Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident, Ali Baş Komandan İlham Əliyev Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüşüb YENİLƏNİB VİDEO

Bakı, 26 iyun, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iyunun 26-da Silahlı Qüvvələr Günü münasibətilə “Gülüstan” sarayında Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı görüşdə nitq söylədi.

Prezident İlham Əliyevin
nitqi

-Əziz hərbçilər.

Mən sizi və bütün Azərbaycan xalqını Silahlı Qüvvələr Günü münasibətilə ürəkdən təbrik edirəm. Xahiş edirəm ki, görüşümüzün əvvəlində Vətən müharibəsində həlak olmuş qəhrəman şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edək.

Allah bütün şəhidlərimizə rəhmət eləsin. Əyləşin.

Biz şəhidlərimizin qisasını döyüş meydanında aldıq. Dəfələrlə demişdim ki, bizim şəhidlərimizin qanı yerdə qalmayacaq. Belə də oldu. İkinci Qarabağ müharibəsi Azərbaycanın tam Qələbəsi ilə nəticələndi.

İyunun 26-sı Silahlı Qüvvələr Günüdür. Bu günü biz hər il təntənə ilə qeyd edirdik. Müxtəlif tədbirlər keçirilirdi. Hər il 26 iyun tarixində hərbçilərlə görüşlər əsnasında mən deyirdim ki, gün gələcək biz öz doğma torpağımıza qayıdacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik. Deyirdim ki, əgər bu, danışıqlar yolu ilə mümkün olmayacaqsa, məsələni hərbi yolla həll edəcəyik. Belə də oldu. Uzun illər davam edən danışıqlar heç bir nəticə vermədi və Azərbaycan öz ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ döyüş meydanında təmin etmişdir.

Hər il bu bayramı qeyd edərkən biz özümüzə söz verirdik ki, nəyin bahasına olursa-olsun doğma torpaqlarımızı işğalçılardan azad edəcəyik. Bu gün qürur hissi ilə deyə bilərəm ki, biz Silahlı Qüvvələr Gününü müzəffər ordu kimi, qalib xalq kimi qeyd edirik. Bu, tarixi nailiyyətdir. Azərbaycan xalqının çoxəsrlik tarixində buna bənzər parlaq zəfər olmamışdır. Biz bütün gücümüzü səfərbər edərək düşmənə sarsıdıcı zərbələr endirib, düşməni məğlub etdik, tarixi ədaləti və ölkəmizin ərazi bütövlüyünü bərpa etdik.

Biz bu günü yaxınlaşdırmaq üçün hazırlaşırdıq. Mən öz çıxışlarımda dəfələrlə demişdim ki, hər gün biz bu günü yaxınlaşdırmalıyıq və yaxınlaşdırırdıq. Görəndə ki, dünyada beynəlxalq hüququn norma və prinsipləri kobudcasına pozulur, aparıcı beynəlxalq təşkilatların qərar və qətnamələrinə məhəl qoyulmur, işğalçı Ermənistan daha da azğınlaşır, bizim torpağımızdan çıxmaq istəmir, əlbəttə, biz daha ciddi hazırlaşmalı idik. Bu hazırlıq hərtərəfli olmalı idi. Bu hazırlıq işlərinə biz vahid konsepsiya çərçivəsində yaxınlaşırdıq və bunu müəyyən edirdik.

Əlbəttə ki, Birinci Qarabağ müharibəsi bizim üçün böyük faciə idi, milli faciə idi. Eyni zamanda, bu, böyük humanitar fəlakətə gətirib çıxardı. Çünki o vaxt Azərbaycan əhalisinin sayı səkkiz milyon idi, onlardan bir milyonu qaçqın və məcburi köçkün vəziyyətində yaşamalı olmuşdur. Bizim iqtisadiyyatımız demək olar ki, tamamilə dağıdılmışdı, sənaye potensialı məhv edilmişdi, iqtisadi inkişaf haqqında söhbət belə getmirdi. Bu böyük humanitar fəlakət, əlbəttə ki, ölkəmizi uçurum kənarına qoymuşdu.

Azərbaycan xalqı o ağır günlərdə müdriklik göstərərək Heydər Əliyevə üz tutdu, onu hakimiyyətə dəvət etdi. O, hakimiyyətə gələndən sonra Azərbaycanda işlər müsbət istiqamətdə getməyə başlamışdır. O cümlədən ordu quruculuğu sahəsində böyük islahatlar aparılmışdır. Nizami ordu quruculuğu məhz o illərdə başlamışdır.

Bir daha demək istəyirəm ki, bizim hazırlığımız hərtərəfli olmalı idi. Çünki biz, ilk növbədə, beynəlxalq müstəvidə uğur qazanmalı idik və buna nail olduq. Son illər ərzində aparıcı beynəlxalq təşkilatlar bizim mövqeyimizi dəstəkləyən qərar və qətnamələr qəbul etmişlər. Mən bu barədə müharibədən əvvəl dəfələrlə öz fikirlərimi bildirirdim və vətəndaşlara bu fikri çatdırmağa çalışırdım ki, bu, münaqişənin həlli üçün əsas amillərdən biridir. Çünki biz sübut etməli idik ki, beynəlxalq hüquq bizim tərəfimizdədir. Biz sübut etməli idik ki, Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Nə üçün sübut etməli idik? Çünki Ermənistan, onun xaricdəki havadarları, erməni lobbisi vəziyyətlə bağlı tam təhrif edilmiş mənzərə ortaya qoyurdular. Əfsuslar olsun ki, ermənipərəst qüvvələr, Ermənistanın xaricdəki havadarları bu saxta reallığı gerçəyə çevirməyə çalışırdılar. Bizim isə imkanlarımız çox məhdud idi. Ona görə beynəlxalq müstəvidə real həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq, mötəbər beynəlxalq təşkilatların qərarlarını qəbul etdirmək bizim üçün başlıca vəzifə idi. Belə də oldu. Aparıcı beynəlxalq təşkilatlar - BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, hətta daim bizə qarşı ədalətsiz mövqe sərgiləyən Avropa Parlamenti, Avropa Şurası məcbur olub həqiqəti əks etdirən, bizim maraqlarımıza cavab verən qərar və qətnamələr qəbul etmişlər. Bu, məsələnin beynəlxalq tərəfi idi.

Eyni zamanda, biz ikitərəfli formatda əlaqələrimizi gücləndirməli idik. Baxın, görün, son illər ərzində bizim dostlarımızın sayı nə qədər artıb. Bu gün Azərbaycanla daha yaxın əlaqələr qurmaq istəyən ölkələrin sayı durmadan artır və İkinci Qarabağ müharibəsi onu bir daha göstərdi. Ermənistan demək olar ki, tamamilə təcrid edilmiş vəziyyətdə idi. Bəzi ermənipərəst xarici dairələrin çıxışlarını, bəyanatlarını mən indi kənara qoyuram. Amma bizim yorulmaz fəaliyyətimiz nəticəsində bütövlükdə dünyada bu müharibə ilə bağlı artıq tam konkret və həqiqəti əks etdirən təsəvvür var idi. O cümlədən ikitərəfli formatda bir çox ölkələrlə bərabərhüquqlu və qarşılıqlı maraqlar üzərində qurduğumuz münasibətlər bizim gücümüzü artırırdı. Qardaş ölkələr - Türkiyə başda olmaqla Pakistan və Əfqanıstan, eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər ölkələr müharibənin ilk saatlarından bizə öz dəstəyini göstərirdi. Bu, əyani şəkildə onu göstərir ki, bizim nə qədər güclü beynəlxalq dəstəyimiz vardır. Ermənistanı kim dəstəklədi? Biz onu yaxşı bilirik və o ölkələrin adlarını bugünkü mərasimdə çəkmək yersizdir. Ancaq o bəyanatlar nəyi dəyişdi? Heç nəyi. Çünki biz ortalığa beynəlxalq hüquq qoymuşuq, ədalət qoymuşuq, güc qoymuşuq.

Mən dəfələrlə deyirdim ki, beynəlxalq hüquq normaları işləmir. Dəfələrlə deyirdim ki, böyük dövlətlər onlara sərf edən qərarları icra edirlər, sərf etməyən qərarları icra etmirlər. Əks təqdirdə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul olunmuş və erməni silahlı qüvvələrinin torpaqlarımızdan dərhal çıxarılmasını tələb edən qətnamələr 30 il ərzində kağız üzərində qalmazdı. Biz gördük ki, beynəlxalq hüquq normaları elə bil kiçik ölkələr, orta səviyyəli, gücü o qədər olmayan ölkələr üçün yazılıb. Böyük ölkələr buna məhəl qoymaya bilərlər və heç bir icra mexanizmi yoxdur. Əlbəttə ki, güc amili ön plana çıxmışdı. Müharibədən bir neçə il əvvəl mən bunu öz çıxışlarımda açıq deyirdim: biz güc toplamalıyıq və bu məsələ güc hesabına öz həllini tapacaq.

Bununla paralel olaraq biz iqtisadi güc toplamalı idik. Bizim hazırlıq işlərimizdə bu amil deyə bilərəm ki, aparıcı rol oynamışdır. Çünki açıq-aydın dərk edirdik ki, iqtisadi müstəqillik olmasa, biz istədiyimizə nail ola bilmərik. Çünki biz 1990-cı illərin əvvəllərini yaxşı xatırlayırıq. Bizim vəsaitimiz yox idi, xəzinə boş idi, inflyasiya min faiz səviyyəsində idi, kütləvi işsizlik və səfalət hökm sürürdü, biz iqtisadi cəhətdən asılı vəziyyətdə idik. Ona görə iqtisadi müstəqillik əldə etmək Prezident kimi mənim başlıca vəzifələrimdən biri idi və biz bunu artıq neçə ildir ki, təmin etmişik. Bu gün heç kimdən asılı deyilik. Bu gün iqtisadi göstəricilərə görə Azərbaycan dünyada aparıcı yerlərdədir. Təkcə onu demək kifayətdir ki, bu gün inkişaf etmiş ölkələrdə xarici borc o ölkələrin ümumi daxili məhsulundan daha çoxdur. Amma Azərbaycanda xarici borc ümumi daxili məhsulun heç 20 faizini təşkil etmir. Bundan əlavə, bizim valyuta ehtiyatlarımız xarici borcumuzu 6 dəfə üstələyir. Ona görə iqtisadi müstəqilliyi əldə etmək, özü də çətin geosiyasi vəziyyətdə və o qədər də böyük maliyyə resursumuz olmayan dövrdə əsl siyasi məharət və uzaqgörənlik tələb edirdi və biz buna nail olduq. Azərbaycan artıq neçə ildir ki, heç kimdən asılı deyil. Əksinə, Azərbaycan özü kömək göstərir, Azərbaycan donor ölkədir, pandemiya dövründə 30-dan çox ölkəyə kömək göstərib və bu ölkələr bizim dost ölkələrimizdir. Onlar da öz növbəsində bizi dəstəkləyirlər.

Onu da bildirməliyəm ki, müharibə dövründə bəzi ölkələr, BMT Təhlükəsizlik Şurasının üzvləri BMT Təhlükəsizlik Şurasında bizim əleyhimizə bəzi təşəbbüslər irəli sürmüşdülər və o təşəbbüslərin çox mənfi fəsadları ola bilərdi. Bu, bir daha Azərbaycana qarşı ədalətsizliyin növbəti təzahürü idi. Çünki biz öz torpağımızda vuruşurduq, öz ərazi bütövlüyümüzü bərpa edirdik. Bizim işimiz haqq işi idi. Buna baxmayaraq, ermənipərəst dairələr və ölkələr bizə qarşı tamamilə reallığı əks etdirməyən qətnamə qəbul etdirməyə çalışırdılar. Kim bizi müdafiə etdi? BMT Təhlükəsizlik Şurasında təmsil olunan Qoşulmama Hərəkatına üzv ölkələr. Onlar bizi müdafiə etdi və biz onlara minnətdarıq. Məhz onların səyi nəticəsində anti-Azərbaycan bəyanat qəbul edilmədi. Biz buna nəyin hesabına nail olmuşuq?! Əlbəttə ki, diplomatiya, siyasi əlaqələr və iqtisadi imkanlar hesabına. Biz son illər ərzində o qədər ölkəyə kömək göstərmişik və bu köməyi davam etdiririk. Əlbəttə, bu, həmin ölkələrin yaddaşında daim qalacaq. Bizə lazım olan anda biz bu dəstəyi görmüşük və bu, bizə kömək etdi. Ona görə beynəlxalq müstəvidə hazırlıqla bərabər, iqtisadi sahədə də hazırlıq gedirdi. Təbii ki, hərbi sahədə də çoxşaxəli hazırlıq gedirdi. Ordumuzun silah-sursatla təchiz edilməsi, - biz buna nail olduq, - həm də İkinci Qarabağ müharibəsi bizim imkanlarımızı bütün dünyaya göstərdi. Hətta bu gün mənə verilən məlumata görə, bəzi aparıcı Qərb mətbu orqanlarında, analitik dərgilərdə belə bir fikir ortalığa atılıb ki, hətta dünyanın aparıcı ölkəsi bizim qarşımızda olsaydı, onların da bizim qabağımızda heç bir şansı olmayacaqdı. Yəni, bu, onu göstərir ki, bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Mən bunu dəfələrlə deyirdim, hərbçilərlə görüşlər əsnasında, digər tədbirlərdə deyirdim, bu gün biz elə bir güclü ordu yaratmışıq ki, istənilən vəzifəni icra edə bilərik. Ona görə ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, ordumuzun döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan müəyyən dərəcədə asılılığın azaldılması - bütün bunlar məqsədyönlü şəkildə apardığımız siyasətin tərkib hissəsi idi.

Bütün başqa sahələrdə hazırlıq gedirdi. Bizim texniki imkanlarımız böyük dərəcədə artmışdır və İkinci Qarabağ müharibəsində biz bunu bir daha nümayiş etdirdik. Nümayiş etdirdik ki, istənilən məsələ öz həllini tapa bilər. Biz bizdə mövcud olan texnikanı səfərbər etmişik və bu gün postmüharibə dövründə bu imkanlardan istifadə edirik.

Biz indi böyük quruculuq işlərinə start vermişik. Baxın, müharibədən cəmi 7 ay keçib, nə qədər böyük işlər görmüşük. Əgər bizdə bu hazırlıq olmasaydı, biz bunu edə bilməzdik. İndi nə qədər vəsaitin olursa-olsun, əgər sənin texniki imkanın yoxdursa, kadr potensialın yoxdursa, infrastruktur layihələri vaxtında icra edilməyibsə, bunların heç yüzdəbirini edə bilməzsən. Amma bu gün misli görünməmiş bərpa işləri aparılır. Nəyin hesabına? Məhz hazırlıq hesabına. Ona görə biz güclü dövlət yaratmışıq, mən son illərdə dəfələrlə demişdim və bax, həyat mənim sözümü təsdiqlədi ki, bugünkü Azərbaycan bütün tarix boyunca ən qüdrətli Azərbaycandır və çoxəsrlik tarixində heç vaxt Azərbaycan indiki qədər güclü olmamışdır.

Bizim hazırlıq işlərinin aparılmasında əsas amil xalq-iqtidar birliyi olmuşdur. Çünki bizim siyasətimiz xalq tərəfindən dəstəklənir, bizim siyasətimizə böyük inam var. Müharibə və onun nəticələri bir daha Azərbaycan xalqını əmin etdi ki, bu inamı bizə Azərbaycan xalqı bəxş etmişdir. Çünki nəyi demişiksə, onu da etmişik. Biz “nəyi nə vaxt, necə etmək lazımdır bilirik” deyəndə, məhz bunu nəzərdə tuturduq.

Biz Ermənistana şans vermişdik və danışıqlarda iştirakımız, - mən bunu əvvəllər də demişəm, - bizim ən böyük güzəştimiz ola bilərdi. Ərazi bütövlüyü məsələlərində hər hansı bir güzəştdən söhbət gedə bilməzdi və bu mövqe bəllidir. Mən bunu Azərbaycan xalqına dəfələrlə çatdırmışdım ki, Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil və heç vaxt olmayacaq. Dağlıq Qarabağ Azərbaycan torpağıdır və biz ərazi bütövlüyümüzü tam bərpa etməliyik və bu mövqe xalq tərəfindən dəstəklənirdi. Çünki bunun başqa variantı ola bilməzdi. Danışıqlarda iştirakımız Ermənistana şans verirdi ki, bu məsələ qan tökülmədən öz həllini tapsın. Ancaq Ermənistan yəqin ki, bunu başqa cür yozurdu. Bəlkə də hesab edirdi ki, biz tərəddüd edirik. Bəlkə də hesab edirdi ki, biz öz ərazi bütövlüyümüzü bərpa etməyəcəyik. Bəlkə də hesab edirdi ki, biz bu vəziyyətlə barışa bilərik. Halbuki, mən dəfələrlə demişdim ki, biz heç vaxt bu vəziyyətlə barışmayacağıq, nəyin bahasına olursa-olsun öz ərazi bütövlüyümüzü bərpa edəcəyik.

Ermənistanın danışıqlar prosesində sərgilədiyi riyakar mövqe deyə bilərəm ki, vasitəçiləri də artıq bezdirmişdi. Çünki Ermənistan və onun rəhbərliyi beynəlxalq vasitəçiləri də aldatmağa çalışırdı. Elə şərtlər qoyurdu ki, bəri başdan hər kəs bilirdi, bu şərtlər qəbuledilməzdir. Mən demişdim, heç vaxt imkan verə bilmərik ki, bizim tarixi torpağımızda ikinci erməni dövləti yaradılsın. Birinci erməni dövləti bizim tarixi torpağımızda yaradılıb. Bunu indi bütün dünya bilir, tarixçilər bilir. Deyirdim ki, əgər kimsə ermənilər üçün ikinci dövlət yaratmaq istəyirsə, bunu öz ərazisində yaratsın, Azərbaycanın ərazisində yox. Bu mövqe tarixi ədalətə əsaslanırdı, biz bunu bəyan edirdik və Ermənistana şans verirdik. Ancaq onlar bu şansdan istifadə etmədilər.

2016-cı ilin Aprel döyüşləri onlara vurulan ciddi zərbə idi. Düzdür, ondan sonra onlar bəyan etməyə çalışırdılar ki, guya Aprel döyüşlərində qalib gəldilər. Mən isə o vaxt sual verirdim ki, biz onların qazdıqları səngərlərdə oturmuşuq, biz onların tutduqları yüksəklikləri ələ keçirmişik. Necə ola bilər ki, onlar qalib gəldilər? Yəni, bu, növbəti yalanın təzahürü idi. Eyni zamanda, Aprel döyüşlərindən sonra Ermənistanın müdafiə naziri biabırcasına vəzifəsindən qovuldu. Bir çox generallar vəzifələrindən qovuldular. Əgər onlar qalib gəlmişdilərsə, nə üçün bu insanlar öz vəzifələrindən qovulmuşdular? Biz Aprel döyüşlərindən sonra “Böyük Qayıdış”ın ilk təzahürü olan Cocuq Mərcanlı kəndini bərpa etdik. Cocuq Mərcanlı kəndində Şuşa məscidinin bənzərini inşa edərkən və onu açarkən mən deyirdim ki, gün gələcək, biz Şuşada bax bu Gövhərağa məscidini bərpa edəcəyik.

Aprel döyüşləri Ermənistana dərs olmadı. Ondan iki il sonra Naxçıvan əməliyyatı nəticəsində biz böyük ərazini götürmüşdük və gücümüzü, peşəkarlığımızı bir daha göstərmişdik. O da dərs olmadı. Nəhayət, İkinci Qarabağ müharibəsi elə dərs oldu ki, onlar bu dərsi əbədi yadda saxlayacaqlar. İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu tarix Azərbaycan xalqının ürəyində əbədi yaşayacaq. Bu, ədalətin təntənəsi idi. Bu, qürurun təntənəsi idi, milli ləyaqətin təntənəsi idi, Azərbaycan xalqının əyilməz ruhunun təntənəsi idi. Biz bütün gücümüzü səfərbər edib bu müharibədə Qələbə qazanaraq düşməni torpaqlarımızdan qovduq. Düşməni elə rəzil vəziyyətə qoyduq ki, onlar bizim qabağımızda diz çökdülər, ağ bayraq qaldırdılar və məcbur olub kapitulyasiya aktına imza atdılar. Halbuki, müharibə dövründə mən dəfələrlə öz çıxışlarımda və müsahibələrimdə deyirdim ki, biz dayanmağa hazırıq. Mən Prezident kimi bəyan edirəm, Ermənistan rəhbəri şəxsən bizə tarix versin, nə vaxt bizim torpaqlarımızdan erməni hərbi birləşmələri çıxır, o tarixi bizə versin və biz müharibəni dayandırırıq. Ancaq Ermənistan tərəfi yenə də bu şansı itirdi. Müharibə nəticəsində Ermənistan ordusu məhv edilib. Mən bu rəqəmləri səsləndirmişdim, siz yaxşı bilirsiniz. Siz Ermənistan ordusunu məhv etmisiniz, Ermənistan ordusu yoxdur -336 tank məhv edilib, ya da ki, qənimət kimi götürülüb. Səkkiz S300 qurğusu məhv edilib, onların hava hücumuna qarşı digər qurğuları məhv edilib, artilleriya qurğuları. Yəni, Ermənistan ordusu yoxdur. Müharibə dövründə, - artıq bu da sirr deyil, - vasitəçilər Ermənistana xəbər göndərmişdilər ki, dayanmaq lazımdır, tarix verin Azərbaycana. Ancaq onlar bundan da imtina etdilər. Biz Şuşanı işğalçılardan azad edəndən sonra məcbur olub noyabrın 9-dan 10-na keçən gecə kapitulyasiya aktına imza atdılar.

Biz güclü iradə göstərdik, cəsarət göstərdik, milli ruh nümayiş etdirdik və istədiyimizə nail olduq. Bir daha demək istəyirəm ki, İkinci Qarabağ müharibəsi şanlı tarix kimi, şanlı qələbə kimi Azərbaycan tarixinə qızıl hərflərlə əbədi yazılıb. Azərbaycan bundan sonra müzəffər ölkə kimi yaşayacaq, Ermənistan bundan sonra məğlub edilmiş ölkə kimi yaşayacaq.

Deyə bilərəm ki, İkinci Qarabağ müharibəsi qaçılmaz idi. Bunu hər kəs bilirdi. Azərbaycan ictimaiyyəti də bilirdi, beynəlxalq vasitəçilər də bilirdi, biz də bilirdik. Sadəcə olaraq, ümidlər var idi ki, Ermənistan rəhbərliyində heç olmasa özünüqoruma instinkti özünü büruzə versin və onlar öz xoşları ilə bizim torpaqlarımızdan çıxsınlar. Əgər bu olsaydı, müharibəyə ehtiyac qalmazdı. Biz müharibə istəmirdik və bu gün də istəmirik. Hesab edirəm ki, müharibə riskini sıfra endirmək üçün bölgəmizdə, Cənubi Qafqazda müxtəlif təşəbbüslər irəli sürülməlidir. Biz buna hazırıq. Bizə müharibə lazım deyil. Biz istədiyimizə nail olmuşuq və bizim üçün indi yeni dövr - quruculuq dövrü, torpaqlarımızın bərpası dövrü başlanmışdır.

Ancaq bu, Ermənistan üçün dərs olmalıdır. Çünki onlar nəhayət başa düşməlidirlər ki, bizə qarşı olan bu düşmənçilik onlara çox baha başa gəldi. Onlar nə əldə etdilər? Heç nə. Baxın, görün, 30 il ərzində müstəqil dövlət qura bilmədilər. Bu gün Ermənistan müstəqil dövlət sayıla bilməz. Onun nəyi müstəqildir, əgər xarici dairələrdən tam asılıdırsa. Xarici hərbi yardımdan tam asılıdır. Xaricdən gələn siyasi sifarişlərdən tam asılıdır. Onların 30 il vaxtı var idi, nəyə görə müstəqil ölkə qura bilmədilər? İşğala görə. Bu işğal onları bu günə saldı. Bu düşmənçilik, Azərbaycan xalqına nifrət onları bu günə saldı və ədalət özünü göstərdi. Bəzən hər birimiz müxtəlif situasiyalarda fikirləşirik ki, ədalət yoxdur, ədalət niyə bərqərar olunmur? Sadəcə olaraq, dözümlü olmaq lazımdır. Düzgün vaxtı gözləmək lazımdır və məqsədə çatmaq üçün hər gün çalışmaq lazımdır. Hər gün biz bu günü yaxınlaşdırırdıq. Qarabağ məsələsi Prezident kimi hər gün mənim gündəliyimdə birinci məsələ idi. Hər gün. Hər gün fikirləşirdim ki, bu Qələbəni əldə etmək, torpaqlarımızı azad etmək üçün əlavə nə etmək lazımdır. Biz bunu nümayiş etdirdik.

İndi Ermənistandan asılıdır. Onların davranışı və regional məsələlərə yanaşması necə olacaq. Hər halda, biz Ermənistansız da bölgədə istədiyimizə nail ola bilmişik. Bütün kommunikasiyaları çəkmişik, enerji xətlərimizi çəkmişik, dəmir yollarını, bütün nəqliyyat layihələrini bizim digər qonşularımızla icra etmişik. Əgər Ermənistan bu prosesə qoşulmaq istəyirsə, hələ xahiş etməlidir öz qonşularından.

Bilməlidir ki, biz heç nəyi unutmamışıq. Biz bunu unuda bilmərik. Biz şəhidlərimizi unuda bilmərik, Xocalı qurbanlarını unuda bilmərik, dağılmış şəhərlərimizi unuda bilmərik. Dağılmış qəbirləri, təhqir edilmiş məscidləri biz necə unuda bilərik? Biz heç vaxt unutmamalıyıq. Azərbaycan xalqı bunu öz yaddaşında daim saxlamalıdır. Ermənistan rəhbərliyi, erməni siyasi-ictimai və dini xadimləri öz ideologiyasını, öz siyasətini əsassız iddialar üzərində qurmuşdular. İkinci Qarabağ müharibəsindən sonra bu gün onlar artıq düşmənçiliyi ölkə daxilində bir-birinə qarşı istiqamətləndirirlər. Baxın, Ermənistanın informasiya məkanında nə qədər çirkin proseslər gedir. Bir-birini nə qədər təhqir edirlər, hədələyirlər. Nəyə görə? Çünki onlar əsrlər boyu gənc nəsli düşmənçilik ruhunda böyütmüşdülər. Düşmənçilik, nifrət toxumları səpmişdilər və bu da onların iflasına gətirib çıxardı. Ona görə biz heç nəyi unutmayacağıq.

Ancaq biz artıq Birinci və İkinci Qarabağ müharibələrinin şəhidlərinin qanını aldıq və qisasımızı döyüş meydanında aldıq. Amma bununla bərabər, Ermənistan dərk etməlidir ki, Azərbaycan bundan sonra da güclənəcək və bu, şübhəsizdir. O cümlədən bizim hərbi gücümüz artacaq. Müharibədən sonra artıq müvafiq göstərişlər verildi, yeni kontraktlar imzalandı, yeni silahların, texnikanın, müasir texnologiyaların əsasında texnikanın alınması prosesi başlamışdır. Silahlı Qüvvələrimizin struktur islahatları təsdiqləndi. Deyə bilərəm ki, Silahlı Qüvvələrimizin, Ordumuzun say tərkibi artırılacaq. Biz İkinci Qarabağ müharibəsinin nəticələrini və gedişatını düzgün təhlil edərək, əlbəttə ki, öz hərbi gücümüzü artıracağıq. Ermənistanın isə, əgər onlar yenə də bizə qarşı düşmənçilik siyasətindən əl çəkməsələr, nəinki hərbi gücünü, nəinki dağılmış, məhv edilmiş ordusunu bərpa etmək imkanı olmayacaq, eyni zamanda, iqtisadi fəallığı bərpa etmək imkanları da çox məhduddur. Ona görə biz güclənəcəyik.

Ermənistanın inkişafı üçün də yeganə yol var - öz qonşuları ilə normal münasibətlər qurmaq və ərazi iddialarından əl çəkmək, Dağlıq Qarabağ sözünü ümumiyyətlə işlətməmək. Çünki Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur, Dağlıq Qarabağ münaqişəsi anlayışı yoxdur. Mən bunu dəfələrlə demişəm və bir daha demək istəyirəm ki, Dağlıq Qarabağ münaqişəsi həll olunub, Ermənistan da bunu belə qəbul etməlidir və bizimlə sərhədlərin müəyyən edilməsi istiqamətində iş aparmalıdır. Delimitasiya üzrə işçi qrup yaradılmalıdır. Sülh müqaviləsinə hazırlıq işləri getməlidir. Biz bunu bəyan edirik. Biz qalib ölkəyik. Ermənistanı məhv etmişik, siz yaxşı bilirsiniz hansı çətin şərait əsasında. Onlar 30 il istehkamlar, 6 müdafiə xətti qurmuşdular. O bölgənin təbii relyefi onlar üçün çox əlverişli idi. Biz qəhrəman övladlarımızın canı-qanı bahasına, qəhrəmanlığı bahasına bu torpaqları azad etmişik. Ölümə gedirdi bizim gənclərimiz, əsgərlərimiz, zabitlərimiz. Hər kəs bunu deyirdi - öldü var, döndü yoxdur. Biz belə çətin şəraitdə qələbə qazanmışıq. Ona görə Ermənistan tam dərk etməlidir ki, biz istənilən hərbi vəzifəni icra edə bilərik və heç kim bizi dayandıra bilməz. Onlar bilməlidirlər ki, dəmir yumruq yerindədir.

Əziz hərbçilər, bu gözəl bayram günündə sizinlə görüşmək mənim üçün çox xoşdur. Silahlı Qüvvələr Gününü biz Müzəffər Ordu kimi, qəhrəman xalq kimi qeyd edirik. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Prezident, Ali Baş Komandan İlham Əliyev Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüşüb YENİLƏNİB VİDEO

2-ci rübdə Energetika Nazirliyi tərəfindən 29 icazə verilib

Prokurorluq orqanlarında qulluq yaş həddi artırılıb

Pentaqon Kiyevə “müdafiə silahları” göndərmək planlarını təsdiqləyib

Postmodern çağda folklor və dövlətçilik münasibətlərinə diskursiv baxış

Samuxda həmkəndlisini qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub

“Elektroenergetika haqqında” Qanuna dəyişikliklər edilib: Sabit tarif tətbiq olunacaq

“Keşlə” bazarında istehlaka yararsız balıq məhsulları aşkarlanıb

Paytaxtda istismar müddəti bitmiş magistral su xətti dəyişdirilir

Yeni nəşr: “Azərbaycan Respublikasının sosial-iqtisadi göstəriciləri beynəlxalq reytinqlərdə”

MEDİA-nın İcraçı direktoru: Mediamız beynəlxalq əlaqələrini və qlobal informasiya məkanında təsir imkanlarını genişləndirib

“İndependent Türkçe” Atatürkün Naxçıvana göstərdiyi diqqətdən yazıb

BDYPİ: Kiçik elektrik nəqliyyat vasitələrinin sürücüləri qaydalara qeyd-şərtsiz əməl etməlidirlər

Əhməd İsmayılov: Azərbaycanda demokratik mətbuatın sürətli inkişafının təmin edilməsi Ümummilli Liderin adı ilə birbaşa bağlıdır

Beşinci “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsi başa çatıb

Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına dəyişikliklər barədə qanun layihəsi təsdiqlənib

“AMEA-nın Əziz Səncər fəxri diplomu”nun Əsasnaməsi təsdiq edilib

Dövlət Xidməti qlobal elektron poçt sistemində boşluqlar aşkar edib

"Aktyorluğu öyrən" layihəsi üzrə yeni diplom tamaşaları təqdim olunub

Heydər Əliyev Mərkəzində “Medianın inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda konfrans keçirilir

Akademik İsa Həbibbəyli: Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin AMEA-da keçirilməsi çərçivəsində hazırlıq işlərinə başlanılıb

Xorvatiya millisinin sabiq futbolçusu: Keçmiş komanda yoldaşım Saşa İliçə Azərbaycanda uğurlar arzulayıram

Mingəçevirdə keçmiş məcburi köçkünlər hüquqi sahədə maarifləndirilib

Dağıstanda sudan zəhərlənən 100-dən çox insan xəstəxanaya çatdırılıb

Akademik Mustafa Topçubaşovun 130 illiyinin qeyd edilməsi üzrə Tədbirlər planını hazırlamaq məqsədilə komissiya yaradılıb

Honkonqda Kriştianu Ronaldu Muzeyi açılıb

Rusiyada əcnəbilərə səfərbərlik dövründə orduda xidmət etməyə icazə verilib

ASCO-da Çin şirkətinin nümayəndələri ilə görüş keçirilib

Birinci yarımildə pensiya ödənişlərinə 3 milyard 548 milyon manat vəsait yönəldilib

Vəfa Yaqublu: MİQ-in test mərhələsində davamiyyət 81 faizdir

Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində iclası keçirilir

Türkiyə XİN: Fransaya ölkədaxili hüququmuza hörmətlə yanaşmasını tövsiyə edirik

Bakı və Xaçmazda vətəndaşlara hüquqi yardım göstərilib

Energetika nazirinin İsmayıllıda keçiriləcək vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib

Avropa çempionu Qətərdə klubunu dəyişib

Azərbaycan milli mətbuatının 150 illiyi münasibətilə media nümayəndələri arasında intellektual yarış keçirilib

Cenevrədə rəqəmsal texnologiyaların informasiya təhlükəsizliyinə təsiri müzakirə olunub

UEFA Çempionlar Liqasında yeni mövsümə start verilir

FHN: Avtomobildə sıxılı vəziyyətdə qalan şəxs xilas edilib

® “Azercell” telekommunikasiya və texnologiya şirkətlərinin qlobal alyansına qoşulub

BMU-da yay imtahan sessiyası başa çatıb

Elm və təhsil naziri yeni “Maarifçi”lərlə görüşüb

Yağıntı və külək davam edir – FAKTİKİ HAVA

Petr Çexin oğlu Premyer Liqa klubu ilə müqavilə imzalayıb

BMT-nin Baş katibi: Əməkdaşlıq bəşəriyyətin ən böyük innovasiyasıdır

Zəngilanda 1 tona yaxın yabanı çətənə bitkisi məhv edilib

ANAMA işə qəbul elan edir

Bu gün klublararası dünya çempionatında ilk finalçı bəlli olacaq

Dünya bazarında qızıl və gümüş bahalaşıb

Azərbaycan neftinin qiyməti 75 dollara yaxınlaşır

Dünya birjalarında neft ucuzlaşıb

Beynəlxalq yarışlarda uğurla çıxış etmiş Azərbaycan idmançıları ilə görüş olub

Cüdo üzrə gənc qızlardan ibarət Azərbaycan millisi Avropa çempionatına Çexiyada hazırlaşır

Bu il magistraturaya qəbul imtahanında 32 nəfər 90 və daha çox bal toplayıb

Vaqif Poeziya Günləri poeziyasevərləri yenidən bir araya gətirir

DİN: Cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanılıb

İtaliyada dəmiryolçular tətil edirlər

Cəbrayılda növbəti əməliyyat tədbiri: marixuana və tiryək aşkarlandı VİDEO

Cəbrayılda növbəti əməliyyat tədbiri: marixuana və tiryək aşkarlandı VİDEO

Hərbi prokuror sərhədçilərlə birlikdə

Lənkəranda baş verən qəzada 20 yaşlı sürücü ölüb

Britaniyada fövqəladə xəbərdarlıq sistemi yenidən sınaqdan keçiriləcək

Oğuzda qanunsuz ağac kəsənlər məsuliyyətə cəlb olunublar

Bu gün Xalq yazıçısı Gülhüseyn Hüseynoğlunun anım günüdür

ECO-nun Xankəndi Zirvə görüşü bu qədim şəhərin Qafqazın yeni inkişaf və sülh mərkəzi olacağına əminlik yaratdı - ŞƏRH

ADY qatarları yay qrafikinə keçir

Tramp 14 ölkəni avqustun 1-dən etibarən ticarət tariflərinin artırılması ilə bağlı xəbərdar edib

Tədqiqat: Kainat 7 milyard ildən sonra kiçilməyə başlaya bilər

ABŞ-ın Texas ştatında daşqınlar nəticəsində ölənlərin sayı 100 nəfəri ötüb

ABŞ Cənubi Koreya mallarına 25 faizlik idxal rüsumu tətbiq edəcək

Qahirədə diaspor mərkəzində Azərbaycan multikulturalizmindən danışılıb

Ən ağıllı insanlara malik olan 10 Afrika ölkəsi

Təkrarlanan narahat düşüncələr və davranışların səbəbi bağırsaqdan da qaynaqlana bilər - ARAŞDIRMA

“The African Exponent”: İnfrastrukturu ən çox inkişaf etmiş Afrika ölkələri

Stokholm damlarda qida məhsullarını yetişdirməyə və tullantılarla mübarizə aparmağa başlayır

Krit adasında ağcaqanad sürfələrini məhv edə bilən mikroblar aşkarlanıb

Türkiyəli ekspert: Ermənistan Azərbaycanın ədalətli və əsaslı tələblərinə qulaq asmalıdır

NYT: ABŞ-da yeni partiya yaratmaq Marsa adam göndərməkdən daha çətindir

Araşdırma: Gecə işığına məruz qalma ürək-damar xəstəliyi riskini artırır

Məşhur usta Stradivarinin İkinci Dünya müharibəsi zamanı oğurlanmış skripkası Tokioda tapılıb

“Qarabağ” yoxlama oyununda Ukrayna klubuna məğlub olub

Yəməndə husilərin gəmiyə hücumu nəticəsində iki nəfər itkin düşüb

Babək rayonunun bəzi yaşayış məntəqələrinə qazın verilişində fasilə yaranacaq

“Azərbaycanın xarici siyasəti suverenliyin bərpasından sonra: prioritetlər və çağırışlar” mövzusunda IX müşavirənin açılışı olub  YENİLƏNİB VİDEO

“Azərbaycanın xarici siyasəti suverenliyin bərpasından sonra: prioritetlər və çağırışlar” mövzusunda IX müşavirənin açılışı olub  YENİLƏNİB VİDEO

Viktoriya Kobzeva-Qattal: Om-Çantinq Atma Kriya Yoqanın gizli olmayan yeganə texnikasıdır MÜSAHİBƏ

Rusiya İstintaq Komitəsi sabiq nəqliyyat naziri Roman Starovoytun ölümünü təsdiqləyib

Ukrayna Rusiyanın hərbi təmayüllü zavoduna hava zərbələri endirib

Azərbaycanla Pakistan arasında futbol sahəsində qarşılıqlı əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb

“Şamaxı” klubu isveçrəli futbolçunu transfer edib

Abşeronda çoxmərtəbəli yaşayış binasında partlayış baş verib, xəsarət alanlar var

“Həmrəyliyin təşviqi: humanitar və mədəniyyət diplomatiyası, beynəlxalq inkişafa yardım” mövzusunda müzakirələr aparılıb

“Azərbaycanın xarici siyasəti suverenliyin bərpasından sonra: prioritetlər və çağırışlar” mövzusu müzakirə edilib

“Xarici siyasətin kommunikasiyası və parlament diplomatiyası” mövzusunda panel müzakirəsi olub

“Qalatasaray” Viktor Osimhen ilə razılıq əldə edib

Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərini işğal etməsi nəticəsində zərər çəkmiş şəxslər məhkəmədə ifadə veriblər VİDEO

Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərini işğal etməsi nəticəsində zərər çəkmiş şəxslər məhkəmədə ifadə veriblər VİDEO

Ermənistan parlamenti Seyran Ohanyanın deputat toxunulmazlığını ləğv edib

Şərurda ərzaq mağazasında yanğın olub

ABŞ-ın nəhəng kimya məhsulları konserni Almaniyadakı bəzi istehsal sahələrini bağlayır

“Məhkəmə prosesləri üzrə strategiyalar” mövzusunda panel müzakirə təşkil olunub

Özbək analitik: ECO-nun gücləndirilməsi, effektivliyinin artırılması deqloballaşma və regionallaşmaya tam uyğun gəlir - MÜSAHİBƏ

Paytaxtın daha 4 məntəqəsində minib-düşmə yerləri yaradılıb

Parlamentin Mədəniyyət komitəsində ictimai dinləmə keçirilib