RƏSMİ XRONİKA
Prezident İlham Əliyev Polşa Prezidenti ilə görüşüb YENİLƏNİB VİDEO
Bakı, 12 noyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Polşa Respublikasının Prezidenti Andjey Duda ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev COP29-da iştirak etdiyinə görə Andjey Dudaya minnətdarlığını bildirdi. Polşa Prezidenti ilə görüşlərini məmnunluqla xatırlayan dövlətimizin başçısı Andjey Dudanın ölkəmizə səfərinin ikitərəfli münasibətlərimizin inkişafına töhfə verəcəyinə ümidvar olduğunu dedi.
Andjey Duda COP29-a dəvətə görə Azərbaycan Prezidentinə minnətdarlığını ifadə edərək, bu tədbirin yüksək səviyyədə təşkil olunduğunu vurğuladı və bununla bağlı təbriklərini çatdırdı.
Söhbət zamanı qlobal iqlim gündəliyinin vacibliyi qeyd olundu.
Polşa ilə Azərbaycan arasında əlaqələrin müxtəlif sahələrdə inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparıldı, Azərbaycan-Avropa İttifaqı əlaqələri və regional məsələlər müzakirə edildi.
Azərbaycanda olan Polşa irsi, həmçinin polyak memarların Bakı şəhərində müxtəlif abidələrin memarlığında iştirakı məsələsi də qeyd olundu.