İQTİSADİYYAT
“Qara dənizin yaşıl enerji qovşağı və Avropanın enerji təhlükəsizliyi” adlı elmi-praktik seminar keçirilib
Bakı, 30 sentyabr, AZƏRTAC
Avstraliya İttifaqının Kanberra şəhərində yerləşən və ölkənin ən qabaqcıl universitetlərindən olan Avstraliya Milli Universitetində Avropa Araşdırmaları Mərkəzi, Azərbaycan, Gürcüstan və Macarıstan səfirliklərinin birgə təşkilatçılığı ilə “Qara dənizin yaşıl enerji qovşağı və Avropanın enerji təhlükəsizliyi” adlı elmi-praktik seminar keçirilib.
AZƏRTAC xəbər verir ki, ekspertlərin, siyasətçilərin və diplomatların iştirak etdiyi tədbirdə bərpaolunan enerji mənbələrinin inkişafı, Avropanın enerji təhlükəsizliyi və “Yaşıl dəhliz” layihəsi, həmçinin qlobal əhəmiyyətli COP29 beynəlxalq tədbir seminarın əsas müzakirə mövzularından olub.
Tədbirdə Avstraliya Milli Universitetinin professoru Endryu Bleykers dünyada gedən yaşıl transformasiya, Avropa qitəsi və Qafqaz regionu ölkələrinin yaşıl enerji potensialı mövzularında xüsusi təqdimatla çıxış edib. Ekspert Azərbaycanın Xəzər hövzəsində günəş və külək enerjisi, Gürcüstanın isə su elektrik stansiyalarının texniki imkanları haqda auditoriyaya ətraflı məlumat verib.
Daha sonra səfirliyin müvəqqəti işlər vəkili Vaqif Cəfərov, Gürcüstan səfiri Beka Dvali və Macarıstan səfiri Zsolt Csenger-Zalan bərpaolunan enerji sahəsində həyata keçirilən layihələr, yaşıl iqtisadiyyata keçid, perspektivlər, habelə yaşıl enerji dəhlizinin yaradılmasında Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanın mühüm rolu barəsində təqdimatlar ediblər.
Panel müzakirələr zamanı auditoriya tərəfindən verilən suallar əsasında tarixi İpək Yolu üzərində yerləşən Cənubi Qafqaz və Mərkəzi Asiya regionun mövcud yaşıl enerji potensialı və regionda mövcud investisiya imkanları, habelə Xəzər dənizi üzərindən uzanan müasir Yaşıl Enerji Dəhlizi kimi mövzular ətrafında diskussiyalar aparılıb.
Tədbir Avstraliyanın yerli “Vibe Media” xəbər portalında da işıqlandırılıb.