CƏMİYYƏT
“Psixi sağlamlıq xidmətlərinin münaqişədən sonrakı dövrdə koordinasiyası və transformasiyası” layihəsi yekunlaşıb






Bakı, 26 sentyabr, AZƏRTAC
“Psixi sağlamlıq xidmətlərinin münaqişədən sonrakı dövrdə koordinasiyası və transformasiyası” layihəsinin yekun nəticələrinin təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə layihənin Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı ölkə ofisinin təşkilatçılığı, Aİ-ECHO proqramının maliyyə dəstəyi ilə həyata keçirildiyi bildirilib.
ÜST-nin Azərbaycan nümayəndəsi Hande Harmancı tədbirdə çıxışı zamanı qeyd edib ki, layihənin əsas məqsədi psixi sağlamlıq və psixo-sosial əziyyəti azaltmaq, münaqişənin təsirinə məruz qalan əhalinin rifahını artırmaq və onların psixi sağlamlıq və psixo-sosial dəstək (PSPSD) xidmətlərinə əlçatanlığını yaxşılaşdırmaqdır: "Layihə PSPSD-nin mövcud koordinasiya strukturlarını təkmilləşdirmək və müvafiq hökumət və qeyri-hökumət təşkilatları arasında dayanıqlı şəbəkələşmə və imkan yaratmağı hədəfləyir. Həmçinin layihə münaqişədən sonrakı ehtiyacları ödəmək və uzunmüddətli dayanıqlılıq imkanları təklif etmək üçün nəzərdə tutulub. Layihə keçmiş təmas xəttinə yaxın - Ağdam, Ağcabədi, Bərdə, Füzuli və Tərtər rayonlarını əhatə edir”.
Layihə çərçivəsində əldə olunan nailiyyətlər barədə danışan Hande Harmancı qeyd edib ki, layihədə 20 psixiatr və ilkin səhiyyə həkimindən ibarət mhGAP üzrə milli təlimçi komandası yaradılıb: "Milli təlimçilər üçün mhGAP üzrə beynəlxalq ekspert tərəfindən superviziyalar təşkil olunub. Hədəf rayonlarda 11 təlim və davamlı superviziyalar təşkil olunaraq 170-dən çox ilkin səhiyyə həkiminin psixi sağlamlıqla bağlı bilik və bacarıqları artırılıb. Hədəf rayonlarda psixo-sosial dəstəyin göstərilməsi məqsədi ilə psixoloq və sosial işçilərdən ibarət komandalar yaradılıb.
Hədəf rayonlarda psixi sağlamlıq və psixo-sosial dəstək ilə bağlı 6 maarifləndirmə kampaniyası təşkil olunub və bu kampaniyalar çərçivəsində 5 minə yaxın vətəndaşa xidmət göstərilib".
Tədbirdə layihə komandası Avropa İttifaqının Lənkəranda baş tutan "Avropa şəhərciyi" tədbirində layihəni tanıdaraq psixi sağlamlıq və psixo-sosial dəstək, o cümlədən psixi xəstəliklərlə bağlı stiqma haqqında məlumat verib.
Diqqətə çatdırılıb ki, Ağdam Rayonlararası Ruhi-əsəb Dispanserində psixoloq və sosial işçi üçün ofis quraşdırılıb.
Həmçinin bildirilib ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) həssas əhali qrupları ilə iş üzrə 50-ə yaxın koordinatoru üçün "Psixo-sosial dəstəyin təməl prinsipləri" mövzusunda təlim, daha sonra isə superviziyalar təşkil olunub.
TƏBİB-in digər səhiyyə əməkdaşlarına təlimləri keçmək məqsədilə, 20-ə yaxın psixoloq və həkimləri üçün “Psixi sağlamlıq və psixo-sosial dəstək” mövzusunda təlimçilər üçün kurs keçirilib. Psixi sağlamlıq və psixo-sosial dəstək üzrə müvafiq maraqlı tərəflərin təmsil olunduğu (dövlət və beynəlxalq təşkilatları) Koordinasiya qrupu yaradılıb.