Prezident İlham Əliyev Qlobal Bakı Forumunda erməni diasporunu dəstəkləyən korrupsiyaya uğramış siyasətçilər barədə danışıb - YENİLƏNİB VİDEO

Bakı, 13 mart, AZƏRTAC
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında onilliklərlə erməni diasporunu dəstəkləyən korrupsiyaya uğramış siyasətçilərdən danışıb.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı deyib: “...biz bu məsələni erməni nümayəndələrinin və onların Brüsseldəki yeni ağalarının qarşısında qaldırmışıq. Çünki onlar indi böyük qardaşını dəyişiblər. Bu gün bu, Brüsseldir. Prezident Trampın qələbəsinə qədər bu, Dövlət Departamenti, USAID idi. Məhz indi ciddi problemlərlə üzləşən Menendes kimi rüşvətxor Amerika siyasətçiləri idi. Menendes siyahıda hələ sonuncu deyil. Necə deyərlər, bir qaranquşla bahar olmur. Xeyli digərləri var ki, erməni pulunu ciblərinə qoyurlar. Mən onların adını çəkə bilərəm, adları məlumdur: cənab Adam Şif, cənab Frenk Pallone, xanım Nensi Pelosi və bir çox digərləri var. Onlar onilliklər ərzində Azərbaycana hücum çəkmək və onu gözdən salmaq üçün Birləşmiş Ştatlarda erməni diaspor təşkilatlarından pullar alıblar”.