İDMAN
“Qalatasaray”ın qadın futbolçusu: Azərbaycan millisinə qələbə qazandırmaq möhtəşəm hissdir

Bakı, 27 sentyabr, AZƏRTAC
Qrupdakı ilk qələbəmizi qazandığımız üçün sevincliyik. Komanda şəklində yaxşı mübarizə apardıq. Məşqlərdə çox çalışır, getdikcə daha baxımlı oyun sərgiləyirik.
Bu sözləri AZƏRTAC-a açıqlamasında qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının yarımmüdafiəçisi Nazlıcan Parlak UEFA Millətlər Liqasında səfərdə Monteneqro seçməsinə 1:0 hesabı ilə qalib gəldikləri oyunu şərh edərkən deyib.
84-cü dəqiqədə vurduğu qolla yığmaya qələbə qazandıran 30 yaşlı futbolçu bunun möhtəşəm hiss olduğunu söyləyib: “Ümid edirəm ki, qarşıdakı matçlarda da qollarım və məhsuldar ötürmələrimlə komandama fayda verməyə davam edəcəyəm. Qalan oyunlarımızı da qələbə ilə başa vurub qrupdan lider kimi çıxacağımıza inanıram”.
Monteneqro millisinin baş məşqçisi Mirko Mariç Azərbaycan yığmasının sırf nəticə üçün oynadığını və əlinə düşən bir şansdan maksimum yararlanaraq qələbə qazandığını qeyd edib. 54 yaşlı mütəxəssisin fikirlərinə münasibət bildirən N. Parlak onun sözlərinə hörmətlə yanaşdığını vurğulayıb: “Məncə, biz rəqibdən daha üstün oynadıq. Hətta matçın taleyini daha tez həll edə bilərdik. Meydanda yüksək səviyyəli mübarizə getdi. Əsas olan 3 xalı qazanmaq idi ki, bunu da biz bacardıq”.
Qrupdakı digər komandalar – Kipr və Farer adaları yığmalarını da dəyərləndirən təcrübəli yarımmüdafiəçi bildirib ki, onlar üçün rəqibin heç bir fərqi yoxdur: “Əsas rəqibin kimliyi yox, öz oyunumuzdur. Biz sadəcə, meydanda edəcəklərimizə köklənirik. Tam istəklə mübarizə aparsaq, heç bir komanda bizə çətinlik yarada bilməz”.
Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərov Türkiyənin “ABB Fomget” klubuna da başçılıq edir. Superliqada rəqib olduqlarını xatırladan N. Parlak yığmada eyni məqsəd üçün mübarizə apardıqlarını əlavə edib: “Millinin formasını geyindiyim an bayraq uğrunda vuruşuram. Siyasət Əsgərovla rəqib kimi qarşılaşanda isə öz klubumun uğur qazanması üçün oynayıram. Bilirsiniz ki, ötən mövsüm “Fənərbağça”da çıxış edirdim və finalda məhz “ABB Fomget” komandasına uduzduq. Həmin vaxt çempionluq münasibətilə məşqçimi təbrik etdim. İstənilən halda, biz birlikdə Azərbaycan üçün mübarizə aparırıq. Bu səbəbdən Türkiyədə rəqib olmağımızın münasibətlərimizə heç bir təsiri yoxdur.
Qeyd edək ki, C Divizionunda mübarizə aparan Azərbaycan millisi dörd xalla yer aldığı üçüncü qrupa başçılıq edir.