SİYASƏT
Politoloq: ABŞ Konqresinin Azərbaycana yardımı qadağan edən 907-ci düzəlişi ikili standartın bariz nümunəsidir
Bakı, 3 oktyabr, AZƏRTAC
Hər bir xalq üçün öz taleyinin sahibi olmaq, müstəqil dövlət yaratmaq və inkişaf etdirmək onun ən böyük nailiyyətidir. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik və dövlətçilik əzmini sarsıda bilmədi. 1991-ci ildə müstəqilliyini elan etməklə Azərbaycan öz dövlət suverenliyini bərpa etdi. Çünki suverenlik hakimiyyətin ali keyfiyyəti deməkdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, politoloq İlyas Hüseynov Bakıda keçirilən “Afrikada Fransanın neokolonializm siyasətinə” həsr edilmiş beynəlxalq konfransın Afrikanın inkişafı üçün iqtisadiyyatın dekolonizasiyası mövzusunda keçirilən sessiyasında söyləyib.
O bildirib ki, ikili standartların ən çox müzakirə olunan və ən ağrılı tərəfi böyük dövlətlərin kiçik dövlətlərə, ümumiyyətlə, bir dövlətin digər iki dövlətə qarşı fərqli, qərəzli münasibətidir. İkili standartlara misal kimi ABŞ, Fransa və digər ölkələrin Ermənistan və Azərbaycana qarşı siyasətini göstərmək olar.
Bu zaman ikiüzlü siyasət termini də işlədilir. ABŞ Konqresinin Azərbaycan dövlətinə yardımı qadağan edən 907-ci düzəlişi də ikili standartın bariz nümunəsi hesab olunur.
"Afrikanın dörd əsrdən artıq qul ticarəti və müstəmləkə istismarı zamanı Avropa dövlətləri tərəfindən əsarət altına alınması milyonlarla afrikalı üçün nəinki böyük əzab və ölümlə nəticələndi, həm də Afrikanın müasir geriliyi və kütləvi yoxsulluğuna səbəb oldu. Bununla belə həm “sivilizasiya missiyası”, həm də Fransanın Afrikadakı siyasəti tamamilə irqçi idi və müstəmləkəçilik dövlət tərəfindən təsdiqlənmiş zorakılıq aktına çevrildi”, - deyə politoloq vurğulayıb.