SİYASƏT
Prezident İlham Əliyevin Qırğızıstana səfəri Orta Asiya ilə Azərbaycanın əlaqələrini inkişaf etdirmək məqsədi daşıyır
Bakı, 13 oktyabr, AZƏRTAC
Prezident İlham Əliyev fəal xarici siyasət kursu həyata keçirir. Hazırkı dövrdə məlum təhlükələri önləyən, Azərbaycanın beynəlxalq mövqelərini gücləndirən addımlar atılmaqdadır. Bu sırada xüsusilə, bir-birinin ardınca Brüsseldə, Bolqarıstanda, Praqada aparılan danışıqlar təkcə regionumuz üçün deyil, dünya təhlükəsizliyinə xidmət edən hadisələrdir. Prezident İlham Əliyevin Qırğızıstana səfəri Orta Asiya məkanı ilə Azərbaycanın ən müxtəlif xarakterli tarixi, dini, mədəni əlaqələrini qoruyub saxlamaq, eyni zamanda, onu müasir tələbləri çərçivəsində inkişaf etdirmək məqsədi daşıyır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc söyləyib.
O bildirib ki, Qırğızıstanda Nizami Gəncəvi adına 103 saylı məktəbin, Heydər Əliyev adına Məktəb-Gimnaziya təhsil-tərbiyə kompleksinin açılması öz-özlüyündə yumşaq diplomatiya kimi xarakterizə olunan siyasətin tərkib hissəsidir. Çünki gələcəkdə bu məktəblərdə oxumuş şagirdlər Azərbaycan ilə Qırğızıstan arasında daha sıx münasibətlərin qurulmasında xüsusi rol oyanacaqlar. Müxtəlif dövlətlər belə siyasəti daim geniş planda reallaşdırırlar. Digər tərəfdən, iki ölkə arasındakı əlaqələri yeni səviyyəyə qaldırmaq üçün müxtəlif sənədlər imzalandı. Həmin sənədlər əlaqələrimizin bundan sonrakı inkişafı üçün çox mühüm əhəmiyyətə malikdirlər. Eyni zamanda, Böyük Qayıdış çərçivəsində, Qırğızıstanın iş adamlarının bu ərazilərə gəlməsi və fəaliyyəti bizim üçün böyük önəm daşıyır. Ona görə də dövlətimizin başçısının səfəri bu baxımdan uğurlu və gələcək perspektivlərə yönəlmiş hadisə kimi dəyərləndirilir.
“Ardınca Prezident İlham Əliyev Qazaxıstana səfər edib. Eyni tarixi, mədəniyyəti bölüşən xalqlar olaraq Azərbaycan ilə Qazaxıstanın böyük irs birləşdirir. Azərbaycan məhz bu təməllər üzərində münasibətləri, həm Qırğızıstanla, həm Qazaxıstanla, həm də dost, qardaş Orta Asiya ölkələri inkişaf etdirmək niyyətindədir. Bu bizim xarici siyasətin əsas xəttidir”, - deyə Zahid Oruc qeyd edib.