İQTİSADİYYAT
Polşa iki ölkənin sahibkarlarının əməkdaşlıq etməsinə maraq göstərir

Varşava, 2 aprel (AZƏRTAC, Laçın Sultanova). Polşa və Azərbaycan 2005-ci ildə imzalanmış sazişə müvafiq olaraq iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın altıncı iclasını keçirməyə hazırlaşırlar.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan jurnalistləri ilə görüşdə Polşa İqtisadiyyat Nazirliyinin Yardım və ikitərəfli əməkdaşlıq departamentinin baş mütəxəssisi Malqajata Qolembevska məlumat verərək demişdir: “Komissiyanın Bakıda keçiriləcək iclası çərçivəsində biz əməkdaşlığımızın genişləndirilməsi imkanlarını, qarşılıqlı fəaliyyət istiqamətlərini müəyyən edəcəyik”.
M.Qolembevska ölkələrimiz arasında əmtəə dövriyyəsinin genişlənməsi barədə məlumat verərək demişdir ki, 2013-cü ildə ölkələrimiz arasında əmtəə dövriyyəsinin ümumi həcmi 1534,3 milyon dollar (Polşa 133,4, Azərbaycan - 19,9 milyon dollar) təşkil etmişdir. Azərbaycanın əsasən polietilen, qoz və şirələrdən ibarət ixracı 4 dəfədən çox artmışdır.
O demişdir: “Biz sahibkarlarımızın görüşlərini təşkil etməkdə maraqlıyıq. Polşa kənd təsərrüfatı, tikinti, modernləşdirmə, nəqliyyat, ətraf mühit sahəsində Azərbaycanla əməkdaşlığın inkişafına maraq göstərir”.
Görüşdə Polşa Respublikası iqtisadiyyatının ümumi mənzərəsinin təqdimatı olmuşdur. Bildirilmişdir ki, 2013-cü ildə Polşanın ümumi daxili məhsulu 513,9 milyard dollar təşkil etmişdir. Bu il həmin göstəricini 3 faiz artırmaq nəzərdə tutulur.