RƏSMİ XRONİKA
Prezident İlham Əliyev Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin inşası başa çatan “Tufan” gəmisi və yeni xüsusi texnikalar ilə tanış olub [YENİLƏNİB-2] VİDEO
Bakı, 13 yanvar, AZƏRTAC
Yanvarın 13-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində inşası başa çatdırılan sərhəd gözətçi gəmisində yaradılan şəraitlə tanış olub, “Tufan” tipli növbəti sərhəd gözətçi gəmisinin təməlini qoyub və xidməti istifadəyə verilən xüsusi təyinatlı texnikalara baxıb.
AZƏRTAC xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının Komandanı Elçin Quliyev Prezident, Ali Baş Komandan İlham Əliyevə raport verdi.
Sonra Prezident, Ali Baş Komandan İlham Əliyev Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində “Tufan” tipli növbəti sərhəd gözətçi gəmisinin təməlqoyma mərasimində iştirak etdi.
Azərbaycan Prezidenti Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin sərhəd gözətçi gəmilərinin fəaliyyətini əks etdirən filmə baxdı, onların texniki göstəriciləri ilə tanış oldu.
Azərbaycan Sərhəd Mühafizəsinin xidməti-döyüş fəaliyyətinin formalaşdırılması və inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı sayəsində bu xidmət keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Prezident İlham Əliyevin 2005-ci il fevralın 18-də imzaladığı Fərmanla sərhəd gözətçi gəmilər dəstəsinin əsasında Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin təsis edilməsi nəticəsində Xəzər dənizində dövlət maraqlarının yüksək səviyyədə qorunması və dəniz sərhədlərinin etibarlı mühafizəsi üçün daha geniş imkanlar yaranıb. Dövlət Sərhəd Xidməti dənizdə sərhəd mühafizəsinin təşkili üzrə beynəlxalq təcrübədən istifadə edərək Xəzərdə səmərəli sərhəd mühafizə sisteminin formalaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirir.
2005-ci ildə Prezident İlham Əliyevin imzaladığı Sərəncamla təsdiq olunan “Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi sisteminin 2006-2010-cu illərdə texniki inkişafına dair Dövlət Proqramı” çərçivəsində Bakının Türkan qəsəbəsində Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin yeni bazası inşa edildi. Ölkəmizin dəniz təhlükəsizliyi strategiyasına uyğun olaraq, dənizdə neft-qaz infrastrukturunun mühafizəsi məqsədilə sərhəd gözətçi gəmilərinin imkanları gücləndirildi, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin maddi-texniki bazası xeyli möhkəmləndirildi. Sərhədçi dənizçilərin peşəkarlıq səviyyəsinin artırılması xüsusilə diqqət mərkəzində saxlandı. Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin şəxsi heyətinin cəlb olunduğu müxtəlif mövzularda döyüş və taktiki təlimlərin hər il keçirilməsi döyüş hazırlığının yüksəldilməsində, ekstremal şəraitdə peşə vərdişlərinin möhkəmləndirilməsində böyük rol oynayır. Ötən ilin oktyabrında “Azərbaycan Respublikasına aid neft-qaz infrastrukturuna qarşı təhlükə yarandıqda axtarış əməliyyatlarının aparılması və aşkar edilmiş terror-təxribat qruplarının zərərsizləşdirilməsi” mövzusunda döyüş atışlı taktiki sərhəd təlimlərində ilk dəfə olaraq gəmi silahlarından gecə və gündüz şəraitində təlim tapşırıqları yüksək səviyyədə icra edildi. İlk dəfə Xəzərdə gəminin göyərtəsinə helikopterin enişi yerinə yetirildi.
Dövlətimizin başçısı yeni inşa edilmiş “Tufan” tipli sərhəd gözətçi gəmisində yaradılan şəraitlə maraqlandı.
Yeni gəmi mükəmməl naviqasiya və rabitə-radiotexnika avadanlığı, müasir silahlar, o cümlədən raketlər və raket silahlarına qarşı kompleks, gecə-gündüz görmə müşahidə sistemləri və hidroakustik qurğu ilə təchiz edilib. Xəzər dənizində ağır üzmə şəraitində xidməti vəzifələrini yerinə yetirə bilən itisürətli qayıqlarla təchiz edilən və 62 metr uzunluğunda olan sərhəd gözətçi gəmisinin dəniz şəraitində göyərtəsinə helikopterin enməsi mümkündür. Yeni gəmidən dövlət sərhədlərinin mühafizəsi, sərhədboyu rejimin təmin edilməsi, karbohidrogen ehtiyatlarının hasilatı və nəqli, infrastrukturun təhlükəsizliyinin təmin edilməsi istiqamətində xidməti vəzifələrin icrası zamanı istifadə olunacaq. Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində müasir silahlar, mükəmməl naviqasiya və rabitə-radiotexnika avadanlığı ilə təchiz edilən itisürətli və yüksək üzmə qabiliyyətli daha bir “Tufan” tipli sərhəd gözətçi gəmisinin inşası yaxın zamanlarda başa çatdırılacaq.
Prezident, Ali Baş Komandan İlham Əliyev sərhəd gözətçi gəmilərinin keçidinə baxdı.
Azərbaycan Prezidenti İlham Əliyevə Dövlət Sərhəd Xidməti üçün yeni alınan avtonəqliyyat vasitələri və digər xüsusi texnikalar barədə də məlumat verildi.