QARA DƏNİZ HÖVZƏSİNİ SÜLH VƏ SABİTLİK ZONASINA ÇEVİRƏK
İyunun 10-da Kişinyovun Respublika sarayında Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QİƏTPA) iştirakçısı olan ölkələrin parlament sədrlərinin 10-cu, yubiley zirvə görüşü açılmışdır.
Moldova Respublikası parlamentinin sədri Yevgeniya Ostapçuk məclisi açaraq, iştirakçıları salamladı və onlara uğurlu iş arzuladı. Xanım Ostapçuk çıxışında xatırlatdı ki, Qara dəniz hövzəsi ölkələrində hələ də közərən münaqişələr, özlərini müstəqil elan edən, əslində isə, dünya birliyi tərəfindən tanınmayan qondarma, separatçı qurumlar var.
Milli Məclis sədrinin birinci müavini, görüşdə Azərbaycan parlamentinin nümayəndə heyətinə başçılıq edən Arif Rəhimzadə çıxışında ölkəmizdə əlverişli sərmayə şəraiti yaradıldığından, neft strategiyasından, iqtisadi yüksəlişdən və digər məsələlərdən danışdı. O, Ermənistanın Azərbaycana qarşı təcavüzünə, ərazilərimizin 20 faizinin işğal olunduğuna, bunun nəticəsində bir milyon vətəndaşımızın öz doğma yurd-yuvasından didərgin salındığına diqqəti xüsusilə cəlb etdi və bildirdi ki, bu, təkcə Azərbaycanda deyil, həm də bütün Qara dəniz regionunda sülhə və sabitliyə təhlükə törədir. Nümayəndə heyətimiz QİƏT ölkələri nümayəndələrinin beynəlxalq terrorizm və təcavüzkar separatizm ilə mübarizəni gücləndirməyin zəruriliyi barədə təklifini dəstəklədi.
Forumda QİƏT PA-nın 10-cu ildönümü münasibətilə bəyannamə imzalandı. Sənəddə yubiley Assambleyasının iştirakçıları inandıqlarını bildirirlər ki, İstanbul zirvə toplantısının bəyannaməsində, Bosfor bəyanatında, QİƏT-in Nizamnaməsində və QİƏT PA-nın reqlamentində ifadə olunmuş ümumi amal və prinsiplərin gerçəkləşdirilməsi üçün milli parlamentlərin səylərini birləşdirmək işində Assambleyanın imkanlarından tamamilə istifadə ediləcəkdir.
Elə həmin gün Moldova Respublikasının Prezidenti Vladimir Voronin milli parlamentlərin nümayəndələrini qəbul etdi.
QİƏT Parlament Assambleyasının işində Azərbaycanın Moldovadakı səfiri Tələt Əliyev də iştirak edir.
İyunun 11-də QİƏTPA işini davam etdirəcəkdir.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kişinyov