PRAQADA ATƏT-İN 16-CI İQTİSADİ VƏ EKOLOJİ FORUMU KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, mayın 19-dan 21-dək Çexiya Respublikasının paytaxtı Praqada ATƏT-in 16-cı İqtisadi və Ekoloji Forumu keçirilmişdir. Forumun builki toplantisinin əsas mövzusu “ATƏT məkanında dəniz və daxili su yollarında əməkdaşlıq: təhlükəsizliyin artırılması və ətraf mühitin qorunması” olmuşdur.
Forumda ATƏT-ə üzv olan bütün dövlətlərin nümayəndələri, həmçinin ATƏT-in baş katibi Mark Perren de Brişambo, cari ildə təşkilata sədrlik edən Finlandiyanın miqrasiya və Avropa işləri naziri Astrid Tors, ATƏT-in iqtisadiyyat və ekologiya məsələləri üzrə əlaqələndiricisi Bernard Snoa, Çexiya Respublikasının xarici işlər nazirinin birinci müavini Tomaş Boyar iştirak etmişdir. Ölkəmizi forumda Azərbaycanın Avstriyadakı səfiri və ATƏT yanında daimi nümayəndəliyinin rəhbəri Fuad İsmayılovun başçılığı ilə xarici işlər və fövqəladə hallar nazirliklərinin və səfirliyin əməkdaşlarından ibarət nümayəndə heyəti təmsil etmişdir.
Xəzər Ekoloji Proqramının təmsilçisi Həmidrza Qafarzadə forumda Xəzər dənizi regionunda əməkdaşlığa dair məruzə ilə çıxış etmişdir. Məruzədə Xəzərin ekoloji sisteminin qorunması üçün atılan addımların regional əməkdaşlığın inkişaf etdirilməsindən bəhs edilmiş, eləcə də Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsinin vacibliyinə toxunulmuş və 2003-ci ildə Tehranda imzalanmış Xəzərin dəniz mühitinin qorunmasına dair çərçivə Konvensiyasına əlavə Protokolun qəbul edilməsi haqda məlumat verilmişdir.
Forum çərçivəsində Azərbaycan nümayəndə heyəti Təhlükəli Neft Təbəqəsinin Təmizlənməsinin Hazırlanması üzrə Regional Təşəbbüs Təşkilatının (OSPRİ) rəhbəri K. Landin ilə görüş keçirmişdir. Görüşdə əməkdaşlığın perspektivləri müzakirə olunmuşdur.