İDMAN
Portuqaliya millisinin sabiq üzvü: Fernandu Santuşla Azərbaycan yığmasında işləmək böyük təcrübə olar – EKSKLÜZİV
Bakı, 2 sentyabr, AZƏRTAC
“Fernandu Santuşun bilik və bacarığı Azərbaycan millisinə böyük fayda verəcək”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Portuqaliya millisinin sabiq qapıçısı, ölkəsinin “Portu” və İspaniyanın “Sevilya” klubları ilə UEFA Avropa Liqasının üçqat qalibi olmuş “Betu” ləqəbli Antoniu Albertu Baştuş Pimparel vaxtilə birlikdə yığma komandada işlədikləri Fernandu Santuşun Azərbaycan seçməsindəki gələcək işi barədə danışarkən deyib.
Portuqaliya millisinin heyətində Millətlər Liqasının qalibi olmuş veteran qolkiper 70 yaşlı çalışdırıcının təyinatının uğurlu olduğunu bildirib: “Fernandu Santuş çoxlu titullara sahib olan təcrübəli məşqçidir. Onun futbola olan həvəsi azərbaycanlı oyunçulara uğur və yüksəliş üçün yeni yol aça bilər. Ən önəmlisi heyət üzvlərinin baş məşqçinin taktikalarını başa düşməsidir. Düşünürəm ki, komandada adlar yox, birgə iş böyük nəticə verəcək”.
Betunun fikrincə, Azərbaycan millisi Fernandu Santuşun rəhbərliyi altında UEFA Millətlər Liqasında müsbət nəticə qazana bilər: “O, Portuqaliya millisi ilə Avropa çempionatının və Millətlər Liqasının qalibi olub. Məncə, F.Santuş necə uğur əldə edəcəyini bilən məşqçidir”.
O, Azərbaycan millisində işləmək təklifi alacağı halda düşünəcəyini də söyləyib: “Fernandu Santuşla işləmək mənim üçün böyük təcrübə olar. Düşünmək və qərar vermək üçün bütün bunları təhlil etməyə ehtiyacım var. Hazırda isə belə söhbət yoxdur”.
Qeyd edək ki, Azərbaycan millisi sentyabrın 5-də UEFA Millətlər Liqası çərçivəsində Tofiq Bəhramov adına Respublika Stadionunda İsveçlə, ayın 8-də isə Koşitsedə Slovakiya ilə üz-üzə gələcək.