DÜNYA
Polşa Rusiyadan neft almaqda davam edən ölkələr üçün əlavə rüsumun tətbiqini təklif edib
Bakı, 25 may, AZƏRTAC
Polşa hakimiyyəti Avropa İttifaqının Moskvaya qarşı yeni sanksiyalar paketinin müzakirəsi çərçivəsində təklif edib ki, Rusiyadan neft tədarükünü davam etdirən ölkələr üçün əlavə rüsum tətbiq olunsun.
AZƏRTAC Avropa mediasına istinadla xəbər verir ki, bu barədə Polşanın Baş naziri Mateuş Moravetski jurnalistlər üçün təşkil olunan brifinqdə deyib.
“Rusiya öz neftini istənilən qiymətə satmağa məcburdur. Bu səbəbdən uzun müddət Rusiyadan ucuz neft idxal etmək istəyən ölkələr bundan fayda əldə etməməlidir”, - deyə Mateuş Moravetski bildirib.
Onun sözlərinə görə, Macarıstan, Çexiya, Slovakiya və Avstriya kimi bəzi ölkələr altı aydan və hətta bir ildən tez Rusiya neftindən imtina edə bilməz. Buna görə də daha uzun keçid dövrü istəyənlərin narahatlıqları nəzərə alınmalıdır. Lakin həmin ölkələr Rusiya neftinin tədarükündən imtina etmək üçün daha cəsarətli olmalıdır.
Avropa İttifaqı ölkələri təxminən üç həftədir ki, Rusiyaya qarşı neft embarqosunu nəzərdə tutan altıncı sanksiyalar paketi ilə bağlı razılığa gələ bilmir. Avropa Komissiyası altıncı paketin qüvvəyə minməsindən altı ay sonra Rusiyadan xam neft tədarükünə, 2023-cü ildən isə neft məhsullarının idxalına qadağa qoymağı təklif edir. Eyni zamanda, Macarıstan və Slovakiya 2024-cü ilin sonunadək bu məhdudiyyətlərdən azad olmalıdır. Buna baxmayaraq, Macarıstan bəzi ölkələrin dəstəyi ilə neft embarqosuna qarşı çıxır və bunun Avropa üçün fəlakətli olacağını iddia edir.