RƏSMİ XRONİKA
Prezident İlham Əliyev “Astaraçay” MMC-nin çay emalı fabrikində yaradılan şəraitlə tanış olub VİDEO
Astara, 11 aprel, AZƏRTAC
Aprelin 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Astaraçay” MMC-nin çay emalı fabrikində yaradılan şəraitlə tanış olub.
Prezident İlham Əliyevə məlumat verildi ki, “Astaraçay” kənd təsərrüfatı müəssisəsi 2010-cu ildə yaradılıb. Təsərrüfatın ümumi əkin sahəsi 640 hektardır. Çay plantasiyalarında müasir suvarma şəbəkəsi yaradılıb və hazırda təsərrüfatda 400 hektara yaxın çay sahəsi mövcuddur. Əkilən “Kolxida” çay toxumları Gürcüstanın Batumi şəhərinin Çayçılıq Elmi-tədqiqat İnstitutunun tədris-təcrübə sahəsindən toplanıb gətirilib. Toxumlar sınaqdan keçirilərək yerli şəraitə uyğunlaşdırılıb.
Burada, həmçinin Koreya Respublikası şirkətinin layihəsi əsasında çay fabriki inşa edilib. Ərazisi 5 hektar olan fabrikdə xaricdən gətirilən ən müasir avadanlıq quraşdırılıb. Müəssisənin məhsuldarlığı gün ərzində 12 tondur. Gələcəkdə gündəlik çay istehsalını 24 tona çatdırmaq mümkündür. Çəkici-bükücü sex də müasirliyi ilə diqqəti çəkir. Burada çəkisi 100, 200 və 400 qram olan çay bükümləri hazırlanacaq. Müəssisədə dəqiqədə 8 ədəd çay bükümünün istehsalı mümkündür.
Qeyd olundu ki, çayçılığın təməli ötən əsrin 30-cu illərindən başlayaraq respublikamızın bir sıra bölgələrində, əsasən də Astara və Lənkəranda qoyulub. Yüz ildən çox ömrü olan çay kolları həm bol və qiymətli məhsulu ilə, həm də ekologiyanın mühafizəsi və qorunması baxımından nadir bitkilərdən sayılır. Respublikamızda çayçılığın inkişafında sovet dövründə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlər də mühüm rol oynayıb. Çay bitkisi hər yerdə deyil, yalnız spesifik xüsusiyyətləri olan torpaqlarda yetişdirilir. Bu baxımdan Astara öz əhəmiyyəti ilə diqqət çəkir. Astarada yetişdirilən yaşıl çay öz dadı və keyfiyyəti ilə seçilir. Bu bölgədə ekoloji cəhətdən təmiz şəraitdə yetişdirilən məhsul dünyanın müxtəlif şəhərlərində keçirilən beynəlxalq sərgilərdə dəfələrlə qızıl medala layiq görülüb. Son illərdə bu sahədə yaranan durğunluq artıq aradan qalxır. İndi Astarada çayçılığın əvvəlki şöhrətinin özünə qaytarılmasına geniş imkanlar açılıb. Çünki çayçılıq Astaranın kənd təsərrüfatı sektorunda strateji əhəmiyyətə malik sahədir. Bu cür müəssisələrin istifadəyə verilməsi isə ilk növbədə, Azərbaycanda böyük ənənəsi olan çayçılığın yenidən dirçəlməsinə şərait yaradır. Müəssisədə çay muzeyi, dequstasiya zalı və turistlər üçün çay evi də tikilib.
Prezident İlham Əliyevin diqqətinə o da çatdırıldı ki, müəssisənin Lənkəran ərazisindəki 60 hektar sahədə taxıl səpini də aparılıb və ötən il 120 tona yaxın məhsul toplanıb. Burada, həmçinin ötən il ilk dəfə olaraq 20 hektar sahədə səpmə üsulu ilə çəltik əkilib. Əkini Türkiyənin Ədirnə şəhərinin Kənd Təsərrüfatı Elmi-Tədqiqat İnstitutunun çəltikçilik bölməsinin elmi işçiləri yerli mütəxəssislərlə birgə həyata keçiriblər. Əkin sahəsində yerli “Haşımi” sortu ilə yanaşı, İtaliyadan gətirilmiş məhsuldar sortlardan istifadə edilib. Çəltik sahələrindən 102 ton məhsul toplanıb və orta məhsuldarlıq 51 sentner təşkil edib. Cari ildə 200 hektara yaxın sahə çəltik səpini üçün hazırlanır. Bunun üçün xüsusi texnikalar da alınıb.
Həmçinin Astara rayonu ərazisində gündəlik istehsal gücü 10 ton olan düyü dəyirmanı əsaslı şəkildə təmir edilərək genişləndirilib və 10,5 ton çəltik tutumu olan 3 qurutma aqreqatı quraşdırılıb. Bununla yanaşı, Astarada 76 hektar, Lənkəranda 15 hektar olmaqla cəmi 91 hektar sahədə feyxoa, 6 hektarda portağal və 3 hektarda naringi tingi əkilib.
Çay fabriki ilə tanışlıqdan sonra Prezident İlham Əliyev müəssisənin kollektivi və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.
X X X
Kollektivin üzvlərini və rayon ictimaiyyətinin nümayəndələrini salamlayan Prezident İlham ƏLİYEV dedi:
- Astarada yenidən olmağımdan çox məmnunam. Şadam ki, Azərbaycanda belə gözəl müəssisə yaradılıb. Fabrik demək olar ki, tam hazırdır, yaxın zamanlarda işə başlayacaq. Beləliklə, Astarada çayçılığın bərpası işi uğurla gedəcək.
Astarada çayçılığın çox qədim və gözəl ənənələri var. Sovet dövründə böyük çay plantasiyaları salınmışdır. Əfsuslar olsun ki, sonrakı dövrdə bu sahə bir qədər tənəzzülə uğramışdır. Biz məcbur olub çayı xaricdən idxal etməyə başlamışdıq. Amma indi belə gözəl müəssisələr yarandıqda əminəm ki, Azərbaycan yaxın gələcəkdə özünü keyfiyyətli yerli çayla təmin edəcək.
Bütün avadanlıqlar çox müasirdir, xarici mütəxəssislər də bu işlərdə böyük fəallıq göstərmişlər. Onların dəstəyi də çox önəmlidir. Bu fabrikdə və çay plantasiyalarında mindən çox insan işlə təmin olunacaq. Beləliklə, biz bir neçə məqsədi güdmüş oluruq. İlk növbədə, yerli istehsal yaranır, ənənəvi kənd təsərrüfatı sahəsi olan çayçılıq bərpa edilir. Eyni zamanda, kənd təsərrüfatının inkişafına təkan veriləcək. Bu, sənaye müəssisəsidir. Burada həm kənd təsərrüfatı, həm sənaye sahələri birləşir. Bu il Azərbaycanda “Kənd təsərrüfatı” ilidir, keçən il “Sənaye ili” elan edilmişdi. Bizim siyasətimiz bax, bu çay fabrikində öz əksini tapır.
Kifayət qədər investisiyalar qoyulmuşdur, sahibkarlıq özünü göstərir. Yəni, dövlət də sahibkarlığa kömək göstərir. Eyni zamanda, sahibkarlar da çalışırlar ki, öz doğma Vətəninə xidmət göstərsinlər. Həm özləri mənfəət götürsünlər, həm də dövlət üçün xeyir versinlər.
Son illər ərzində regionların inkişafı proqramı çərçivəsində çox işlər görülüb. Əsas məqsəd yerli istehsalın, iş yerlərinin yaradılması və ixrac potensialımızın gücləndirilməsidir. Əminəm ki, vaxt gələcək Azərbaycan öz çayını daha da böyük həcmdə dünya bazarlarına çıxaracaq. Çünki buna nail olmaq üçün bütün imkanlar var. Dövlət siyasəti aparılır, bizim maliyyə vəziyyətimiz kifayət qədər yaxşıdır. İlin birinci rübünün yekunları da çox müsbətdir. Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir. Gələcəkdə biz kənd təsərrüfatının, sənayenin, qeyri-neft sektorunun hesabına daha da inkişaf edəcəyik.
Mən çox şadam ki, son illərdə cənub bölgəsində gördüyümüz işlər nəticəsində böyük infrastruktur layihələri icra edilmişdir. Astarada on ildən çoxdur ki, elektrik stansiyası fəaliyyət göstərir. Qazlaşdırma uğurla gedir. Astara rayonunun qazlaşdırılması 75 faiz səviyyəsindədir. İndi içməli su layihəsi icra edilir. Ümid edirəm ki, gələn ilin sonuna qədər Astara təmiz içməli su ilə təmin ediləcək. Yollar çəkilir, Bakı-Astara magistral yolu inşa edilir. Biz bu layihəni müəyyən mərhələlərə bölmüşük. İş yerlərinin, yerli istehsalın yaradılması da əlbəttə ki, diqqət mərkəzindədir.
Belə kompleks yanaşma imkan verir ki, Azərbaycan iqtisadiyyatı neft amilindən daha az asılı olsun və dayanıqlı inkişaf təmin edilsin. Bununla bərabər, Astarada gözəl abadlıq işləri aparılır, bulvar salınıbdır, mən bunu alqışlayıram. Bu, insanların rahatlığı, istirahəti üçün gözəl bir təşəbbüsdür. Bildiyiniz kimi, indi Azərbaycanın müxtəlif yerlərində bulvarlar salınır. Vaxtilə bir bulvarımız var idi - Bakı bulvarı.
Onun uzunluğu təqribən 3,5 kilometr idi. Bir aydan sonra Bakıda yeni açılışlar olacaq. Biz bulvarı genişləndiririk və Bakı bulvarının uzunluğu 16 kilometr olacaq. Digər şəhərlərdə, çaylar boyu yerləşən şəhərlərdə, dəniz kənarındakı şəhərlərdə bulvarlar salınır. Mən bunu alqışlayıram. Bu, gözəllikdir, müasirlikdir, insanların rahat yaşaması üçün edilən gözəl hədiyyədir.
Abadlıq, quruculuq, sosial infrastruktur. Yadımdadır, keçən dəfə Astarada olarkən xəstəxananın açılışını qeyd etmişdik. Məktəblər tikilir, kənd yolları salınır. Demək olar ki, Astara rayonunun əksər kəndlərini birləşdirən kənd yolları tikilibdir, biri bu gün açılacaq. Biz digər kənd yollarının da tikintisinə nail olacağıq ki, Azərbaycanda bir dənə də təmirsiz kənd yolu qalmasın. Məqsəd bundan ibarətdir. Son illərdə bu sahəyə kifayət qədər böyük vəsait ayrılmışdır. Yollar tikilir, çünki yol olmasa inkişaf da olmaz. Eyni zamanda, yol olanda insanlar özlərini daha da rahat hiss edirlər. Yol həm sosial, həm də iqtisadi layihədir. İnfrastruktur layihələri bizim fəaliyyətimizin birinci mərhələsində ona görə prioritet daşıyırdı, çünki onlar olmasa inkişaf mümkün deyil. Biz elektrik stansiyaları tikməsəydik, bu gün bu müəssisənin də yaradılmasına heç bir imkan olmazdı. Çünki enerji generasiyası, qaz xətləri, infrastruktur, yollar - bunlar hər bir ölkənin inkişafını şərtləndirir. Ondan sonra isə dövlət investisiyalarının yatırılması, kreditlərin verilməsi, sahibkarlığın inkişafı, belə gözəl müəssisələrin yaradılması prosesi başlamışdır.
Qeyd etdiyim kimi, burada mindən çox insan işlə təmin ediləcək. Bu, işsizliyin aradan qaldırılması üçün çox gözəl addımdır. Eyni zamanda, ənənəvi olaraq çay plantasiyalarında qadınlar daha çox işləyirdi, fəaliyyət göstərirdi. Bu da çox vacibdir ki, ailədə hər iki valideyn işlə təmin edilsin. Qadınlar üçün çay plantasiyalarında işləmək Azərbaycanda ənənəvi xarakter daşıyan haldır. Hesab edirəm ki, müasir şəraitdə işləmək, əlbəttə, hər bir insan üçün çox önəmlidir. Gözəl müəssisədir, əminəm ki, burada insanlara, fəhlələrə yaxşı baxacaqlar, onların maaşı da, yeməyi də, iş şəraiti də yaxşı olacaq. Əminəm ki, bu fabrik gələcəkdə öz fəaliyyətini genişləndirəcək. Çünki həm Lənkəranda, həm Astarada, digər yerlərdə imkanlar genişdir, kənd təsərrüfatı, çayçılıq. Siz burada, eyni zamanda, çəltikçiliklə də məşğulsunuz. Bu da çox önəmlidir, bu zonanın ənənəvi kənd təsərrüfatı sahəsidir. Ölkəmiz bax, bu cür inkişaf edəcək, o cümlədən Astara.
Astara gözəl rayondur, Azərbaycanın gözəl guşəsidir, gözəl təbiəti, iqlimi, insanları var. Çox şadam ki, burada həm abadlıq işləri görülür, eyni zamanda, gözəl müəssisələr yaradılır. Bu, mənim Astaraya son illər ərzində yeddinci səfərimdir. Bu, özlüyündə sübut edir ki, Astaraya nə qədər böyük diqqət göstərilir. Mən bundan sonra da burada gedən işləri daim nəzarətdə saxlayacağam.
Bu gözəl hadisə münasibətilə sizi bir daha təbrik edirəm.
X X X
Rayon ictimaiyyətinin nümayəndələri Astaranın hərtərəfli inkişafının daim diqqət mərkəzində saxlandığına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirdilər. Dövlətimizin başçısı rayon ictimaiyyətinin nümayəndələri ilə söhbət etdi.
Prezident İlham ƏLİYEV: Yaxşı işləmisiniz. Görürəm ki, medallarınız çoxdur. Harada, hansı sahədə işləmisiniz?
SAKİN: Fermada işləmişəm, kənd təsərrüfatı sahəsində.
Prezident İlham ƏLİYEV: Yəni, yaxşı işləmisiniz ki, sizi o vaxt təltif ediblər.
SAKİN: Bəli, ulu öndər Heydər Əliyevin dövründə işləmişəm.
Prezident İlham ƏLİYEV: Lap yaxşı. Bəs o vaxtdan çayçılıqda işləyənlər var?
SAKİN: Bu şəkildə gördüyünüz kimi, düz 33 il bundan əvvəl biz Ulu Öndəri bu məkanda qarşılamışdıq. O vaxt bizimlə çox səmimi söhbət etdi. Onun bizə bir tövsiyəsi oldu ki, çayçılıq, çay bitkisi çox müqəddəs bitkidir. Onun halallığa çox ehtiyacı var. Bu gün mən çox şadam, ümumiyyətlə, astaralıların hamısı çox şaddır ki, Siz onun tövsiyəsini davam etdirirsiniz. Çayçılıq bizim rayona xas olan təsərrüfatdır. Rayonun iqlimi buna imkan yaradır. Çayçılığın inkişafına göstərdiyiniz diqqətə görə çox sağ olun. Biz daim Sizi dəstəkləyirik. Allah Sizi qorusun. Bir daha Astaraya xoş gəlmisiniz.
Prezident İlham ƏLİYEV: Sağ olun.
SAKİN: Cənab Prezident, xoş gəlmisiniz, Sizin ziyarətiniz də qəbul olunsun. Bu bölgə bizim üçün əzizdir, müqəddəsdir. Sizin gəlişiniz bu bölgəni bizim üçün daha da təravətləndirdi. İlk çay bitkisi 1812-ci ildə məhz bu bölgədə əkilib. İndi Sizin qayğınızın nəticəsində biz çayçılığı inkişaf etdiririk. Sizin tapşırığınızla cənub bölgəsində çayçılığın genişləndirilməsi regionların inkişafı ilə bağlı Dövlət proqramına daxil edildi. Həmin ildən biz yeni plantasiyalar salmağa başladıq. Sizin sayənizdə qısa müddətdə 450 hektar çay plantasiyası salmışıq. Gördüyünüz bu çay fabriki də şəxsən Sizin sayənizdə tikilib. İnanın ki, indiyədək belə bir fabrik bu bölgədə, respublikada olmayıb.
Prezident İlham ƏLİYEV: Heç vaxt olmayıb.
SAKİN: Hamısı Sizin diqqətiniz sayəsində olub.
Prezident İlham ƏLİYEV: Əminəm ki, bundan sonra belə fabriklərin sayı çox olacaq - həm burada, həm digər yerlərdə. Çünki çayçılıq bizim ənənəvi kənd təsərrüfatı sahəmizdir. Çox istəyirəm ki, həm daxili bazarı biz özümüz təmin edək, həm də ixrac edək. Xaricdə də görsünlər ki, Astara çayı nə qədər gözəldir, ləzzətlidir, keyfiyyətlidir. Çünki bizdə, ümumiyyətlə, Azərbaycanda kənd təsərrüfatı məhsullarının hamısı keyfiyyətlidir. İndi bəzi xarici ölkələrdə məhsullara o qədər kimyəvi maddələr vurur, məhsulu artırmaq üçün o qədər müxtəlif yollara əl atırlar ki, məhsul da öz keyfiyyətini, dadını itirir. Azərbaycanda bütün meyvə, tərəvəz, kənd təsərrüfatı məhsulları təbiidir, gözəldir, keyfiyyətlidir, o cümlədən də çay. Ona görə çox istərdim ki, biz Astara çayını dünyanın aparıcı ölkələrinin mağazalarında görək. Belə fabriklə buna nail olmaq mümkün olacaq. Şadam ki, biz bu gün bu ənənəni bərpa edirik. Siz tamamilə haqlısınız ki, Ulu Öndər həmişə bu bölgədə olarkən deyirdi ki, çayçılıq çox əhəmiyyətli sahədir.
SAKİN: Astaraya səfərləri zamanı birinci olaraq çay plantasiyasına gəlirdi.
Prezident İlham ƏLİYEV: Sonra - 1990-cı illərdə Azərbaycana qayıdanda da çox heyfsilənirdi ki, bu sahəyə lazımi diqqət göstərilməmişdir. Demək olar ki, biz çayçılığı itirirdik. Biz gərək onun siyasətini davam etdirək. Çalışırıq ki, davam etdirək. Belə gözəl müəssisələrin yaradılması ölkəmizin gücünü göstərir. Görürəm, burada xarici mütəxəssislər də var, sizi də salamlayıram. Sağ olun, siz də bizə kömək edirsiniz. Təbrik edirəm.
SAKİNLƏR: Çox sağ olun.
X X X
Sonda xatirə şəkli çəkdirildi.