ELM VƏ TƏHSİL
Professor Məryəm Seyidbəyli Rusiya elmi qurumları ilə əməkdaşlığa həsr olunan onlayn iclasda iştirak edib
Bakı, 2 iyun, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutunun baş direktoru tarix elmləri doktoru, professor Məryəm Seyidbəyli Rusiya Elmlər Akademiyasının Sankt-Peterburq Etologiya və Mühəndislik İnstitutunun, Tümen Dövlət Universitetinin və Elm Tarixi İnstitutunun əməkdaşlıq məsələlərinə həsr olunmuş onlayn iclasında iştirak edib.
Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, professor Məryəm Seyidbəyli tədbir iştirakçılarının diqqətinə Elm Tarixi İnstitutunun təşkilatçılığı ilə oktyabrın 13-15-də keçiriləcək, elmşünaslığa həsr olunan III beynəlxalq elmi konfransın əsas müzakirə mövzularını diqqətə çatdırıb. Qeyd edib ki, ingilis və rus dillərində keçiriləcək və bir çox xarici ölkədən, o cümlədən İsveç, Almaniya, Rusiya, Fransa, Çindən alimlərin iştirakının gözlənildiyi konfransın müzakirə mövzularına əsasən təbiət, insan elmləri və onların antroposen dövründə rolu daxildir. Həmçinin yerli xalqların dəyişən şərtlərə uyğunlaşdırılması üzrə bilik və təcrübələr, şəhər məkanları və lokuslar, ekstrativizm və təbii ehtiyatlardan səmərəli istifadə, terraformasiya və geomühəndislik, qərarların qəbulunda ekspertizanın rolu, beynəlxalq hüquq və ətraf mühitin mühafizəsi mövzularını əhatə edən məruzələr dinləniləcək.