AMEA-da professor Bədirxan Əhmədlinin kitablarının təqdimatı keçirilib






Bakı, 23 aprel, AZƏRTAC
AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin müdiri professor Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” (3 cilddə), “Zamanın yaddaşı ədəbi diskurslar” (Seçilmiş məqalələr), “Bir ömrün missiyası” və “Rabindranat Taqor: Nobelə gedən yol” (ingilis dilində) kitablarının təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbiri AMEA-nın prezidenti, Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəyli açaraq professor Bədirxan Əhmədlinin həyat və yaradıcılığından, çoxşaxəli elmi fəaliyyətindən, Azərbaycan ədəbiyyatşünaslıq elminə verdiyi töhfələrdən danışıb. Bildirib ki, professor Bədirxan Əhmədli XX əsr Azərbaycan ədəbiyyatının mərhələli və sistemli şəkildə tədqiqinə yönəlmiş sanballı əsərlərin müəllifidir. O, Azərbaycanla yanaşı, digər türk xalqlarının ədəbi irsinin yüz əlli ilə yaxın dövrünü səylə araşdıran, elmi-nəzəri baxımdan mükəmməl təhlil edən, bu xalqların tarixi və ədəbiyyatı ilə bağlı apardığı tədqiqatlarla ümumtürk elmi mühitinin sərhədlərini aşmağı bacaran istedadlı elm adamıdır.
“Professor Bədirxan Əhmədlinin Azərbaycan ədəbiyyatşünaslığında özünəməxsusluğunu göstərən mühüm xüsusiyyətlərdən biri onun Azərbaycan ədəbiyyatı tarixini problemlər üzrə öyrənməsidir”, - deyən AMEA rəhbəri ədəbiyyatşünas alimin əsərlərində satira janrının inkişafı, ədəbiyyatın ideya-estetik yönləri və ictimai düşüncəyə təsiri kimi məsələlərin elmi əsaslarla araşdırıldığını söyləyib.
Akademik İsa Həbibbəyli professor Bədirxan Əhmədlini satiraşünas alim kimi səciyyələndirərək, onun yaradıcılığında Azərbaycan satirik ədəbiyyatının əsas istiqamətləri və problemlərinin geniş təhlil olunduğunu bildirib. Qeyd edib ki, alim Azərbaycan satirasının həm tarixi köklərini, həm də XX əsrdəki inkişaf mərhələlərini və dövrlərini yüksək elmi-nəzəri səviyyədə dəyərləndiməyi bacarıb. O, satira janrının tam dolğun mənzərəsini, bütöv inkişaf yolunu və əsas problemlərini öz əsərlərində əks etdirib.
AMEA prezidenti Azərbaycan ədəbiyyatının dövrləşdirilməsi məsələsi ilə də məşğul olan professor Bədirxan Əhmədlinin “XX yüzil Azərbaycan ədəbiyyatı: mərhələlər, istiqamətlər, problemlər” adlı monoqrafiyasından bəhs edərək, bu əsərdə bir əsrin ədəbi prosesinə, mərhələ və problem təsnifatına elmi, nəzəri, konseptual baxışın ifadə olunduğu bildirib. Vurğulayıb ki, alimin yaradıcılığının özünəməxsus cəhətlərindən biri onun XX əsrin əvvəllərindəki milli məfkurəmizi, milli-demokratik inkişaf tariximizi, milli ideologiyamızı, milli ədəbiyyatımızı və mətbuatımızı birlikdə öyrənməsidir.
Bədirxan Əhmədlinin Asiya ədəbiyyatına dair tədqiqatlarını xüsusi qeyd edən akademik İsa Həbibbəyli onun Asiya ədəbiyyatının ən fəal tədqiqatçısı olduğunu və hazırda AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Asiya ədəbi əlaqələr şöbəsinə rəhbərlik etdiyini söyləyib. AMEA prezidenti alimin rəhbərliyi ilə sözügedən şöbədə Çin, Pakistan, Vyetnam, İndoneziya, Koreya, yapon, monqol, əfqan, hind ədəbiyyatı üzrə araşdırmalar aparıldığını, Azərbaycan-Asiya ölkələri ədəbi əlaqələrinə dair kitabların hazırlandığını, dissertasiyaların yazıldığını bildirib.
Akademik İsa Həbibbəyli professor Bədirxan Əhmədlinin çoxillik böyük zəhmətinin və səmərəli axtarışlarının nəticəsi olan əsərlərinin elmi əhəmiyyətini qeyd edib, kitabların təqdimatını alimin Azərbaycan cəmiyyətinə növbəti hesabatı kimi dəyərləndirib.
O, professor Bədirxan Əhmədlinin məhsuldar elmi fəaliyyəti və 70 illik yubileyi münasibətilə alimə AMEA-nın fəxri fərmanını təqdim edib.
Sonra Ədəbiyyat İnstitutunun XX əsr (sovet dövrü) Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri professor Asif Rüstəmli “Bədirxan Əhmədlinin ədəbiyyatşünas alim ömrünün portret cizgiləri” mövzusunda məruzə ilə çıxış edib.
Məruzəçi qeyd edib ki, ömrünün 40 ildən çoxunu elmə və təhsilə xidmət edən görkəmli ədəbiyyatşünas, tənqidçi Bədirxan Əhmədli zəngin yaradıcılığı ilə respublikamızla xarici ölkələr arasında körpü salan alimlərimizdəndir. Professor Bədirxan Əhmədli çətin və zəngin yaradıcılıq yolu keçib. 1986-cı ildə “Sabit Rəhmanın satirası” mövzusunda namizədlik, 2005-ci ildə “Azərbaycan satirasının inkişaf problemləri (1920-1980-ci illər)” mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib.
Professor Asif Rüstəmli alimin mühacirət ədəbiyyatı, orta Asiyanın əksər xalqlarının ədəbiyyatı, İstiqlal mücadiləsi, Cümhuriyyət dövrü ədəbiyyatının öyrənilməsi istiqamətindəki tədqiqatlarından da bəhs edib. O, Bədirxan Əhmədlinin “Bir istiqlal yolçusu” (2003) monoqrafiyasında ilk dəfə olaraq görkəmli ədəbiyyatşünas alim, ədəbiyyat tarixçisi, şair Əmin Abidin (Gültəkin) həyat və yaradıcılığının araşdırıldığını diqqətə çatdırıb. Vurğulayıb ki, Əmin Abid və Sabit Rəhman irsinə xüsusi diqqət göstərən Bədirxan Əhmədli, bu yaradıcı simaların irsini həm tədqiq edib, həm də çağdaş oxucuya çatdırmaq üçün önəmli nəşrlərə imza atıb.
Tədbirdə akademik Nizami Cəfərov, Milli Məclisin deputatı, filologiya elmləri doktoru Elnarə Akimova, professorlar Qəzənfər Paşayev, Hamlet İsaxanlı, Məmməd Əliyev, Məhərrəm Qasımlı, Nizami Məmmədov və filologiya elmləri doktoru Bəsirə Əzizəli çıxış edərək Bədirxan Əhmədlinin yaradıcılığının müxtəlif məqamlarına diqqət çəkərək onun nəcib insani keyfiyyətlərə malik ziyalı olduğunu bildirib, alimlə bağlı xoş xatirələrini bölüşüblər.
Daha sonra Özbəkistanın Fərqanə Dövlət Universitetinin alimi Əkbər Sadinov, Azərbaycan Ağsaqqallar Şurasının aparat rəhbəri Ramin Həsənli, Qars Qafqaz Universitetinin nümayəndəsi Könül Qulusoy, eləcə də Daşkənd Uluqbəy adına Milli Universitetin əməkdaşları ədəbiyyatşünas alimi 70 illik yubileyi münasibətilə təbrik edib, təmsil etdikləri müəssisələrin fəxri fərmanlarını, “Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov isə Şuranın diplomunu professor Bədirxan Əhmədliyə təqdim edib.
Çıxışçılar, həmçinin ictimaiyyətə təqdim olunan nəşrlər barədə fikirlərini bölüşüb, əsərlərin elmə dəyərli töhfə olduğunu bildiriblər.
Tədbirdə Pakistan Ədəbiyyat Akademiyasının prezidenti professor Nəcibə Arif, Pakistan İslam Respublikasının Müslim İnstitutunun direktoru doktor Sahibzadə Sultan və Qırğızıstan-Türkiyə Manas Universitetinin alimi videoçarx vasitəsilə professor Bədirxan Əhmədliyə təbriklərini ünvanlayıblar.
Sonda professor Bədirxan Əhmədli çıxış edərək ona göstərilən diqqət və qayğıya görə tədbirin təşkilatçıları və iştirakçılarına təşəkkürünü bildirib.