İQTİSADİYYAT
Prezident Tokayev: Mərkəzi Asiya nəqliyyat sisteminin inkişafı üzrə strategiyanın qəbul edilməsi böyük əhəmiyyət kəsb edir
Astana, 9 avqust, AZƏRTAC
Regionun tranzit-nəqliyyat potensialının daha da inkişafı, eləcə də Mərkəzi Asiyanın nəqliyyat sisteminin inkişafı üzrə Kompleks Strategiyanın qəbul edilməsi böyük əhəmiyyət kəsb edir.
AZƏRTAC-ın Akordanın mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Mərkəzi Asiya dövlət başçılarının VI Məşvərət Görüşündə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu, “Şimal-Cənub” nəqliyyat dəhlizi, “Kəmər və Yol” təşəbbüsü kimi layihələrə xüsusi yer verilir ki, bu layihələrə də Mərkəzi Asiyanın bütün ölkələri bu və ya digər dərəcədə cəlb olunub.
“Birgə səylər sayəsində “Qazaxıstan-Türkmənistan-İran” dəmir yolu magistralının potensialı ardıcıl olaraq genişləndirilir. Bu gün bu, Fars körfəzi ölkələrinə ən qısa marşrutdur. Cənubi Asiya bazarlarına çıxış əldə edən Transəfqan dəmir yolunun tikintisini də perspektivli hesab edirik. Qazaxıstan nəqliyyat-tranzit sahəsində genişmiqyaslı daxili işlər aparır. 2030-cu ilə qədər ölkəmiz 11 min km uzunluğunda dəmir yolunu modernləşdirməyi və 5 min km-dən çox uzunluğu olan yeni dəmir yolunu inşa etməyi planlaşdırır”, - deyə dövlət başçısı bildirib.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana