirlik tərəfindən müasir tələblərə cavab verən kadr potersialının formalaşdırılması, şəxsi heyət arasında mənəvi-psixoloji iqlimin sağlamlaşdırılması, əməkdaşların qanunçuluğa və nizam-intizama riayət, humanizm ideyalarına, insan hüquq və azadlıqlarına, etik normalara hörmət ruhunda tərbiyəsi istiqamətində məqsədyönlü kompleks təşkilati-praktiki tədbirlər həyata keçirilir. Şəxsi heyətin daxili işlər orqanları əməkdaşı adına ləkə gətirənlərdən qətiyyətlə təmizləməsi, qanunları, insan və vətəndaş hüquqlarını pozan, cinayət törədən işçilərin ifşa olunaraq məsuliyyətə cəlb edilməsi üçün ciddi ölçülər götürülmüşdür.
Məruzə edərək bildirirəm ki, daxili işlər orqanlarının hərc-mərclik dövründə qanunsuz yollarla xidmətə qəbul edilmiş təsadüfi, habelə cinayətkarlığa yuvarlanmış şəxslərdən ardıcıl olaraq təmizlənməsi işləri nəticəsində hələ 1993-1996-cı illərdə 5 mindən çox əməkdaş xidmətdən xaric edilmişdir. 1996-2001-ci illər ərzində isə vətəndaşlarla kobud rəftara, onların polis orqanlarına əsassız gətirilməsinə və saxlanılmasına, qanunsuz məsuliyyətə cəlb edilməsinə, hüquqlarının digər şəkildə pozulmasına görə 740 əməkdaşa müxtəlif intizam tənbehləri verilmiş, 100 nəfərə yaxın adam daxili işlər orqanlarından xaric edilmişdir. Görülmüş tədbirlər nəticəsində bütövlükdə, əməkdaşlar arasında xidməti və icra intizamının möhkəmlənməsinə, şəxsi heyətin peşə hazırlığı səviyyəsinin yüksəlməsinə, insan və vətəndaş hüquqlarına daha ciddi riayət edilməsinə nail olunmuşdur.
Zati-aliləri cənab Heydər Əliyev böyük etimad göstərərək, 2002-ci il iyunun 30-da daxili işlər orqanlarının və Daxili Qoşunların xidmətdə fərqlənmiş 140 əməkdaşını və hərbi qulluqçusunu dövlət mükafatları - orden və medallarla təltif etmiş, habelə fəxri adlar vermişdir. Ümumiyyətlə, 1993-cü ildən bu günə kimi olan müddətdə daxili işlər orqanlarının və Daxili Qoşunların 266 əməkdaşı və hərbi qulluqçusu möhtərəm Prezidentimiz tərəfindən yüksək dövlət mükafatlarına, cari ilin əvvəlində isə bir qrup rəhbər vəzifəli əməkdaşımız ali rəis heyəti rütbələrinə layiq görülmüşdür. Bütün bunlar Azərbaycan Prezidenti cənab Heydər Əliyevin daxili işlər orqanlarının şəxsi heyətinin fəaliyyətinə daimi diqqət və qayğısının bariz nümunəsidir.
Möhtərəm cənab Prezident, işimizi yüksək qiymətləndirdiyinizə görə biz Azərbaycan xalqı, dövlətimiz və Sizin qarşınızda çox borcluyuq və məruzə edirəm ki, üzərimizə düşən vəzifələrin həyata keçirilməsində bundan sonra da var qüvvəmizi əsirgəməyəcəyik. İcazə verin, hamınızın adından möhtərəm Prezidentimiz cənab Heydər Əliyevə bir daha dərin minnətdarlığımızı bildirim.
Hörmətli həmkarlar!
Əvvəlki illərdə olduğu kimi, 2001-2002-ci illər ərzində də respublikanın polis orqanları tərəfindən Müdafiə Nazirliyinin və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Bərdə, Beyləqan, Şəmkir və Abşeron rayonlarında yerləşən hərbi hissələrinə 280 milyon manat məbləğində yardım göstərilmişdir. Bundan başqa, Daxili Qoşunların hərbi qulluqçularının və onların ailə üzvlərinin məişət şəraitinin yaxşılaşdırılması istiqamətində də xeyli iş görülmüş, möhtərəm Prezidentimizin tapşırığına əsasən Nazirlər Kabinetinin sərəncamı ilə ayrılmış pul vəsaiti ilə hərbi şəhərciklərdə təmir-tikinti işləri aparılmış, zəruri kömək edilmişdir.
Şəxsi heyətimizin sosial müdafiəsinin gücləndirilməsi, əlil əməkdaşlara və şəhid olmuş işçilərimizin ailə üzvlərinə də daim diqqət və qayğı göstərilir. Bundan başqa, cənab Prezident, Sizin 1995-ci ilin may ayında Bünyad Sərdarov adına zavodun əmək kollektivi ilə görüşünüzdə doğma yurdunu və ev-eşiyini itirmiş imkansız ailələrə dövlət qayğısı ilə yanaşı, hamı tərəfindən onlara könüllü olaraq mümkün kömək göstərilməsi barədə çağırışınızdan sonra hər il qaçqın və məcburi köçkün soydaşlarımıza tərəfimizdən zəruri yardımlar edilir.
Son il yarım ərzində Naftalan şəhərində və Sabirabad rayonunda məskunlaşmış bu qəbildən olan şəxslərə 1 milyard 189 milyon manat pul və 115 ton ərzaq məhsulları paylanmışdır. Bildiyiniz kimi, cari ilin iyun ayının 15-dən 19-dək olan müddətdə Azərbaycan Prezidenti möhtərəm cənab Heydər Əliyev Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidenti, Milli Məclisin deputatı cənab İlham Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasında inşası başa çatdırılmış böyük Olimpiya Kompleksinin açılışında iştirak etmək, blokada şəraitində yaşayan muxtar respublikanın problemlərini bir daha öyrənmək və onların həlli üçün dövlət səviyyəsində tədbirlər görmək məqsədi ilə Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasında olmuşdur. Möhtərəm cənab Prezident səfərdə olduğu müddətdə Naxçıvanda son illər iqtisadiyyatın inkişafını, vətəndaşların maddi və sosial rifahının yaxşılaşdırılmasını, əmin-amanlığın dönməz xarakter almasını qeyd etməklə bərabər, Ermənistanın ölkəmizə təcavüzü nəticəsində bu diyarın ağır blokada şəraitində yaşaması baxımından xüsusi qayğı ilə əhatə olunmasının və hər cür kömək göstərilməsinin vacibliyini vurğulamış, bu sahədə dövlət strukturlarının rəhbərlərinə müvafiq tapşırıqlar vermişdir. Cənab Prezident, Sizin bu göstərişinizlə əlaqədar 2002-ci il iyunun 22-də Daxili İşlər Nazirliyində xüsusi əməliyyat müşavirəsi keçirilərək zəruri tədbirlər müəyyən edilmiş və icrasının təmini üçün bütün təşkilati tədbirlər görülür.
Hörmətli mərasim iştirakçıları!
Daxili İşlər Nazirliyi ictimaiyyətlə əlaqələrin genişlənidirməsinə də xüsusi diqqət yetirir və ümumiyyətlə, polisin fəaliyyətində aşkarlıq prinsiplərinin bərqərar olunmasında maraqlıdır. Kütləvi informasiya vasitələri ilə daim sıx işgüzar əlaqələr saxlanılaraq Azərbaycan Daxili İşlər Nazirliyi sistemində aparılan islahatlar, cinayətkarlıqla mübarizənin nəticələri, ictimai təhlükəsizliyin təmini, eləcə də daxili işlər orqanlarının hüquq-mühafizə fəaliyyəti ilə əlaqədar aşkar edilən mənfi hallar və bütövlükdə görülən işlər haqqında ictimaiyyətə hesabat verilir. Aşkarlığı əks etdirən belə xüsusatlar isə əhali tərəfindən müsbət qarşılanır və təqdir olunur.
Daxili işlər orqanlarının əməkdaşları asayişin keşiyində daim sayıq dayanmış, qrup mənafeyi güdən qüvvələr tərəfindən hər hansı bir formada qanunsuz aksiyalar keçirilməsinin, hüquq qaydalarının və ictimai təhlükəsizliyin pozulması hallarının qarşısını həmişə qətiyyətlə almışlar. Təkcə 2001-ci və cari ilin ötən dövrü ərzində müxalifətin keçirdiyi qanunsuz aksiyalar zamanı xidməti vəzifələrini yerinə yetirən daxili işlər orqanlarının 228 əməkdaşına müxtəlif dərəcəli bədən xəsarətləri yetirilmişdir. Lakin pozucu qüvvələrin təxribatları, əməkdaşları qəsdən münaqişəyə cəlb etmək, toqquşma yaratmaq və sonra isə hüquqlarının pozulması barədə uydurma bəyanatlar vermək cəhdləri şəxsi heyətimizin qanunçuluğa və xidməti borca sədaqət əzmini nəinki qıra bilməmiş, əksinə, onları daha dəyanətli və səfərbər etmişdir.
Bu gün daxili işlər orqanları siyasətdən kənardır. Lakin o da məlumdur ki, ölkədə baş verən ictimai-siyasi proseslər və qanunçuluğa riayət edilməsi vəziyyəti kriminogen quruma ciddi təsir göstərən amillərdəndir. Odur ki, daxili işlər orqanları dövlətin hüquq-mühafizə siyasətinin daşıyıcısı olmaqla, sabitliyin, ictimai təhlükəsizliyin, insan hüquqlarının pozulması ilə bağlı hər hansı bir əməlin qarşısını almağa borcludur və bunun üçün xalq, dövlət və ölkə Prezidenti qarşısında cavabdehdir. İndi vətəndaşlarımız konkret nəticələr verən siyasətə arxalanır, onu dəstəkləyir. Belə siyasət isə yalnız möhtərəm Prezidentimizin həyata keçirdiyi hüquqi və dünyəvi dövlət quruculuğu xəttidir. Ayaz Mütəllibov, Rəsul Quliyev, İsa Qəmbər, Pənah Hüseynov, Əli Kərimov, Sərdar Cəlaloğlu və bu kimi digərlərinin Azərbaycanda ölkəmizin Prezidentinin rəhbərliyi ilə daxili sabitliyin möhkəmləndirilməsində, iqtisadiyyatımızın, mədəniyyətimizin, elmimizin inkişafında, ordu quruculuğunda, bir sözlə, həyatın bütün sahələrində görülən qlobal işlərə kölgə salmaq cəhdləri əbəsdir.
Bu gün tam inamla deyə bilərik ki, cəmiyyətin böyük əksəriyyəti, eləcə də daxili işlər orqanlarının çoxminli kollektivi dövlətimizin başçısının önəmli xidmətlərini yüksək qiymətləndirir və ürəkdən dəstəkləyir. Möhkəm dövlət intizamına və qanunçuluğa söykənən iş prinsipi, səmərəli idarəetmə mexanizmi, hökumət strukturlarının sıx qarşılıqlı əlaqəsi zati-aliləri cənab Heydər Əliyevin yaratdığı dövlətçilik siyasətinin əsasını təşkil edir. Müstəqillik və dövlətçilik mövqeyində dayanan bütün hüquq-mühafizə, o cümlədən polis orqanları da bu siyasətin reallaşması yolunda çalışmaqdan qürur hissi duyurlar. Təsadüfi deyil ki, möhtərəm Prezidentimizin səyi ilə daxili işlər orqanları, prokurorluq, milli təhlükəsizlik, hərbi əks-kəşfiyyat, ədliyyə, məhkəmə və digər dövlət qurumları arasında yaranmış işgüzar, mehriban münasibətlər nəticəsində ölkəmizdə etibarlı sabitliyə nail olunmuş, cinayətlərin bütün təzahürləri, xüsusən mütəşəkkil növləri ilə mübarizədə yüksək göstəricilər əldə edilmişdir.
Hörmətli qonaqlar!
Əziz həmkarlar!
Görülən müsbət işləri, cinayətkarlıqla mübarizədə qazanılmış şəksiz uğurları qeyd etməklə biz qətiyyən o fikirdə deyilik ki, fəaliyyətimizdə nöqsan və çatışmazlıqlar yoxdur. Bayram günündə mən bu barədə ətraflı danışmaq istəməzdim. Biz nöqsanlarımızı görür və onların aradan qaldırılması üçün adekvat tədbirlər həyata keçiririk.
Hələ də qarşımızda bir sıra ciddi problemlər, xidməti fəaliyyətimizdə qüsur və çatışmazlıqlar olduğu, onların həli və aradan qaldırılması üçün mövcud potensialımızdan, imkanlarımızdan tam, kifayət qədər səmərəli istifadə edilmədiyi halda, arxayınlaşmağa haqqımız yoxdur. Dövləti və xidməti mənafenin, xalqımızın və möhtərəm Prezidentimizin də tələbi budur. Biz daim axtarışda olmalı, mövcud nöqsanları aradan qaldırmalı, islahatları davam etdirməli, qabaqcıl beynəlxalq təcrübəni işimizdə tətbiq edərək əməliyyat-xidməti fəaliyyətimizi təkmilləşdirməliyik. Bilirik ki, gələcək uğurlarımızın əsasını əməliyyat şəraitinin gündəlik təhlili və qiymətləndirilməsi nəticəsində nöqsanların, mənfi halların vaxtında aşkar edilməsi, onların aradan qaldırılması üçün qanunvericiliyə uyğun çevik idarəçilik qərarlarının qəbul olunması təşkil edir.
Hörimətli həmkarlar!
Məruzəmin sonunda daxili işlər orqanlarının bütün şəxsi heyətini, şəhid olmuş əməkdaşlarımızın ailələrini, veteranlarımızı, hərbi qulluqçularımızı, habelə çətin xidmətimizdə hər birimizə arxa və kömək olan ailə üzvlərimizi peşə bayramımız münasibətilə bir daha səmimi qəlbdən təbrik edir, hamınıza cansağlığı, Vətənimizin çiçəklənməsi naminə çətin və şərəfli işinizdə yeni-yeni uğurlar arzulayıram.
Möhtərəm cənab Prezident!
Cənab Ali Baş Komandan!
Daxili işlər orqanlarının şəxsi heyətinə göstərdiyiniz bu ali diqqət və qayğıya, vaxt tapıb bizim təntənəli mərasimdə iştirak etdiyinizə görə şəxsi heyət adından Sizə bir daha dərin minnətdarlığımızı bildirirəm. Sizi əmin edirik ki, ölkəmizin tərəqqisi və xalqımızın maddi rifahının yüksəlməsi naminə yorulmaq bilmədən böyük əzm və qətiyyətlə gördüyünüz işlərin əsas təminatçısı olan sabitliyin və onun dönməzliyinin qorunub saxlanılması, cinayətkarlıqla mübarizənin daha da gücləndirilməsi, ictimai təhlükəsizliyin və insan hüquqlarının etibarlı təmini üçün bundan sonra da bütün qüvvə və səylərimizi əsirgəməyəcəyik. Asayişin, müstəqilliyimizin və dövlətçiliyimizin keşiyində həmişə olduğu kimi ayıq-sayıq dayanacağıq. Sadiq əsgərlərimiz olan daxili işlər orqanlarının və Daxili Qoşunların şəxsi heyəti Sizin bütün göstərişlərinizi, Ali Baş Komandanın əmrlərini dərhal və dönmədən yerinə yetirməyə hər an hazırdır.
Diqqətinizə görə sağ olun.
X X X
Sonra Daxili İşlər Nazirliyinin və Silahlı Qüvvələrin veteranı, polkovnik-leytenant Sabir Məmmədov Prezident Heydər Əliyevə həsr etdiyi “Ellər atası” şerini oxudu:
Gözün aydın, Azərbaycan!
Müjdə var ulu Tanrıdan.
Səni bəladan qurtaran,
Azğınların bağrın yaran,
Müqəddəs bir pay gəlibdir.
O, ilahi bir qüdrətdir,
Azərbaycana öndərdir,
Ellər atası Heydərdir!
Odur xalqın xilaskarı,
Eşqi, andı, etibarı,
Əyilməyən zülfüqarı,
Haqq-ədalət iqtidarı,
Türkün böyük yadigarı,
Azərbaycana öndərdir,
Ellər atası Heydərdir!
Elin gücü, selin gücü,
Polad biləklərin gücü,
Sağ səslənən dilin gücü,
O yaradan birlikdədir.
Bu birliyə o, sərvərdir,
Heydər məğlubedilməzdir,
Azərbaycana öndərdir,
Ellər atası Heydərdir!
Atatürklə qoşadır o,
Xalqı azad yaşadır o,
Yenilməz bir kişidir o,
Haqq-ədalət işidir o.
Andı xalqa səadətdir,
Qeyrət rəmzidir, qeyrətdir,
Azərbaycana öndərdir,
Ellər atası Heydərdir!
O, İlhamın atasıdır,
Sevilin qəlb nidasıdır,
Neçə nəvə babasıdır.
Hələ bunlar harasıdır,
Heydərin də babasıdır.
Nəticələr görəcəkdir,
O, bizim baba ərəndir,
Azərbaycana öndərdir,
Ellər atası Heydərdir!
Dur ayağa Azərbaycan!
Öndədir Ali Komandan,
Cəbhədədir o qəhrəman,
Əsgərlərlə səngərdədir,
Düşmənlərlə üz-üzədir.
O, əsgərdir, sərkərdədir,
Azərbaycana öndərdir,
Ellər atası Heydərdir!
Odur sülhün mərd ustadı,
O ustadtək başçı hanı?!
Cəlb edib bütün cahanı,
Məyus edib çox nadanı.
O, alimdir, Peyğəmbərdir,
Azərbaycana öndərdir,
Ellər atası Heydərdir!
X X X
Daxili İşlər Nazirliyinin əməkdaşı, Prezidentin Fərmanı ilə bu günlərdə “Azərbaycan bayrağı” ordeni ilə təltif olunmuş polis polkovnik-leytenantı Vilayət Eyvazov təntənəli mərasimdə çıxış etdi.
POLİS POLKOVNİK-LEYTENANTI VİLAYƏT EYVAZOVUN ÇIXIŞI
-Möhtərəm Cənab Prezident
Cənab Ali Baş Komandan!
İcazə verin, Sizi, dövlət mükafatlarına layıq gördüyünüz daxili işlər orqanlarının əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları adından səmimi qəlbdən salamlayım, Sizə möhkəm can sağlığı, uzun ömür, doğma Azərbaycanımız naminə möhtəşəm və əvəzsiz fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayım.
Sizin daxili işlər orqanlarının şəxsi heyəti ilə keçirdiyiniz hər bir görüş bizim qəlbimizdə dərin izlər buraxır, unudulmaz tarixi hadisəyə çevrilir.Onu da demək istəyirəm ki, Azərbaycan Polisinin gənc əməkdaşları olaraq, Heydər Əliyev məkdəbinin yetirməsi kimi şərəfli bir adın daxili işlər orqanlarının indiki nəslinə də qismət olmasından böyük iftixar hissi keçiririk.
Yaxşı bilirik ki, Siz, daxili işlər orqanlarının fəaliyyətinə nə qədər böyük önəm verir, bizə necə böyük qayğı və diqqət göstərirsiniz. Nazirimiz, general-polkovnik cənab Ramil Usubov məruzəsində qeyd etdi ki, bu günədək daxili işlər orqanlarının və Daxili Qoşunların 260-dan çox əməkdaşı və hərbi qulluqçusu Sizin tərəfinizdən yüksək dövlət mükafatlarına layıq ğörülmüşdür.
Möhtərəm cənab Prezident!
Sözsüz ki, bütün bunlar Sizin bizə olan etimadınızdan, işimizi qiymətləndirməyinizdən irəli gəlir. Azərbaycan Polisinin 80 illik yubileyində Siz qeyd etmişdiniz ki, “ Azərbaycan polisi daim xalqla bir yerdə olmuş, ölkəsinə, dövlətinə sədaqətlə xidmət etmişdir!” Sizin bu müdrik kəlamınızın üzərimizə nə dərəcədə böyük məsuliyyət qoyduğunu dərindən dərk edir, öz işimizdə Sizin tələb və tövsiyyələrinizə layiq olmağa çalışırıq.
Tarixi reallıqlara uyğun olaraq, “Polis günü”nün təsis edilməsi, eləcə də daxili işlər orqanlarının sosial məsələlərinin həlli ilə bağlı qəbul etdiyiniz qərarlar, daxili işlər orqanlarının bir qrup rəhbər vəzifəli əməkdaşını ali rəis heyəti rütbələrinə layiq görməyiniz, habelə təşəbbüsünüzlə fəaliyyətimiz üçün zəruri qanunvericilik aktlarının qəbulu və Azərbaycan polisinin günbəgün beynəlxalq standartlara daha çox cavab verən bir quruma çevrilməsi Sizin əməkdaşlarımıza və hərbi qulluqçularımıza olan qayğınızın, tələbkarlığınızın, həmçinin işimizə verdiyimiz yüksək qiymətin əyani təzahürüdür.
Sizin, “Cinayətkarlığa qarşı mübarizənin, qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi tədbirləri haqqında” 9 avqust 1994-cü il tarixli Fərmanınızdan sonra yaradılmış Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi nazirliyin digər xidmət sahələri, daxili qoşun hissələri və ərazi polis orqanları ilə qarşılıqlı əlaqədə onlarla cinayətin, adam oğurluqlarının, qətl, quldurluq və soyqunçuluqların üstünün açılmasında, cinayətkarların ifşa olunmasında və zərərsizləşdirilməsində yaxından iştirak etmişdir. Azərbaycanın müstəqilliyinə, Konstitusiyalı dövlət quruluşuna, həmçinin Sizə qarşı törədilən terror aktlarına cəhd cinayətlərinin açılmasında və bu hadisələrin iştirakçilarının müəyyən edilib tutulmasında bizim kolektivin də əməyi az olmamışdır.
Bir məsələni də qeyd etmək istərdim. Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidenti, Milli Məclisin deputatı cənab İlham Əliyevin gənclərə, böyük idmana diqqət və qayğısı daxili işlər orqanlarının gənc əməkdaşlarını da qəlbən ruhlandırır. Hər birimiz Sizin dövlət gənclər siyasətinizin həyata geçirilməsində xüsusi xidmətləri olan cənab İlham Əliyevə dərin rəğbətimizi bildirir və əmin edirik ki, Sizin kimi öndəri və İlham Əliyev kimi lideri olan Azərbahcan gəncliyinin qüdrəti qarşısında hər hansı bir qara qüvvə acizdir və heç bir vaxt müstəqilliyimizə və dövlətçiliyimizə qəsd edə bilməz.
Möhtərəm cənab Prezident!
İcazə verin, bizə göstərdiyiniz xüsusi diqqətə, daxili işlər orqanlarının əməkdaşlarını və Daxili Qoşunların hərbi quluqçularını yüksək dövlət mükafatlrı ilə təltif etdiyinizə görə bir daha Sizə öz adımdan və həmkarlarımın adından qəlbimizin dərinliklərindən gələn minnətdarlıq hislərini çatdırım, zati-alinizə uzun ömür, can sağlığı arzulayım.
Diqqətinizə görə çox sağ olun.
X X X
RAMİL USUBOV: Bu bayram münasibətilə mərasimin ünvanına Rusiya Federasiyasının, Türkiyənin, Özbəkistanın, Ukraynanın, Tacikistanın, Gürcüstanın daxili işlər orqanlarından təbrik məktubları gəlmişdir. Həmçinin respublikamızın nazirliklərindən, idarə və müəssisələrindən, ayrı-ayrı vətəndaşlarından da ünvanımıza təbriklər, xoş arzular gəlmişdir. İcazə verin, bizə ünvanlanan təbriklərə, xoş arzulara görə sizin adınızdan onlara təşəkkürümüzü və minnətdarlığımızı bildirək.
Möhtərəm cənab Prezident!
Cənab Ali Baş Komandan!
Biz, daxili işlər orqanlarının bütün şəxsi heyəti həmişə Sizin rəhbərliyiniz altında, Sizin tövsiyələrinizlə fəaliyyət göstərmişik. Fəaliyyətimizdə həmişə, Sizin öyrətdiyiniz kimi, dövlətçiliyi, dövləti sevməyi, ona sədaqətlə xidmət etməyi əsas götürmüşük. Bugünkü təntənəli gündə Sizin bizə verəcəyiniz tövsiyələri, məsləhətləri səbirsizliklə gözləyirik. Hamımız rica edirik ki, Siz bizə öz tövsiyə və məsləhətlərinizi verəsiniz. Buyurun.
Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV təntənəli mərasimdə geniş nitq söylədi.
\Dövlətimizin başçısının nitqi qəzetin 4 iyul nömrəsinin birinci səhifəsində dərc olunmuşdur\.
X X X
RAMİL USUBOV: Möhtərəm cənab Prezident! Cənab Ali Baş Komandan! Biz hamımız Sizin nitqinizi dinlədik, bizə verdiyiniz tövsiyələri, göstərdiyiniz iradları səmimi qəlbdən qəbul edirik.
Cənab Prezident, Siz həmişə xalqına, millətinə sədaqətlə qulluq etməyin, sədaqətlə xidmət etməyin bir rəmzi olmusunuz. Bizim hamımız Vətənə, millətə necə xidmət etməyi Sizdən öyrənmişik. Siz 30 ildən çoxdur ki, Azərbaycana rəhbərlik edirsiniz. Burada əyləşənlərin demək olar ki, hamısı gənclik, uşaqlıq dövründən Sizdən, cənab Heydər Əliyevdən tərbiyə almışdır və biz hamımız Sizə oxşamağa çalışmışıq.
Cənab Prezident, müstəqil Azərbaycanı çətinliklərdən, müstəqilliyimizi itirməkdən məhz Siz xilas etdiniz. Söydiyiniz fikirlər, verdiyiniz tövsiyələr bizim gələcək fəaliyyətimiz üçün proqram olacaqdır. Sizi əmin edirəm ki, daxili işlər orqanlarının və Daxili Qoşunların bütün şəxsi heyəti Sizin bütün göstərişlərinizə bundan sonra da yüksək səviyyədə əməl edəcək, Sizə sədaqətlə, xalqımıza ləyaqətlə xidmət edəcəklər. Çox sağ olun.
X X X
Sonra “Polis Günü”nə həsr olunmuş təntənəli mərasim iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevə müraciət qəbul olundu.
“POLİS GÜNÜ”NƏ HƏSR OLUNMUŞ TƏNTƏNƏLİ MƏRASİMİN İŞTİRAKÇILARININ AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ HEYDƏR ƏLİYEVƏ MÜRACİƏTİ
Möhtərəm cənab Prezident!
Müstəqil Azərbaycan dövlətçiliyinin yeni tarixində xüsusi rolu və yeri olan Azərbaycan respublikasının daxili işlər orqanları böyük fəxr və qürur hissi ilə əlamətdar bir hadisəni - Polis Gününü təntənə ilə qeyd edir. Ölkəmizdə cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmini vəzifələrini yerinə yetirən polisin təşkili Azərbaycanın dövlət quruculuğunun mühüm tarixi nailiyyətlərindəndir. Bu tarixi 1918-ci il iyulun 2-də xalqımız, onun müstəqilliyini sevən, keşiyində dayanan övladları yaratmış, lakin onu peşə bayramı kimi bizə Siz bəxş etmisiniz. Məhz Sizin 29 may 1998-ci il tarixli Fərmanınız ilə iyulun 2-nin Polis Günü elan edilməsi tarixi ədalətin və reallıqların bərpası və təsdiqi olmuşdur. Daim Sizin diqqət və qayğınız ilə əhatə olunan və dövlətçiliyimizin dayaqlarından saydığınız daxili işlər orqanları yorulmaq bilmədən ölkədə apardığınız quruculuq prosesində fəal iştirak edərək, insanların azad, sərbəst yaşaması üçün lazımi şəraitin yaradılmasında üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışırlar. Son illər cinayətkarlıqla mübarizədə və ictimai təhlükəsizliyin təminində əldə edilən uğurlar, bu yönümdə respublika daxili işlər orqanlarının gərgin əməyi xalqımız və Sizin tərəfinizdən dəfələrlə yüksək qiymətləndirilmiş və təqdir olunur. Şəxsi heyətimiz bu diqqətdən böyük qürur hissi duyur və öz peşə bayramının ildönümünü səmərəli fəaliyyəti və layiqli zəhməti ilə qeyd edir.
Cənab Ali Baş komandan!
Bu ilin əvvəlində növbəti dəfə işimizə yüksək qiymət verərək çoxsaylı kollektivimizin rəhbər işçilərini ali rəis heyəti rütbələrinə, iki gün öncə isə daxili işlər orqanları və Daxili Qoşunların bir qrup əməkdaşının və hərbi qulluqçusunun yüksək dövlət mükafatlarına layiq görməyiniz bizi xidməti vəzifələrin yerinə yetirilməsinə, asayişin və dövlətçiliymizin keşiyində daha sayıq durmağa ruhlandırır və müstəqil Azərbaycan Respublikasına xidmətdə daim fədakar və məsuliyyətli olmağa səfərbər edir.
Sizin rəhbərliyiniz ilə respublikada qanunların aliliyinin bərqərar edilməsi, demokratikləşdirmə, güclü dövlət intizamı və eyni zamnda, dövlət orqanları arasında normal, işgüzar münasibətlərin yaradılması ölkədə daxili sabitliyin qorunmasına və cinayətkarlıqla mübarizənin daha uğurla aparılmasına imkan vermişdir. İndi daxili işlər orqanlarında müasir tələblərə cavab verən kadr potensialının formalaşdırılması, əməkdaşların qanunçuluğa, insan hüquq və azadlıqlarına hörmət ruhunda tərbiyəsi istiqamətində planlı və ahəngdar işlər davam etdirilir.
Möhtərəm cənab Prezident!
Bu gün Azərbaycanın daxili işlər orqanlarında Sizin - Ali Baş Komandanımızın qalibiyyət bayrağını zirvələrdən-zirvələrə aparan, Vətənə, dövlətə və xalqa sədaqətli olan asayişi mühafizə qüvvələri, əsgərlərimiz vardır. Qoy dövlətçiliyimizə düşmən kəsilənlər bilsinlər ki, onların niyyətləri heç vaxt baş tutmayacaqdır! İnamla deyə bilərik ki, Sizin diqqət və qayğınız sayəsində Azərbaycan Polisi peşəkar, bacarıqlı və yüksək idarəetmə sisteminə malik monolit bir struktura çevrilmişdir. Təsadüfi deyil ki, Sizin rəhbərliyiniz ilə polis, prokurorluq, milli təhlükəsizlik, hərbi əks-kəşfiyyat, ədliyyə, məhkəmə və digər dövlət qurumları arasında yaranmış işgüzar, mehriban münasibətlər nəticəsində ölkəmizdə dönməz və etibarlı sabitliyə nail olunmuş, hüquq qaydalarının qorunması sahəsində yüksək göstəricilər əldə edilmişdir. Daxili işlər orqanlarının şəxsi heyəti Azərbaycan Respublikasının Qanunlarını, Sizin Fərman və Sərəncamlarınızın tələblərini, bəyanat və tövsiyələrinizi rəhbər tutaraq, onları qarşıya qoyulmuş mühüm vəzifələr kimi ardıcıllıqla yerinə yetirir.
Möhtərəm cənab Prezident!
Azərbaycan Polisinin 84-cü ildönümünə həsr olunmuş təntənəli mərasimdə iştirak etmək üçün vaxt tapıb bizimlə görüşə gəldiyinizə, şəxsi heyətimizə əlamətdar və tarixi anlar bəxş etdiyinizə, hamımız üçün çox qiymətli fəaliyyət proqramı olacaq dərin məzmunlu çıxışınıza və dəyərli tövsiyələrinizə görə Sizə hədsiz minnətdarlığımızı bildiririk. Sizi əmin edirik ki, ölkəmizin tərəqqisi və xalqımızın maddi rifahının yüksəlməsi naminə yorulmaq bilmədən, böyük əzm və qətiyyətlə gördüyünüz işlərin əsas təminatçısı olan sabitliyin və onun dönməzliyinin qorunub saxlanılması, cinayətkarlıqla mübarizənin daha da gücləndirilməsi, ictimai təhlükəsizliyin və insan hüquqlarının etibarlı təmini üçün bundan sonra da bütün qüvvə və səylərimizi əsirgəməyəcək, müstəqilliyimizin və dövlətçiliyimizin keşiyində həmişə olduğu kimi ayıq-sayıq dayanacağıq. Sadiq əsgərləriniz olan daxili işlər orqanlarının və Daxili Qoşunların şəxsi heyəti Sizin bütün göstərişlərinizi və əmrlərinizi dərhal və fədakarlıqla yerinə yetirməyə hər an hazırdır.
X X X
Rəsmi hissədən sonra incəsənət ustalarının iştirakı ilə bayram konserti oldu.
Milli Məclisin sədri Murtuz Ələsgərov, baş nazir Artur Rasizadə, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər mərasimdə iştirak edirdilər.