SİYASƏT
Prezident İlham Əliyevin seçkilərdə inamlı qələbəsi İrpendə də sevinclə qarşılanıb – AZƏRTAC-ın REPORTAJI VİDEO
İrpen, 16 fevral, AZƏRTAC
Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yenidən Prezident seçilməsini təkcə Azərbaycan vətəndaşları deyil, ölkə hüdudlarından kənarda yaşayan xarici vətəndaşlar da sevinclə qarşıladılar.
AZƏRTAC xəbər verir ki, Ukraynanın İrpen şəhərində akademik Zərifə xanım Əliyeva adına 12 saylı “Linqvist” liseyinin kollektivi və Azərbaycanın bu ölkədəki diasporunun rəhbər şəxsləri Prezident İlham Əliyevin Milli Məclisdə keçirilən andiçmə mərasimindən sonra İrpendə tanınmış oftalmoloq-alim Zərifə xanım Əliyevanın abidəsini ziyarət edib, bayram tədbiri təşkil olunub.
Məktəbin kollektivi, İrpen şəhər meriyasının rəhbərliyi, diaspor rəhbərləri əvvəlcə akademik Zərifə xanım Əliyevanın abidəsi önünə tər çiçəklər düzüb, əziz xatirəsini anıblar.
12 saylı “Linqvist” liseyinin direktoru Valentina Antonenko çıxışında bildirib: “Vətəninin sədaqətli oğlu, böyük ürəkli insan İlham Əliyevin təhsil müəssisəmizə təqdim etdiyi əvəzsiz hədiyyə çox əzizdir. Bizim təhsil müəssisəsi, liseyimizdə təhsil alan 2000 uşaq üçün etdiklərinə görə ömrümün sonuna qədər ona minnətdar olacağam. Çox dəyərli İlham Əliyevi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi münasibətilə təbrik edirəm. Ona, xanımı Mehriban Əliyevaya, doğmalarına səmimi-qəlbdən möhkəm cansağlığı diləyirəm. Azərbaycan dövlətinə və xalqına böyük qələbələr, əmin-amanlıq, səadət arzulayıram”.
Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev çıxışında qeyd edib ki, Prezident İlham Əliyevin seçkilərdə inamlı qələbəsi Ukraynada yaşayan azərbaycanlıları, xüsusilə konqresin ətrafında birləşən on minlərlə vətənpərvər azərbaycanlını sevindirdi.
“Tarixi haldır ki, seçkilər Azərbaycanın bütün ərazilərində keçirildi. Prezident İlham Əliyevin Qarabağda səs verməsi Azərbaycanın ərazi bütövlüyünün bərpa olunduğunu bir daha təsdiqlədi. Ukrayna ilə Azərbaycan arasında əlaqələr daha da güclənir. Biz çox şadıq ki, Prezident İlham Əliyev Ukraynaya böyük humanitar yardımlar edir. Bu yardımlar Ukraynada yaşayan azərbaycanlıların başını ucaldır”, - deyə Rövşən Tağıyev əlavə edib.
Sonra 12 saylı “Linqvist” liseyində Azərbaycan dili fənni keçən şagirdlər Prezident İlham Əliyevi seçkilərdə inamlı qələbəsi münasibətilə özlərinə məxsus şəkildə təbrik ediblər.
“Ananız Zərifə xanım Əliyevanın adını daşıyan liseydə Azərbaycan dilini öyrənmək üçün yaratdığınız imkana və əvəzsiz hədiyyəyə görə çox sağ olun.
Sizi ali dövlət fəaliyyətiniz - yenidən Azərbaycanın Prezidenti seçilməyiniz münasibətilə ürəkdən təbrik edirik.
Sizə cansağlığı, uzun ömür, ölkənizə firavanlıq arzulayırıq! Biz - Zərifə Əliyeva adına İrpen “Linqvist” Humanitar Liseyinin 3A sinif şagirdləri Sizə böyük ehtiramla, şərəf sözü veririk ki, Azərbaycan dilini mükəmməl öyrənəcəyik.
Azərbaycan-Ukrayna dostluğuna eşq olsun!!!”, - deyə şagirdlər təbriklərində söyləyiblər.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
İrpen