CƏMİYYƏT
Professor: Azərbaycan COP29-a ev sahibliyi etməklə bəşəriyyətin gələcəyinə olan hörmətini nümayiş etdirir
İstanbul, 14 noyabr, Günel Karatepe, AZƏRTAC
Dünyanın neft və qaz sənayesinin əsas ölkələrindən biri olan Azərbaycanın iqlim problemlərinə göstərdiyi maraq, həll axtarışlarında iştirakı və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməsi ilə bəşəriyyətin gələcəyinə olan hörmətini nümayiş etdirir.
Bu fikirləri Qafqaz Universitetləri Birliyinin rəhbəri, professor Ramazan Korkmaz AZƏRTAC-a açıqlaması zamanı bildirib.
Hazırda dünyanın qlobal səviyyədə ciddi problemlərlə üzləşdiyi və bu problemlərin birbaşa insan həyatı üçün mühüm olan mənbələri təhlükə altına qoyduğunu qeyd edən professor sözlərinə belə davam edib: “Vəhşi kapitalizm” prinsiplərinin təşviq etdiyi istehlak həvəsi, dünyamızın və bəşəriyyətimizin gələcəyini məhv edəcək dərəcəyə çatıb. Bu problemlərin başında nəzarətsiz əhali artımı, istehlak artıqlığı, kənddən şəhərə kütləvi miqrasiya, artan enerji ehtiyacı, yüklü miqdarda kimyəvi və fosil yanacağı istifadəsi kimi amilləri sadalaya bilərik”.
Azərbaycanın dünyada baş verən bütün bu proseslərə biganə qalmadığı, xüsusilə son vaxtlar yaranan ekoloji çətinliklərə verdiyi dəstəklə seçilən ölkələrdən olduğunu vurğulayan Ramazan Korkmaz ölkəmizin müasir dünya dövləti olaraq azad və müstəqil şəkildə yoluna əmin addımlarla davam etdiyini və COP29-da olduğu kimi strateji olaraq insanlığın gələcəyini maraqlandıran problemlərin həllinə də öz töhfəsini verdiyini vurğulayıb: “Bu, Azərbaycanın məsuliyyət səviyyəsi yüksək bir intellektual kadrlara sahib olunduğunu da göstərir. Ölkələrin və dövlətlərin həqiqi sərvətləri, bu cür yaxşı yetişmiş və bacarıqlı insan resurslarıdır. Azərbaycan intellektual insan resursları ilə həm Türk dünyasının, həm də bütün bəşəriyyətin ümid bəslədiyi ölkələrdən biri olmağa davam edir”.