SİYASƏT
Prezident İlham Əliyevin 20 ili: Azərbaycanın regional gücə çevrilməsinin tarixçəsi - ŞƏRH
Bakı, 18 oktyabr, AZƏRTAC
İlham Əliyevin Prezident seçildiyi 2003-cü il regional və beynəlxalq münasibətlər baxımından olduqca mürəkkəb bir dövr idi. Qısaca desək, 2001-ci il sentyabrın 11-də Nyu-Yorkdakı Ümumdünya Ticarət Mərkəzinə “Əl-Qaidə”nin hücumundan sonra ABŞ Əfqanıstana hərbi müdaxilə etdi, ardından 2003-cü ildə İraqı işğal etdi. ABŞ sonra Suriyanı, İranı və Şimali Koreyanı “Şər üçbucağı” adlandırdı. Həmçinin başlatdığı qlobal güc mübarizəsində bütün dövlətlərə “ya bizimləsən, ya qarşımda” mesajı verərək dünyada tək hegemon güc olduğunu elan etdi. Corc Buş administrasiyasının hədəfində İraqdan sonra Azərbaycanın qonşusu İranın olduğu güclü iddia kimi yayılmaqda idi. Əlbəttə, bu hadisələr Cənubi Qafqaz da daxil olmaqla, bütün ətraf regionlara öz təsirini göstərirdi. Buna paralel olaraq, regionda Gürcüstan və Ukraynada yaşanan “rəngli inqilablar”dan sonra Qərb mətbuatı növbənin Azərbaycana çatdığını elan edirdi.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Cavid Vəliyev söyləyib.
“Azərbaycanda 2003-cü ildə keçirilən seçkilərində İlham Əliyev belə bir çətin regional və qlobal şəraitdə prezident seçildi. Prezident İlham Əliyevin xarici siyasət strategiyasının qarşısında torpaqları işğaldan azad etməklə yanaşı, qlobal və regional mənada başlayan bu güc mübarizəsində doğru istiqaməti müəyyənləşdirmək də dururdu. Ölkəmiz Qarabağın işğaldan azad edilməsi üçün “hücum strategiyası” müəyyənləşdirdi. Azərbaycan Qlobal miqyasda güc mübarizəsində isə beynəlxalq proseslərdən təcrid olunmamaq, eyni zamanda, müstəqil xarici siyasətini qoruyaraq qonşu dövlətlərə qarşı platforma olmamaq və etibarlı tərəfdaşa çevrilmək strategiyasını seçdi. Bütün hədəf dünyada və regionda rəqiblərin iddialarının əksinə olaraq etibarlı və güclü Azərbaycan dövləti yaratmaq idi”, - deyən şöbə müdiri bu dövrdə xarici siyasət qarşısında duran əsas məsələlərdən birinin Bakı-Tbilisi-Qars dəmir yolunun reallaşması üçün müqavilənin imzalanması olduğunu qeyd edib. Diqqətə çatdırıb ki, bu layihə Azərbaycanın regional əməkdaşlığı genişləndirməsi və dünya birliyinə müsbət gündəmlə daxil olması baxımından vacib idi. Bunun qarşılığında rəsmi İrəvan və erməni diasporunun təzyiqləri ilə ABŞ və Avropadan bəzi siyasətçiləri, Konqres üzvləri bu layihənin Ermənistandan keçməsini istəyir, bu məqsədlə ABŞ və Avropadan ona maddi dəstək və kredit ayrılması qadağan edilən qərarlar verilirdi. Bütün bunlara baxmayaraq, 2007-ci ildə Tbilisidə Azərbaycan, Türkiyə və Gürcüstan liderləri arasında Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin tikilməsi üçün ilkin razılaşma imzalandı. Azərbaycan bu layihənin həyata keçməsi üçün həm öz hissəsini, həm də Gürcüstan hissəsini maliyyələşdirdi.
2008-ci ilin avqustunda yaşanan Rusiya-Gürcüstan müharibəsi Prezident İlham Əliyevin xarici siyasəti üçün yeni imtahanı oldu. Bu müharibə əslində 1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra qurulan tək qütblü dünya sisteminə qarşı regionda yeni geosiyasi rəqabətin başlaması mənasına gəlirdi. Qısacası, dünyada yeni geosiyasi mübarizə Azərbaycanın qonşuluğunda Gürcüstanda başlamışdı və Prezident Əliyev üçün yenidən doğru bir strategiya seçmək ehtiyacı ortaya çıxmışdı.
Belə bir şəraitdə, 2009-cu ildə Naxçıvanda Türk dövlətləri arasında münasibətlərin institutlaşdırılması məqsədilə Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası yaradıldı, Azərbaycan Türkiyə, Qazaxıstan və Qırğızıstan ilə Şuranın təsisçi dövləti oldu. Bu, əslində, Azərbaycanın yeni dövrdə öz tərəfini seçməsi mənasına gəlirdi. Azərbaycan Türk dövlətləri ilə birlikdə yeni dünya düzənində öz yerini tutmağa başladı. 2010-cu ildə Azərbaycanla Türkiyə arasında “Strateji Əməkdaşlıq və Qarşılıqlı Yardımlaşma haqqında Saziş” imzalandı, daha sonra Yüksək Səviyyəli Əməkdaşlıq Şurası quruldu. Şura Azərbaycan-Türkiyə münasibətlərində yeni dövrün başlanğıcını qoydu. Azərbaycan və Türkiyənin Avropa enerji bazarında aparıcı oyunçuya çevirən Trans-Anadolu qaz boru kəməri üzrə müqaviləsi məhz bu Şuranın ilk iclasında imzalandı.
TANAP müqaviləsi, əslində, Azərbaycanın enerji siyasətində İlham Əliyev dövrünün ən vacib uğurlarından hesab oluna bilər. Xüsusilə 2006-cı ildə yaşanan Rusiya-Ukrayna təbii qaz böhranından sonra Avropa alternativ enerji mənbələrinə yönəldi və bu çərçivədə sonrakı dövrdə Azərbaycanın “Köhnə qitə” üçün daha əhəmiyyətli enerji tərəfdaşına çevrildi. Bu layihələrin Azərbaycan üçün faydaları bunlardır : 1. Ölkənin qeyri-neft sektorunun inkişafına imkan yarandı. 2. Azərbaycanın strateji dəyəri artdı. 3. Azərbaycanın dünya bazarlarına çıxışı təmin edildi və o, dənizlərə çıxış olmayan ölkədən tranzit ölkəyə çevirdi. 4. Azərbaycanın iqtisadiyyatı inkişaf etdi. 5. Qarabağ məsələsinin ədalətli həllində strateji güc balansı Azərbaycanın lehinə dəyişdi. Sonuncu maddə Prezident İlham Əliyevin xarici siyasətinin strateji prioriteti və Azərbaycan xalqının ən böyük arzusu idi.
Dövlətimizin başçısı bir tərəfdən beynəlxalq aləmdə Azərbaycanın etibarlı müttəfiq olduğunu göstərdi, digər tərəfdən onun strateji dəyərini artırdı, daxili və xarici siyasətdə müstəqil kurs yürütdüyünü sözdə deyil, reallıqda göstərmiş oldu. Bu da Azərbaycanın ən əsas daxili, xarici və təhlükəsizlik problemi olan Qarabağ məsələsinin həllini yaxınlaşdırdı.
Prezident İlham Əliyev Qarabağ məsələsinin ədalətli, beynəlxalq hüquqa uyğun, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həlli üçün çalışdı. Bir-birindən fərqli üç istiqamətə xüsusi diqqət yetirildi. 1. Müharibə olmaması və insan itkisinin qarşısının alınması üçün diplomatik müzakirələrdən ümidi kəsmədi və davam etdirdi. 2. Ermənistana qarşı beynəlxalq aləmdə yalnız hücum diplomatiyası ilə nəticə qazanacağına qərar verdi. 3. Alternativ variant olaraq ölkənin hərbi hazırlığını davam etdirdi. Bu, əslində, problemlə qarşı-qarşıya olan bir ölkənin başçısı üçün A, B və C variantlarının masada olduğunu göstərirdi.
Nəticədə 2020-ci ildə Azərbaycan Ordusu 44 günlük uğurlu əməliyyatla torpaqlarını işğaldan azad etdi. Bu uğur diplomatik və hərbi strategiyanın uğurlu şəkildə koordinasiya edilməsinin nəticəsi idi. Prezident İlham Əliyev hərbi və diplomatik strategiyası ilə Azərbaycan xalqının arzusunu yekunda uğura çevirə bilmişdi. Prezident İlham Əliyev bu uğuru xalq-iqtidar birliyinin təzahürü adlandırdı. Azərbaycan dövləti 2023-cü ildə bütün ölkə ərazisində suverenliyini təmin edərək 2020-ci il Zəfərinin təsadüfi olmadığını göstərdi. Bu, Azərbaycanın son 200 ildə itirdiyi torpaqlarını ilk dəfə geri alması idi. Bu, eyni zamanda, milli qürurun, milli kimliyin bərpası və yeni hədəflərin önünün açılması idi. Beləliklə, Azərbaycan Cənubi Qafqazın lideri olduğunu bir daha nümayiş etdirdi.
“Son 20 ildə Prezident İlham Əliyevin xarici siyasəti bir neçə mərhələdən keçərək Azərbaycanı regionun lider dövlətinə çevirməyi bacardı. Birincisi, qarşısına çıxan çağırışlara qarşısında doğru strategiya mənimsəyərək imtahandan uğurla keçdi. İkincisi, Azərbaycanın strateji dəyərini artıran layihələri uğurla tamamladı və yenilərinə imza atdı. Üçüncüsü və ən vacibi işğal altındakı torpaqları azad edəcək diplomatik və hərbi strategiya həyata keçirərək milli qürurumuzu, kimliyimizi bərpa etdi və ölkə üçün yeni hədəflər müəyyənləşdirdi.
Nəticədə, İlham Əliyevin 20 illik prezidentliyi dövründə Azərbaycan regional gücə çevrildi. Bu mənada Azərbaycan regionun taleyini müəyyənləşdirən güclü bir dövlət olmağı bacardı. Azərbaycan regionun böyük və regional güclərin qarşıdurma platforması deyil, əməkdaşlıq platforması olmasını təmin edə bildi. Digər tərəfdən, Qarabağ zəfərindən sonra regional əməkdaşlıq və normallaşma üçün verdiyi təkliflərlə, əslində, bu liderlik məsuliyyətinin şərtlərini yerinə yetirməyə hazır olduğunu göstərdi”, - deyə C.Vəliyev vurğulayıb.