ELM VƏ TƏHSİL
Professor Vaqif Bayramov “Azərbaycanın fəxri” qızıl ordeni ilə təltif edilib

Moskva, 3 mart, AZƏRTAC
“Moy Azerbaydjan” beynəlxalq jurnalının baş redaktoru, Beynəlxalq Elmlər Akademiyasının fəxri akademiki Emil Nəsirli Moskvaya işgüzar səfəri çərçivəsində Moskvada yaşayan və işləyən alim həmvətənimiz, “Moy Azerbaydjan” beynəlxalq jurnalının redaksiya şurasının üzvü, Moskva Dövlət Humanitar-İqtisad Universitetinin (MDHİU) elmi rəhbəri, professor Vaqif Bayramov ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Emil Nəsirli həmin görüşdə professor Vaqif Bayramova “Azərbaycanın fəxri” qızıl ordenini təqdim edərək jurnalın kollektivi adından onu salamlayıb və səmimi arzularını bildirib.
“Moy Azerbaydjan” beynəlxalq jurnalının redaksiya şurası və kollektivi adından Sizə həmin jurnalın təsis etdiyi “Azərbaycanın fəxri” qızıl ordenini təqdim etməyi özümə şərəf sayıram”, - deyən baş redaktor daha sonra əlavə edib ki, professor Vaqif Bayramov elm, təhsil və mədəniyyət sahələrində əlaqələrin möhkəmlənməsində xidmətlərinə görə bu ordenlə təltif olunub.
Baş redaktor deyib ki, Vaqif müəllimin rəhbərlik etdiyi Moskva Dövlət Humanitar-İqtisad Universiteti onun səyləri sayəsində indi aparıcı universitetlər sırasına daxildir. Ali məktəbə rəhbərlik etmək çox məsuliyyətli işdir. MDHİU-nun fərqləndirici xüsusiyyəti ondan ibarətdir ki, burada adi gənclərlə bərabər, fiziki imkanları məhdud olan gənclər də həyata vəsiqə alırlar. Bu, çox nəcib, şərəfli və məsuliyyətli işdir.
Professor Vaqif Bayramov təltif edildiyinə görə jurnalın kollektivinə təşəkkürünü bildirib, onlara səmərəli iş, ölkələrimizin və xalqlarımızın rifahı naminə Azərbaycan-Rusiya münasibətlərinin daha da möhkəmlənməsini arzu edib.
Görüşdə “Moy Azerbaydjan” beynəlxalq jurnalının baş redaktoru Emil Nəsirliyə Moskva Dövlət Humanitar-İqtisad Universiteti ilə əməkdaşlığın inkişafına sanballı töhfəsinə, beynəlxalq münasibətlərin inkişafına şərait yaradan ictimai fəaliyyətdə şəxsi iştirakına və bu sahədə yüksək nailiyyətlərə görə “Moskva Dövlət Humanitar-İqtisad Universitetinin fəxri professoru” adı verilib.
Baş redaktorun müavini Ağamusa Qənbərov “MDHİU.30 il” medalı ilə təltif edilib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva