CƏMİYYƏT
Postmüharibə dövründə şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 130 min şəxsə 358 min xidmət göstərilib
Bakı, 27 sentyabr, AZƏRTAC
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə dövlət başçısının tapşırıqları əsasında şəhid ailələri üzvləri və müharibə iştirakçıları ilə bağlı həyata keçirilən genişmiqyaslı sosial dəstək paketinin icrası uğurla davam etdirilir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həmin sosial dəstək paketi çərçivəsində postmüharibə dövründə şəhid ailələri üzvləri və müharibə veteranları olan 106 min şəxsə 119 min aylıq sosial ödəniş, 24 min şəxsə birdəfəlik ödəmə təyin olunub.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, şəhid ailələri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı 5 dəfə genişlənib, onlara 6 200 mənzil və fərdi ev, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 528 avtomobil təqdim edilib.
Bundan başqa, şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 11 min şəxsə 67 min sosial-psixoloji dəstək və reabilitasiya xidməti göstərilib, müharibə ilə əlaqədar əlilliyi olan 2 204 şəxs 60 min reabilitasiya vasitəsi, o cümlədən 488 şəxs 594 ədəd yüksək texnologiyalı müasir protezlə təmin olunub, həmin kateqoriyaya məxsus 23,2 min şəxsin məşğulluğu təmin edilib, o cümlədən 11,2 min şəxs özünüməşğulluq proqramına cəlb olunub.
Ümumilikdə, postmüharibə dövründə qeyd olunan sosial dəstək paketi 130 min şəxsi əhatə edərək, onlara dəstəkyönümlü 358 min xidmət göstərilib.