PREZİDENT İLHAM ƏLİYEVİN TAPŞIRIĞI İLƏ AZƏRBAYCAN SƏFİRLİYİ RUMINİYADA TƏBİİ FƏLAKƏTDƏN ZƏRƏR ÇƏKƏN İNSANLARA YARDIM GÖSTƏRMİŞDİR
AZƏRTAC xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə ölkəmizin Buxarestdəki səfirliyi Rumıniyanın Suçava bölgəsində daşqından ziyan çəkmiş əhaliyə maddi və humanitar yardım göstərmişdir.
Səfirlikdən bildirmişlər ki, bu məqsədlə səfir Eldar Həsənovun başçılığı ilə Azərbaycanın Rumıniyadakı səfirliyinin əməkdaşları, habelə Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin, Heydər Əliyev Fondunun Rumıniyadakı təmsilçiliyinin rəhbərləri, Rumıniya-Azərbaycan Ticarət və Sənaye Palatasının üzvləri və Rumıniyada yaşayan Azərbaycan icmasının nümayəndələri iyulun 31-də ölkənin şimalında yerləşən Suçava bölgəsinə səfər etmişlər. Nümayəndə heyəti yerli əhaliyə zəruri ləvazimat, ərzaq və tibb ləvazimatı ilə yardım göstərmişlər. Təbii fəlakət nəticəsində həlak olanların yaxınlarına Azərbaycan Prezidenti və dövləti adından başsağlığı verilmişdir.
Səfər çərçivəsində Suçava bölgəsinin prefekti, şəhərin meri, həmin bölgədən seçilmiş deputatlar, Daxili İşlər və İnzibati İslahatlar Nazirliyinin məsul əməkdaşları, yerli idarəetmə orqanlarının rəhbərləri ilə görüşlər keçirilmişdir. Azərbaycan dövlətinin və xalqının Rumıniyada baş vermiş təbii fəlakətdən, dəhşətli daşqınlardan narahatlığı qeyd olunmuşdur. Vurğulanmışdır ki, dost ölkələr ağır gündə də, xoş gündə də bir yerdə olmalıdırlar. Dost ölkələrin, beynəlxalq təşkilatların və Rumıniya hökumətinin birgə səyi, dəstəyi və yardımı sayəsində qısa müddətdə təbii fəlakətin nəticələrinin aradan qaldırılacağına əminlik ifadə olunmuşdur.
Rumıniya tərəfi Azərbaycan Prezidentinə, dövlətinə, Heydər Əliyev Fonduna, Rumıniyadakı Azərbaycan icmasına bu xeyirxah təşəbbüsə görə minnətdarlıq etmiş, bunu ölkələrimiz arasında dostluq münasibətlərinin təzahürü olduğunu bildirmişdir.
Görüşdən sonra Azərbaycan nümayəndə heyəti Rumıniya rəsmiləri ilə birlikdə zərərçəkmiş insanlarla görüşmüş və onların yaşayış şəraitləri ilə tanış olmuşdur.