DÜNYA
Prezident Barak Obama ABŞ Nümayəndələr Palatasında “Ölkənin vəziyyəti haqqında” illik müraciətlə çıxış etmişdir
Vaşinqton, 29 yanvar (AZƏRTAC). Yanvarın 28-də Prezident Barak Obama ABŞ Nümayəndələr Palatasında Amerika xalqına “Ölkənin vəziyyəti haqqında” illik müraciətlə çıxış etmişdir.
Amerikada yaranmış siyasi ənənələrə görə, Birləşmiş Ştatların prezidenti hər il Konqresə müraciət edir. Bu müraciətdə o, ölkədə cari vəziyyəti və qarşıdakı qanunvericilik təşəbbüslərini təsvir edir. Adətən prezident hər il yanvarın axırlarında, əgər prezident əvvəlki ilin sonunda seçilmiş olarsa, fevralın axırlarında müraciət edir.
Prezident öz müraciətində ölkədə iqtisadi vəziyyət, son illərdə yeni iş yerləri yaradılması və bir saatlıq əməkhaqqının minimum məbləğinin artırılaraq 10,1 dollara çatdırılması barədə söhbət açır. Dövlət başçısı tibbi sığorta məsələsinə də toxunmuş və 2014-cü il yanvarın 1-dən qüvvəyə minmiş “Pasiyentlərin müdafiəsi və əlyetərli tibbi xidmət haqqında” Qanunun müsbət cəhətlərini şərh etmişdir. Barak Obama dünyada sülhün və təhlükəsizliyin təmin edilməsinə sadiq qalan ABŞ silahlı qüvvələrinə təşəkkür etmişdir.
Prezident Konqresi xüsusən xarici siyasət məsələlərində əməkdaşlığa dəvət etmişdir. Konqres dövlətə qarşı sanksiyalar hazırlanmasına dair qanun layihələri qəbul etməyə hazır olduğu bir vaxtda prezident diplomatik səylərə üstünlük verir.
Prezident öz nitqinin sonunda Əfqanıstan müharibəsinin veteranı Kori Remsburqa ehtiramını bildirmişdir. Barak Obamanın çıxışı müddətində ölkənin birinci xanımı Mişel Obamanın yanında əyləşmiş Remsburq Əfqanıstanda yol kənarında minaya düşmüş və beynində qəlpə olduğu vəziyyətdə bir müddət kanalda qalmış, lakin az sonra onu xilas etmişlər. Bir neçə ay koma vəziyyətində olmuş Remsburqun üzərində dəfələrlə cərrahiyyə əməliyyat aparılmışdır. Onun bir gözü hələ də görmür. Prezident Kori Remsburqun bu sözlərini sitat gətirmişdir: “Mənim sağalmağım asan olmadı. Həyatda qiymətli nə varsa, hamısı çətin olur”.
Prezident bu əsgərin igidliyini nümunə göstərərək ABŞ-da azadlığa və demokratiyaya nail olmaq prosesinin çətinliyini vurğulamış, qanunvericiləri və Amerika xalqını daha yaxşı gələcək naminə əməkdaşlığa və dözümlü olmağa çağırmışdır.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton