PREZİDENTİN QƏBUL ETDİYİ QƏRARLARDAN SONRA ÖLKƏDƏ İPOTEKA BUMU YAŞANIR
AZƏRTAC xəbər verir ki, iyunun 8-də keçirilən mətbuat konfransında bu fikri səsləndirən Milli Bankın İdarə heyətinin sədri Elman Rüstəmov bildirmişdir ki, buna səbəb dövlətimizin başçısının sosial ipoteka kreditləri şərtlərinin əhəmiyyətli dərəcədə yumşaldılması istiqamətində atdığı addımlar olmuşdur.
İyunun 7-nə olan son məlumatı nəzərə çatdıran E.Rüstəmov demişdir ki, həmin günədək ümumən 52,4 milyon manatlıq 1400 ipoteka krediti verilmişdir. E.Rüstəmov bu məqsədlə dövlət büdcəsindən daha 20 milyon manat vəsait ayrıldığını, Milli Bankın əlavə maliyyə üçün hökumətə təkliflər təqdim etdiyini söyləmişdir.
E.Rüstəmov xatırlatmışdır ki, ipoteka kreditləri 6 faiz dərəcəsi ilə 20 il müddətinə 30 yaşınadək şəxslərə verilir. Bu zaman orta mənzil sahəsi 60 kvadratmetr nəzərdə tutulur.
Bankın İdarə heyətinin sədri indiyədək 2,4 milyon manatlıq 74 sosial ipoteka verildiyi barədə məlumat vermişdir. İpotekanın regionlara da ayaq açdığını bildirən E.Rüstəmov artıq 97 belə kreditin verildiyini, tezliklə Naxçıvanda İpoteka Fondunun filialının fəaliyyətə başlayacağını qeyd etmişdir.