İDMAN
Qadın güləşçilərimiz Yaponiyada keçirilən Dünya Kuboku turnirinin ilk mərhələsində bütün rəqiblərinə uduzmuşlar
Tokio, 26 may (AZƏRTAC). Azərbaycanın güləş üzrə qadınlardan ibarət yığma komandası mayın 26-da Yaponiyanın paytaxtı Tokionun “Yoyoqi” milli stadionunda keçirilən Dünya Kuboku turnirinin ilk mərhələsində bütün rəqiblərinə uduzmuşlar.
Ev sahibi Yaponiya ilə yanaşı, Kanada, Monqolustan, ABŞ, Rusiya, Çin və Ukrayna yığmalarının iştirak etdiyi turnirdə Azərbaycan millisi məşqçilər Aslan Ağayev və Mehman Nəcəfovun rəhbərliyi altında yarışmışlar. Heyətə Anjela Doroqan (48 kq), Nigar Əhmədova (51 kq), Sona Əhmədli (55 kq), İrina Netreba (59 kq), Anna Belyayeva (63 kq), Gözəl Zutova (67 kq) və Natalya Palamarçuk (72 kq) daxil edilmişdir. Bundan əlavə, Yarina Dubovska ehtiyat güləşçi kimi Yaponiyaya gəlmişdir.
AGF hakimlər kollegiyasının sədri, beynəlxalq dərəcəli referi Qərib Əliyev hakim kimi ölkəmizi Dünya Kubokunda təmsil edir.
Mayın 25-də atılmış püşkə əsasən, Azərbaycan komandası Rusiya, Kanada, və Monqolustan yığmaları ilə “B” qrupunda mübarizə aparmışdır. Mayın 26-da keçirilmiş qrup yarışlarında yığmamız əvvəlcə Rusiya, Kanada komandalarına, sonda Monqolustan yığmasına eyni hesabla (5:2) məğlub olaraq qrupda axırıncı yeri tutmuşdur.
Komandamızın zəif çıxışını şərh edən məşqçi Aslan Ağayev AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, qarşıdan London Yay Olimpiya Oyunları gəldiyinə görə, biz əsas hazırlığı o istiqamətə yönəltmişik. Buna görə də Dünya Kuboku turnirinə əsas heyət yox, əsasən ehtiyat heyəti gətirmişik. Düzünü deyim ki, qızlarımız əllərindən gələni edərək yaxşı nəticə göstərməyə çalışmışlar. Amma nəzərə almalıyıq ki, digər yığma komandalar bu yarışlarda ən güclü heyətləri ilə çıxış edirlər.
Mayın 27-də Azərbaycan komandası “A” qrupunda sonuncu olmuş ABŞ yığması ilə 7-ci yer uğrunda mübarizə aparacaqdır.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio