Prezident İlham Əliyevin “Valday”da dediyi “Qarabağ Azərbaycandır və nida işarəsi” sözləri düz bir ilin tamamında reallığa çevrilir

Bakı, 4 oktyabr, AZƏRTAC
Oktyabrın 3-də Azərbaycan Ordusunun döyüş əməliyyatları üçün strateji önəm daşıyan Suqovuşan və daha 7 kənd işğalçı qüvvələrdən azad olundu. Bu xəbəri Azərbaycan xalqına çatdıran Prezident İlham Əliyev Böyük Qələbəyə aparan yolun astanasında olduğumuzu elan etməklə yanaşı, bir il öncə dediyi sözün arxasında dayanan, prinsiplərindən dönməyən, Azərbaycan xalqının qüdrətli sərkərdələrinə, dövlət adamlarına xas olan bütün yüksək keyfiyyətləri xarakterində birləşdirən bir lider olduğunu bir daha bütün dünyaya nümayiş etdirdi.
Bu fikri AZƏRTAC-a açıqlamasında siyasi ekspert Elçin Mirzəbəyli bildirib.
Ekspert deyib: “Bir il əvvəl, oktyabrın 3-də, “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasındakı çıxışında Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanın “Qarabağ Ermənistandır və nöqtə” bəyanatına “Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi” cavabını vermişdi. O gündən başlayaraq, Azərbaycan Prezidenti öncə MDB dövlət və hökumət başçılarının Bişkekdə keçirilən Zirvə toplantısında, sonra Münhen Təhlükəsizlik Konfransı çərçivəsində təşkil olunan debatda Ermənistanın siyasi liderinin absurd iddialarına dəmir məntiqi, dərin tarixi bilgiləri, yüksək intellekti və natiqlik bacarığı ilə nida işarəsi qoyaraq, Paşinyanı və onun şəxsində qozbel erməni təfəkkürünü son cavabı Qarabağda, döyüş səhnəsində veriləcək sual işarəsinə çevirdi. Azərbaycan Prezidentinin “Rossiya-1” telekanalına müsahibəsindən dərhal sonra çıxış edən Nikol Paşinyanın artıq əzik bir sual işarəsi görüntüsündəydi, üzünün bütün cizgilərindən sual yağırdı, nə baş verdiyini anlaya bilmirdi, nə deyəcəyini də həmçinin... Prezident İlham Əliyevin “Qarabağ Azərbaycandır və nida” sözləri qəhrəman Azərbaycan Ordusunu yüksək döyüş əzmi ilə silahlandırmış və qarşısıalınmaz gücə, bütün sualları cəsarəti ilə əzəcək nəhəng, dümdüz, qürurlu bir nida işarəsinə çevirmişdi.
İlham Əliyevin bir il öncə dediyi “Qarabağ Azərbaycandır və nida” sözləri Azərbaycan xalqının milli birliyinin, həmrəyliyinin simvoluna çevrilib, döyüş ruhumuzu ayağa qaldırıb.
E.Mirzəbəyli vurğulayıb ki, Azərbaycan Prezidentinin “Valday”da dediyi qətiyyətli sözlər düz bir ilin tamamında reallığa çevrilir, Qarabağ kənd-kənd, şəhər-şəhər azərbaycanlaşır, öz cisminə, ruhuna qovuşur. Düşmənin mövqelərini darmadağın edən hər “atəş” komandasında, yüksəkliklərin, kəndlərin, şəhərlərin azad olunması üçün verilən hər “hücum” komandasında Ali Baş Komandanın “Qarabağ Azərbaycandır və nida” sözlərinin gücü var. Prezident İlham Əliyevin dilindən səslənən nida işarəsi bayraq ağacına çevrilib işğaldan azad edilmiş torpaqlarımızda yüksəkliklərə sancılır.